AZ

“Hikmət Sabirabadlı, Rövşən Lənkəranski var, mən də...” – Sabiq deputat danışdı

Hədə-qorxu yolu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Nazim Bəydəmirlinin vəkili Aqil Layıc onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil vəsatətini əsaslandırarkən bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə 1996-cı ildə Rusiyada hədə-qorxu ilə pul tələbi ittihamı verilib. Halbuki, 1997-ci ilə qədər Rusiyanın cinayət qanunvericiliyində ümumiyyətlə, belə bir maddə mövcud olmayıb: “Hələ əmələ görə məsuliyyətə cəlbetmə müddətinin çoxdan keçməsindən danışmıram. Belə bir maddə o zaman mövcud olmadığı halda, adama necə ittiham verilə bilər? İkinci ittiham epizodunda iddia edilir ki, Nazim Bəydəmirli intim videolarla şantaj edərək, pul istəyib. Hansı intim videolardan söhbət gedir? Bununla bağlı sübut hardadır? Hüquqlarını müdafiə etdiyim şəxsin həbsdə qalması üçün zərurət yoxdur. Alim adamdır, yaşayış yeri məlumdur, ailəsi, övladları var”.

Nazim Bəydəmirli özü də vəkilinin dediklərini müdafiə edib. O bildirib ki, məhkəmədən yayınmaq niyyəti yoxdur. Əksinə, gerçəklərin üzə çıxmasında, haqq-ədalətin bərpasında maraqlıdır. Sabiq deputat səhhətində problemlər olduğunu da vurğulayıb: “Ailəmin narahat olmaması üçün bir çox məsələləri dilə gətirmirəm. Amma getdikcə vəziyyət mürəkkəbləşir”.

Hakimlər ev dustaqlığıyla bağlı vəsatəti təmin etməyib.

Daha sonra prokuror Eldar Məmmədov ittiham aktını elan edib. İttihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesiylə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib.

Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə də 70 min dollar pul tələb edib. Son nəticədə Mürsəl İbrahimov həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib.

İttihama görə, Nazim Bəydəmirli az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.

Nazim Bəydəmirliyə verilən ikinci ittiham isə özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlıdır. İttihama görə, sabiq deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.

Prokurorun elan etdiyi bu ittihamlara münasibət bildirən Nazim Bəydəmirli onları qəbul etməyib, şər-böhtan adlandırıb: “2005-ci ildə deputat seçiləndə məni tam araşdırıblar. Əgər 1996-cı ildə mənim belə bir hərəkətim olsaydı, əlbəttə ki, bilərdilər. Sadəcə, mənim həbs olunmağımı fürsət bildilər. Həbsimdən sonra bunu tapıb, əleyhimə istifadə eləyiblər. Kimisə kriminal aləmlə, ailəsilə hədələmək ümumiyyətlə, mənlik deyil. Hikmət Sabirabadlı vardı, Rövşən Lənkəranski vardı, nədir, mən də Nazim Gədəbəyskiyəm?”.

“Avto-Qarant”ın rəhbərilə bağlı ittihama gəlincə, Nazim Bəydəmirli bildirib ki, şirkətin səhmlərinin 30 faizini hərracda satın almayıb. Pay sahibi olmasına baxmayaraq, Ədalət Bağırov onu şirkətə yaxın buraxmayıb.

İllərlə sahib olduğu əmlakdan, onun gəlirlərindən istifadə edə bilmədiyini vurğulayan Nazim Bəydəmirlinin sözlərinə görə, nəinki o, hətta Ədalət Bağırovun yaxın qohumları – qardaşı, anası, əmisi oğlu da onun hərəkətlərindən şikayətçi olub: “Gördüm ki, bu adam payçı olaraq, əmlakımdan istifadəyə imkan vermir. Qardaşının, əmisi oğlunun onunla problemləri yaranıb. Hətta əmisi oğlunu tutdurub. Ona görə 2013-cü ildə əmlakın bölünməsini istədim. Alınmadı. 2014-cü ildə qardaşı əmlakın satışıyla bağlı mənə müraciət elədi. Anası, qardaşı ondan şikayətçi olub. Qardaşı “bandotdel”ə şikayət eləmişdi. Bu adamla mübahisələr pandemiya dövrünə qədər davam elədi. Mən də müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər göndərmişdim”.

Sabiq deputat qeyd edib ki, tutulduğu gün - 2023-cü il iyulun 4-də Ədalət Bağırova qarşı şikayətinin nəticəsilə maraqlanmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlib. Amma onun özünü saxlayıb, 3 saat sonra ittiham elan ediblər. Ertəsi gün də məhkəməyə aparıb, haqqında həbs qərarı çıxarıblar.

Sabiq deputatın sözlərinə görə, həbsdə olduğu müddətdə ona və ailə üzvlərinə dəfələrlə vədlər verilib. Deyilib ki, onun həbsilə bağlı anlaşılmazlıq qısa müddətdə aradan qaldırılacaq, sakit dayansınlar, bir çox məsələləri ictimailəşdirməsinlər: “Sonuncu dəfə mənə dedilər ki, Rusiya epizoduna xitam veriləcək. Amma bayramdan sonra ittiham aktını mənə göndərəndə gördüm ki, bu da yalan oldu. Mən anlayıram ki, məni nə vaxt buraxmağı lazım bilsələr, onda da buraxacaqlar. Məhkəməlik bir şey yoxdur. Mən özümü “ekologiya məhbusu” hesab edirəm. Qarşıdan da ekologiya ilə bağlı beynəlxalq forum gəlir, “COP29” Azərbaycanda keçiriləcək. Belə bir vaxtda ölkədə “ekologiya məhbusu” olması nə dövlətə, nə hüquq-mühafizə orqanlarına başucalığı gətirir. İnsanların şəxsiyyətinə baxmaq lazımdır”.

Nazim Bəydəmirli ifadəsinin sonunda əlavə edib ki, ona qarşı baş verənlərlə bağlı Avropa Məhkəməsinə və başqa beynəlxalq təşkilatlara şikayət etməyib. Düşünüb ki, bu yanlışlıq tezliklə aradan qaldırılacaq: “Ən azı, məhkəməyə gələndə həbsin alternativ qətimkan tədbirilə əvəzlənəcəyinə ümidim vardı. Etmədiniz. Mənə çamur atılaraq, həbsimə nail olunub”.

Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə - təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham verilib.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
4
teleqraf.com

10Mənbələr