AZ

İspaniyalı fotoqraf: Gün gələcək, Qarabağ mina terrorundan əziyyət çəkməyəcək - MÜSAHİBƏ

Qarabağ bölgəsini işğaldan azad etdikdən sonra Azərbaycan ciddi problemlə - işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə çirklənməsi ilə üzləşdi. Özü də problem o qədər genişmiqyaslıdır ki, minaların təmizlənməsi prosesi tam sürəti ilə aparılsa da, keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması hələ də mümkün deyil. Üstəlik, Vətən Müharibəsinin bitməsindən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, dinc əhali hələ də minaların qurbanı olur.

Məşhur ispaniyalı fotoqraf və jurnalist Xervasio Sançes “Report”a müsahibəsində Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşüb, regionda bərpa prosesinə yönəlmiş böyük səyləri və resursları qeyd edərək bərpa işlərinin sürətləndirilməsi ilə bağlı müşahidələrindən danışıb, həmçinin mina təhlükəsi, onun nəticələriylə işləməklə bağlı şəxsi təcrübəsini bölüşüb, bu problemlə bağlı məlumatlılığın artırılmasının vacibliyini və bu problemin həllində beynəlxalq dəstəyə ehtiyac olduğunu vurğulayıb.

- Zəhmət olmasa, Qarabağa səfərinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz. Ərazilərin minalarla çirklənməsi və bu problemi həll etmək üçün göstəriləcək səylər haqqında nə düşünürsünüz?

- Artıq 30 ilə yaxındır mina qurbanları ilə işləyirəm. Bu, 1995-ci ilin sentyabrında Anqolada başlayıb və o vaxtdan bəri, təqribən 30 ildə dünyanın bir çox ölkəsində olmuş, mina qurbanları ilə görüşmüşəm. 1995-ci ilə qədər hərbi jurnalist olmuşam, Salvador, Nikaraqua, Bosniya və Xorvatiya kimi müharibə şəraitində olan ölkələrdə işləmişəm. Anqola, Əfqanıstan və Kamboca kimi ölkələrdə - dünyada mina qurbanlarının sayının ən çox olduğu üç ölkədə minaların fəsadlarını görəndən sonra Qarabağda belə ağır vəziyyətlə qarşılaşacağımı düşünməzdim.

Mən orada iki həftə qaldım və həm piyada, həm də tank əleyhinə minaların, eləcə də bombardmanlardan və hərbi əməliyyatlardan qalan partlamamış hərbi sursatların sayına görə dəhşətə gəldim. Onlar yerdə, torpağın altındadır, çox vaxt heç görünmürlər də, ona görə də insan həyatı üçün ciddi təhlükə yaradırlar: hər hansı toxunuş partlayışa səbəb ola bilər.

Düşünürəm ki, Qarabağdakı vəziyyət kifayət qədər mürəkkəbdir və bu, Azərbaycan hökumətini regionun bərpası üçün külli miqdarda vəsait və çoxlu səylər sərf etməyə məcbur edir. Başqa sözlə, belə bir hissim var ki, bu regionda vəziyyəti normallaşdırmaq üçün azı daha 10 il lazım olacaq.

- Qarabağda dəqiq haralarda oldunuz və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə nə deyə bilərsiniz?

- Ağdamda, Tərtərdə, Füzulidə, Şuşada, Laçında, Zəngilanda, o cümlədən Ağalı adlı ağıllı kənddə və Qarabağın bir çox başqa kiçik kəndlərində oldum.

Tikinti-bərpa işlərinə gəlincə, deyə bilərəm ki, torpaqlar işğaldan azad olunandan sonrakı bu qısa müddətdə böyük irəliləyiş əldə olunub. Hektarlarla ərazi partlamamış hərbi sursatlardan, minalardan təmizlənib, bərpa işləri isə maraqlı yenidənqurma layihələri ilə aparılır.

Məni xüsusilə Ağalı kəndində istifadə edilən texnologiya heyran etdi. Bu, bərpa işlərinə innovativ yanaşma olduğunu göstərir.

- Azərbaycana gəlməmişdən əvvəl Qarabağ münaqişəsi barədə məlumatınız var idi? Regionumuz haqqında fikirləriniz necə idi?

- Uzun illərdir münaqişə zonalarında işləyirəm. 40 illik karyeram ərzində Amerika, Asiya, Afrika və Avropada 26 silahlı münaqişə bölgəsində olmuşam. 2020-ci ilin sentyabrında İkinci Qarabağ Müharibəsi başlayanda mən bölgəyə səfər etmək imkanını düşündüm. Ancaq bu, COVID-19 pandemiyası zamanı baş verirdi və bunun çətin olacağını bilirdim. Başa düşürdüm ki, hərbi əməliyyatlar şəraitində Qarabağa giriş məhdudlaşdırılacaq, yollar bağlanacaq, ona görə də Bakıda qalmalıyam.

Mən Ermənistan-Azərbaycan münaqişəsindən, 1991-ci ildə baş verənlərdən və 30 ildən sonra Azərbaycanın bütün ərazilərini geri qaytarmasından xəbərdar idim. Düşünürəm ki, indi silahlı insidentlərin yenidən baş verməsinin qarşısını almaq üçün yollar axtarmağın vaxtıdır. Azərbaycanla Ermənistan arasında sülh razılaşmaları əldə edilməlidir.

- Azərbaycan tərəfi Cənubi Qafqaz regionunun rifahı naminə Ermənistanla sülh əldə olunmasına yönəlib.

- Bəli, bu cəhət böyük əhəmiyyət kəsb edir, çünki müharibə yaxşı heç nə gətirmir. Öz təcrübəmdən bilirəm ki, bütün müharibələr yalnız çox sayda itkiyə səbəb olub, heç bir problemi həll etməyib. Münaqişənin həlli yalnız diplomatik dialoq yolu ilə mümkündür. Çətin olduğunu başa düşürəm, amma bu mümkündür. Həmişə deyirəm ki, ən pis sülh müqaviləsi belə müharibədən yaxşıdır.

- Sizcə, çəkdiyiniz fotoşəkillər beynəlxalq ictimaiyyətin Qarabağın minalarla çirklənmə problemi və nəticələri ilə bağlı münasibətinə necə təsir göstərə bilər?

- Hər zaman deyirəm ki, uşaqlar yazmağı öyrənməmişdən əvvəl şəkillər görürlər. Mən tez-tez konfranslarda - həm böyüklərin auditoriyasında, həm də tələbələr və məktəblilər qarşısında çıxış edirəm. Əminəm ki, fotoşəkillər gənclərə təsir göstərə bilər. Fotoşəkillər əla işləyir, çünki onların vasitəsilə müharibənin təsirindən əziyyət çəkən insanların tarixçələrini danışa bilərəm.

- Mina qurbanlarının şəklini çəkirsiniz, bəs dağıntıların necə?

- Əlbəttə, onları da çəkirəm. Məndə post-konflikt zonalarından dağıntılarla əlaqəli çox fotoşəkil var. Amma əsas fəaliyyət istiqamətim mülki itkilərə yönəlib. İdeya budur ki, “həqiqət” müharibənin ilk qurbanıdır.

İki ölkə və ya silahlı qruplaşmalar arasında münaqişə olduqda hərənin öz həqiqət versiyası olur. Hər kəs həqiqətə çatmağa çalışır. Ona görə də müharibənin xaosunda, həqiqətin nə olduğunu müəyyən etmək çətin olanda mən qurbanlara müraciət edirəm. Mənim üçün onlar müharibənin yeganə danılmaz həqiqətini təmsil edirlər. Milliyyətin önəmi yoxdur, onların hamısı qurbandır. Şübhələrim olanda onlar mənim üçün yeganə həqiqətdirlər. Onlara nə qədər yaxın olsam, həqiqətə də bir o qədər yaxınlaşıram. Bu strategiya mənim üçün həmişə yaxşı nəticə verib.

- Ərazilərin minalarla çirklənməsi probleminin həllində və zərərçəkənlərə yardımın göstərilməsində hansı aspektləri vacib hesab edirsiniz?

- Azərbaycan təbii sərvətlərinin zənginliyinə görə kifayət qədər maliyyə resurslarına malikdir. Azərbaycan neft və qazın mövcudluğuna görə kifayət qədər zəngin ölkədir. Bu, sizə başqaları üçün mümkün olmayan qərarlar qəbul etməyə imkan verir. Əfqanıstan və Anqola mina təhlükəsinin öhdəsindən təkbaşına gələ bilmir. Onların bunun üçün kifayət qədər büdcəsi yoxdur. Buna görə də kömək üçün beynəlxalq təşkilatlara müraciət etməli oldular.

Qarabağda bütün iş strukturu Azərbaycanla bağlıdır. Bütün bunlar ona görədir ki, ölkədə hər şey çox yaxşı təşkil olunub.

Bundan əlavə, mina partlayışının qurbanı olduqdan sonra protezlə bağlı problemlə qarşılaşan hər kəs protez almaq imkanına malikdir. Bakıda ortopediya mərkəzində oldum, orada mənə protezləri və onların hazırlanmasını göstərdilər. Bütün avadanlıqlar müasir və səmərəlidir. Nə Anqolada, nə Əfqanıstanda, nə də Kambocada belə bir şey görmüşdüm. Bu onu göstərir ki, istək varsa, uğur qazana bilərsən.

Hökumət həqiqətən də böyük sərmayələr yatırıb. Hesab edirəm ki, bu aspektlərdə Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə xeyli yaxşıdır. Əminəm ki, ərazilərin yenidən qurulması və minalardan təmizlənməsi siyasəti ilə bağlı hər şey başqa yerlərdə olduğundan daha sürətlə baş verəcək.

Gün gələcək, Qarabağda bir il ərzində bir nəfər də olsun mina terrorunun qurbanı olmayacaq, çünki ərazi minalardan tam təmizlənəcək. Əlbəttə, hələ də təmizlənməyən ərazilər var, xüsusən də dağlıq yerlərdə. Bir qayda olaraq, minalar kəndlərdə, şəhər mərkəzlərində və hərbi münaqişə zonalarında yerləşdirilir.

- Bu, Azərbaycana ilk səfərinizdir. Ölkəmizlə bağlı hansı təəssüratlarınız var?

- Azərbaycan həmişə yaxından tanımaq istədiyim ölkə idi. 1991-ci ildə Qarabağda ermənilərlə azərbaycanlılar arasında müharibə başlayanda mən Xorvatiyada (keçmiş Yuqoslaviya dağılandan sonra) müharibə zonasında idim. Bura gəlməyi düşünmüşdüm, amma o vaxt informasiya axını Mərkəzi Asiya və ya Qafqazdan daha çox Avropaya yönəlmişdi. 1992 və ya 1993-cü ildə Azərbaycana səfər etmək istəyirdim, lakin Balkanlardakı müharibə planlarıma mane oldu. Hər zaman Azərbaycanı ziyarət etmək marağında olmuşam.

Qarabağda iki həftə ərzində işləmək asan idi, çox razıyam. Çox sayda qonaqpərvər insanla tanış oldum.

Bakı gözəlliyinə görə Avropanın bir çox şəhərlərini üstələyir. Bunu tam səmimiyyətimlə deyirəm. Sadəcə prospektlər və şəhər küçələri ilə gəzmək dediklərimi başa düşmək üçün kifayətdir. Bakı müasir şəhərdir, lakin eyni zamanda özündə qədimliyi və keçmişin elementlərini birləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
38
report.az

10Mənbələr