AZ

Təhsil eksperti və psixoloq naziri dəstəklədi

Ailəsi ilə birlikdə süfrə arxasında oturub yemək yeyən uşaqların akademik uğurlarında yüksəliş müşahidə olunur
 
 
 Azərbaycanda təhsilin yaxşı olub-olmadığını anlamaq üçün müqayisə aparmaq lazımdır. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev PİSA üzrə II ISESCO Nazirlər Konfransının açılış mərasimində çıxışı zamanı deyib.
 Nazir qeyd edib ki, cəmiyyətin təhsilin keyfiyyəti barədə düşünməsi əsas məsələlərdən biridir.“Qarşımızda mürəkkəb vəzifələr durur. Biz təhsili necə daha yaxşı yerə gətirə bilərik? PİSA (Tələbələrin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) nəticələri bizim üçün əsas hədəf və elementlərdir. Biz başa düşürük ki, uşaqların ailə ilə söhbətləri də onların riyaziyyat göstəricilərinə təsir göstərir. Lakin bizim tək problemimiz uşaqların günorta və ya axşam valideynləri ilə söhbət deyil. Bu, sadəcə bir misaldır. Kiçik görünə bilər, amma bütün bu kiçik elementlərdən istifadə etsək, təhsildə yaxşı yerlərə gəlib çata bilərik”,- deyə nazir bildirib.

 Təhsil eksperti Kamran Əsədov da nazirin dediklərini təsdiqləyib: 
“Həqiqətən də, çoxsaylı araşdırmalar ailəvi söhbətlərin, bir masa arxasında yemək yeməyin uşaqlar üçün çox faydaları olduğunu göstərir. Birlikdə edilən söhbətər ailə üzvlərinin bir-birilə daha çox vaxt keçirməsinə imkan verir və ailə üzvləri arasında daha güclü bir əlaqə yaradır.
 Uşaqlar ailənin sosial təmasını hiss edərək özünü dəyərləndirə bilir və müsbət davranışlara yönəlirlər.  Bununla birlikdə, ailə üzvləri arasında ətraflı söhbətlərin aparılması uşaqların dil və söhbət bacarıqlarının inkişafına dəstək ola bilir. Aparılan tədqiqatlar əsasında deyə bilərəm ki, mütəmadi olaraq ailəsi ilə süfrə arxasında oturub böyüyən uşaqların dəyər və normaları başqalarından fərqli olur. Buna görə də bir çox tədqiqatlar ailə üzvlərinin bir araya gəlməsinin uşaqların psixoloji və sosial inkişafını təmin etməsinə müsbət təsir etdiyi üçün valideynlərə övladları ilə bir arada  çox vaxt keçirməyi  məsləhət görür.

 Psixoloq Elnur Rüstəmov da “Sherg.az”a açıqlamasında deyib ki, ailə ilə birlikdə edilən söhbətlərin uşaqlara psixoloji, akademik, sosial və sağlamlıq cəhətdən faydası var: 

“Ana, ata və digər  ailə üzvləriylə birlikdə söhbət edərək gözəl vaxt keçirmək uşaqlarda aqressivlik, depressiya kimi xoşagəlməyən davranış pozulmalarının qarşısını alır, ailə bağları güclənir. Yeməyini  ailələri ilə birlikdə yeyən uşaqlar gələcəkdə zərəli vərdişlərdən uzaq olur, depressiv risklərə daha az məruz qalırlar.
 Bundan başqa, ailəsiylə birlikdə  çox vaxt keçirən, söhbət edib, birlikdə yemək yeyən uşaqların akademik uğurlarında yüksəliş müşahidə edilib. Belə ki, böyükləriylə çox vaxt keçirən uşaqlar dərslərinə motivasiya olaraq oxumağa daha çox əhəmiyyət verirlər. Onlar həm də daha yüksək bal toplayırlar və özlərinə daha çox güvənirlər. Hesab edirəm ki, təhsil nazirinin bu məsələyə toxunmaqda məqsədi ailə dəyərlərinin əhəmiyyətinə diqqət çəkməkdir. Ailə söhbətləri  valideyn-övlad münasibətlərinin düzgün formalaşmasına zəmin yaradır. Azərbaycanda milyon yarım təhsilalan var və hər bir uşaq fərqli ailələrdən gəlir. Onların arasında problemli, konfliktli ailələrdə böyüyən, boşanmış ailədən gələn uşaqlar var. Əksər halda ailədəki gərginlik uşaqların psixologiyasına mənfi təsir edir.  Nəticədə onun yaşadığı gərginlik, keçirdiyi stress dərsləri mənimsəməsinə mənfi təsir göstərir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
sherg.az

1Mənbələr