AZ

1-ci sinfə qəbulda prioritetlər üzrə iki mindən çox sorğu emal edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində müəyyən zaman müddətində prioritet (üstünlük hüququ) tətbiq olunan məktəblərə yerləşdirilən 2 min 175 sorğu emal edilib.

İdarədən Moderator.az-a bildirilib ki, həmin sorğulardan 1 381-i müvafiq üstünlük hüququna (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə qeydiyyatı olması, bacı-qardaşın həmin məktəbdə hazırda təhsil alması, valideynlərindən birinin həmin məktəbdə çalışması) əsasən təsdiq edilib. Hazırda valideynlər tərəfindən yerləşdirilmiş 487 sorğu isə emal mərhələsindədir.

Qeyd edək ki, valideyn tərəfindən sıxlıq müşahidə olunan məktəblərə müvafiq üstünlük hüququna əsasən sorğu yerləşdirilir. Sorğular yerləşdirildiyi gündən 5 iş günü müddətində emal edilərək cavablandırılır. Valideyn tərəfindən qeyd edilmiş müvafiq üstünlük hüququ uyğun gələn uşaqların sorğuları təsdiqlənir, müvafiq səbəblərə görə sorğulara imtina verildikdə isə sistemdə vakant şagird yerləri yaranır. Bunları nəzərə alaraq, üstünlük hüququ olan, lakin müvafiq səbəblərdən sorğu yerləşdirə bilməyən valideynlərə müntəzəm olaraq sistemi izləməsi tövsiyə edilir.

Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. Birinci sinfə elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
9
moderator.az

10Mənbələr