AZ

Qisas yerdə qalmadı...

Qisas

Bakı, 14 may, Süleyman Qaradağlı, AZƏRTAC

Hərbi xidmətin son günləri idi. Üç-dörd gündən sonra xidmət müddətini başa vuran əsgərlərin evə buraxılmasına başlanılacaq və onlar bir il altı aylıq xidmətdən sonra evlərinə dönəcək, növbəti çağırışçı gənclər Vətən qarşısındakı əsgəri borcunu ödəməyə gələcəkdi...

Azər buna həm sevinirdi, həm də təəssüflənirdi. Sevinirdi ki, nümunəvi əsgər kimi Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmişdi, tank atıcısı ixtisasına yiyələnmişdi. Xidmətdə olduğu müddətdə Qaraheybətdə tankçılarının biatlon yarışında iştirak edərək hədəfin ilk saniyədə nişan alınması uğrunda keçirilən yarışlarında birinci yeri tutmuşdu. Həmin yarışda uğurlu iştirak etdiyinə görə fəxri fərmana, qol saatına və pul mükafatına layiq görülmüşdü. Təəssüflənirdi ki, hərbi xidmətə gələnə qədər onunla kənd qəbiristanlığına gedərək göz yaşları axıdan nənəsi Kimyaya “nənə, ağlama, əmimin qısasını ermənilərdən alacağam” deyə verdiyi sözü yerinə yetirə bilməmişdi...

...Hər şey elə həmin günlərdə baş verdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o, artıq cəbhənin ön xəttində idi. İndi fürsət yetişmişdi – həm xidmət müddətində yiyələndiyi hərbi peşəni, sərrast atıcılıq qabiliyyətini tətbiq etmək, uzun illərdən bəri işğal altında olan torpaqlarımızın erməni quldur birləşmələrindən azad edilməsində pay sahibi olmaq üçün, həm də əmisinin qisasını alacağı barədə nənəsinə verdiyi sözü yerinə yetirmək üçün...

İlk döyüş

Azərin ilk döyüşü sentyabrın 30-da Füzuli rayonunun Alıxanlı kəndi uğrunda oldu. Həmin döyüşdə ilk dəfə olaraq başından və gicgahından yaralandı. Yaralanmağına baxmayaraq, nə qədər təkid etsələr də, Azər döyüş meydanını tərk etmədi. Hətta axşam tankları maskalayandan sonra düşmən mövqelərinə olan hücum əməliyyatında iştirak etdi. Uğurlu əməliyyatdan sonra çoxlu qan itirdiyindən onu hospitala göndərdilər. Hospitala çatanda onun huşu özündə olmayıb. İlkin tibbi yardım göstəriləndən və qan köçürüləndən sonra özünə gələn Azərin iki xahişi olub. Tibb işçilərindən xahiş edib ki, onun gözünü yusunlar, heç olmasa 18 aydan bəri üzünü görmədiyi əmisini görsün. İkinci xahişini isə əmisindən edib: “Əmi, evdəkilər mənim burda olduğumu, yaralandığımı bilməsinlər. Çox xahiş edirəm...” demişdi.

İlkin tibbi yardım göstəriləndən sonra Azər səhəri gün dərhal döyüş mövqeyinə qayıdıb.

11 oktyabr, Hacılı kəndi...

Oktyabrın 11-də döyüşün ən ağır vaxtları idi. Cəbrayıl rayonunun Hacılı kəndi ətrafında gərgin döyüşlər gedirdi. T-90 markalı 727 nömrəli tank ətrafda olan hədəfləri məhv edə-edə irəliləyirdi. İrəlidə düşmən tankı düz onun üstünə gəlirdi. Bir an gecikmək ölümə bərabər idi. Azər tankın lüləsini qarşıdakı hədəfə tuşlayıb ləngimədən atış açdı. Tank komandiri leytenant Murad Nağıyev onun sərrast atəşindən razı qaldı. Sağdan düşmən tankı atəş açaraq onların olduğu tankı vurdu. Leytenant elə yerindəcə əbədiyyətə qovuşdu. Tankın atıcısı isə ağır yara almışdı...

Azər Abdullazadə həmin günlərin xatirəsini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyir: “Tank vurulan kimi alovu hiss etdim, gözümə çoxlu qəlpələr dolduğundan heç nə görə bilmirdim. Tank yanırdı, onun içərisindən çölə çıxmaq istədim, ancaq həm ətrafı görə bilmirdim, həm də fikirləşdim ki, məni əsir götürə bilərlər. Birtəhər tankın lyukunu açdım, mexanik–sürücü Elsevər Hümbətli mənim tankdan çölə çıxmağıma kömək etdi. Əynimdəki paltar məni qorusa da, yandığımı hiss edirdim, ağzımdan qan gəlirdi. Elsevər məni bayıra çıxarıb üstümə torpaq tökərək alovu söndürdü. Yalnız qulağım eşidirdi, ətrafda avtomat döyüşləri gedirdi, lakin başqa heç nə hiss etmirdim. Artıq özümdə deyildim...”

Onun gicgahına böyük qəlpə girmişdi, bədənində çoxsaylı qəlpələr var idi, çoxlu qan itirmişdi, dərisi yanmışdı. Sağ gözü tamamilə sıradan çıxmış, sol gözü isə görmə qabiliyyətini itirmişdi. Həkimlərin də arasında onun yaşayacağına ümid edənlər çox az idi.

Həyat işığı uğrunda mübarizə

Onu Füzuli rayonunda Əhmədbəylidəki hospitalda əməliyyat edəndən sonra Silahlı Qüvvələrin Baş Hərbi Hospitalına göndəriblər. Dalbadal bir neçə əməliyyat nəticəsində bədənindəki qəlpələrin bir hissəsini çıxarıblar, dörd dəfə dərisini soyublar. Lakin Azər sağ gözünü itirmişdi, sol gözünün görməsinə isə demək olar ki, ümid yox idi. Həmin günlərdə həkim-oftalmoloq Anar Rəhimov bu ağır əməliyyatı öz üzərinə götürərək onu bir neçə dəfə cərrah masasına çıxarıb. Həkimin çox böyük səyi nəticəsində Azərin sol gözünün işığı zəif də olsa görmə qabiliyyətini saxlayıb.

Əməliyyatdan sonra Azəri ziyarət etməyə ilk olaraq nənəsi Kimya gəlib. Xəstəxanada nənə-bala qol-boyun olub Qarabağın azadlığa qovuşmasının sevincini yaşayıblar. Azər döyüşdə sağ gözünü itirdiyini ona bildirməyib.

Azərin bədəni hələ də aldığı yaralardan tam xilas olmayıb. İndi də onun göz almacığının arxasında bir, başında yeddi, bədənində isə çoxlu qəlpələr var. Yaralarının yüngülləşməsi üçün vaxtaşırı reabilitasiya mərkəzlərində və tibb ocaqlarında müalicə alır.

Abdullazadələr ailəsi

Azərin atası Rizvan Birinci Qarabağ müharibəsində tankçı kimi döyüş əməliyyatlarında iştirak edərək yaralanıb, birinci qrup əlildir. Əmisi Natiq tibb xidməti leytenantı olub, 1993-cü il yanvarın 16-da Ağdərə rayonunda Drambon, Çıldıran uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Digər əmisi Elçin Abdullayev tibbi xidmət polkovnikidir, hazırda xidmət edir. Özündən beş yaş böyük qardaşı Yaqub Suqovuşan, Talış, Murovdağ döyüşlərində iştirak edib, Vətən müharibəsinin 30-cu günü qabırğasından və qolundan yaralanıb. Hazırda hərbi xidmətini davam etdirir.

Azər Abdullazadə iştirak etdiyi Füzuli rayonunun Alıxanlı, Cəbrayıl rayonunun Nüzgar və Hacılı kəndi ətrafındakı döyüşlərdə ermənilərin 1 tankını, 2 Ural, 2 KAMaz maşınını sıradan çıxarıb, 3 atəş nöqtəsini və 55 əsgərini məhv edib. Göstərdiyi bu igidlik nümunəsinə görə ona Prezidentin Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Nənəyə verilən vəd

Azər söhbət açır: “Evimizin arxasından kənddəki qəbiristanlıq görünür. Nənəm həmişə qəbiristanlığa gedərək Birinci Qarabağ müharibəsində şəhid olmuş əmimi xatırlayaraq ağlayırdı. Mən əsgərliyə gedənədək nənəmin qolundan tutub qəbiristanlığa aparırdım. O, Qarabağ müharibəsində şəhid olmuş oğlunun məzarını ziyarət edərək ağlayır və bu yolda həlak olanlar üçün dualar edirdi. Nənəmə deyirdim ki, “Sən darıxma, qoy böyüyüm, əmimin qisasını ermənilərdən alacağam.

İndi həm də onunla təsəlli tapıram ki, əmimin qanı yerdə qalmadı. Çox şükür ki, bu yolda şəhid olan, qurban gedən minlərlə döyüşçünün qisası alındı. Çox şükür ki, Qarabağda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. İndi Vətənimiz bütövdür və xalqımızın qazandığı bu Zəfərdə az-çox mənim də payım olduğuna görə çox sevinirəm”.

Vətən müharibəsinin ən gənc qəhrəmanlarından olan Azər Abdullazədə böyük Qələbədə payı olduğuna, separatçıların izinin kəsildiyinə, ata-baba yurdlarımıza qovuşduğumuza görə qürur hissi keçirir.

Bir də əmisinin qisasını aldığına, nənəsinə verdiyi sözü yerinə yetirdiyinə görə...

Çox sevdiyi Kimya nənə artıq həyatda olmasa da...

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
azertag.az

1Mənbələr