AZ

“Şuşa bizim əyilməz ruhumuzun rəmzidir”

Bir neçə gün əvvəl mayın 10-da Prezident İlham Əliyevin Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Çünki 32 ildən sonra doğma Şuşaya qayıtmış şuşalıların keçirdikləri hissləri heç bir sözlə ifadə etmək mümkün deyil.

Həmin görüşdə dövlət başçımız bildirdi ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Bu gün Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.

Hazırda Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib və burada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib, indi isə daha geniş magistral avtomobil yolu çəkilir. Müharibədən dərhal sonra Şuşanın tarixi abidələrinin bərpasına başlanılıb.

Ölkə başçımız qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Ulu Öndər Heydər Əliyevin doğum günündə onun nəhəng xidmətlərini bir daha xatırladan dövlət başçımız qeyd etdi ki, Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu gün Qazağın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir. Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi.
Dövlət başçımız Şuşadan onu da bəyan etdi ki, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.

Ermənistanda baş qaldıran revanşistlərə də mesaj verən Prezident İlham Əliyev bildirdi ki, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin.

Cənab Prezident çıxışının sonunda onu da vurğuladı ki, biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Millət vəkili Jalə Əhmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
baku.news

2Mənbələr