AZ

Roman Baqdasaryan: “Erməni kəndlərinin sakinləri delimitasiyadan razı qalıblar” - ŞƏRH

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına qarşı Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz hərəkatı son günlər mitinqdən yürüşlərə və yolların bağlanmasına çevrilib.

“Vətən uğrunda Tavuş” hərəkatı Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasına qarşıdır. Onlar hansı alternativ təklif edirlər? Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edir, bir neçə gün əvvəl Baqrat Qalstanyan bu tələbi yerinə yetirmək üçün Paşinyana bir saat vaxt verib. Sonra daha 15 dəqiqə əlavə edib. Əlbəttə ki, heç nə baş vermədi, amma sonra Qalstanyan parlamentdə impiçmentə nail olmağa çalışacaqlarını bildirdi və orada hakim partiya çoxluq təşkil edir. Yeri gəlmişkən, Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 6-da bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi yalnız 2026-cı ildə keçiriləcək parlament seçkisi ilə baş verə bilər.

Etiraz hərəkatı liderlərinin ümid etdiyi kimi Ermənistanı siyasi təlatümlər, o cümlədən baş nazirin istefası gözləyirmi? Ruhanilər delimitasiya və demarkasiyaya qarşı hərəkata necə rəhbərlik etdilər?

Tanınmış erməni bloger və jurnalist Roman Baqdasaryan Oxu.Az-a açıqlamasında fikirlərini bölüşüb:

- Ruhanilərə gəlincə, aydındır ki, onların rəhbərliyi xarici kəşfiyyat xidmətlərinin təsiri altındadır, bunu Ermənistanda hamı bilir. Eyni zamanda, mitinqlərə diqqətlə baxsanız, görərsiniz ki, bu nümayişlərdə katolikosların ətrafından cəmi beş-altı nəfər var. Qalan din xadimləri (bu, ümumi sayın 98%-ni təşkil edir) bu aksiyalara gəlməyib və heç vaxt da gəlməyəcəklər. Onlar artıq bu hərəkata qoşulmaqdan imtina ediblər.

İndi delimitasiya və demarkasiya haqqında. Aydın məsələdir ki, fitnə-fəsad törədənlər bu prosesin necə getdiyi ilə heç maraqlanmırlar. Sadəcə olaraq hansısa səbəb tapmaq istəyiblər (etiraz aksiyaları üçün - red.). Amma sərhədyanı erməni kəndlərinin sakinlərinin özləri delimitasiyadan razı qalıblar. Kənd sakinləri başa düşürlər ki, Ermənistan-Azərbaycan sərhədi yaşayış məntəqələrindən keçir, ona görə də məsələlər yerindəcə, kompromis yolu ilə həll edilməlidir və bu, hər iki tərəfə aiddir. Yəni kəndlərin özlərində problem yoxdur, amma mövzunu süründürməkdə davam edirlər.

Daha sonra. Ermənistanda kütləvi aksiyalar keçirilmir. Sadəcə olaraq biz informasiya resurslarında və sosial şəbəkələrdə çoxlu sayda  yalanın yayıldığını görürük. Başa düşməliyik ki, bunu bəzi jurnalistlər, daşnaklar və ya vaxtilə Qarabağda yaşamış ermənilər edirlər. Bu hansı kütlədir? Yəni sırf müəyyən bir kütlə - müğənnilərin əhatəsindəkilər, köhnə hakimiyyətin vaxtında aktiv olub, indi işsiz-gücsüz qalanlar, yeni hakimiyyət zamanında necə yaşamağı bacarmayanlar.

Ona görə də mən qlobal problem görmürəm. Əksinə, 20 gündən artıq müddətdə bütün bu “etiraz aksiyası”nın rüsvayçılığının şahidi olduq. Faktiki olaraq mitinqə toplaşanların maksimum sayı (9 may mitinqinin ən böyük olduğu güman edilir - red.) 22-25 min nəfər olub. Hətta Qarabağ ermənilərinin özləri də etirazlara qoşulmaq istəmirlər.

Bir daha qeyd edim ki, siyasi təlatümlər olmayacaq, qanunazid hərəkətlərin qarşısı qanun çərçivəsində (lazım gələrsə, sonra sərt şəkildə) alınacaq.

Heç bir halda baş nazir Nikol Paşinyanın istefasından söhbət gedə bilməz. Xalq baş nazirin arxasındadır. Aksiya təşkilatçılarının məqsədlərinə gəlincə, onlar vəziyyəti sarsıtmaq istəyirlər ki, daşnaklardan, narazılardan və Qarabağdan olan insanlardan istifadə etməklə, ya Nikol Paşinyanı devirmək, ya da onu hədələmək mümkün olsun. Bu, onların ən böyük səhv düşüncəsidir.

Nair Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
3
oxu.az

4Mənbələr