AZ

Şuşa əyilməz iradənin rəmzidir - ŞƏRH

Uzun illərin həsrətinin ardından şuşalılar öz doğma yurdlarına qovuşdu. Şuşa düşmən üzərində qələbəmizin simvolu kimi qəbul edilməklə yanaşı, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. Elə eyni ildə şuşalıların öz yurdlarına köçü başladı. Bu köç Böyük Qayıdışın bir halqası kimi böyük sevinc, qürur, eyni zamanda hüzn hissi aşılayır. Şuşa əyilməz iradənin rəmzidir. Çünki Şuşasız Qarabağ, Qarabağsız Şuşa ola bilməz. Vətən müharibəsində Şuşanın xüsusi həssaslıqla geri alınması Azərbaycan xalqı üçün Şuşanın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Daşı-torpağı tarix qoxan, Azərbaycanın mədəniyyət incisi olan bu şəhər bütöv bir xalqın əyilməzliyinin, inadının, dirənişinin də simvoludur. Azərbaycan əsgərinin xüsusi həssaslıqla azad etdiyi Şuşa şəhəri tarixi qələbəmizin ümumiləşmiş qələbə məfkurəsinə çevrildi. Bunu yalnız bu diyarın əsl sahibləri edə bilərdi. Ali Baş Komandan İlham Əliyevin şuşalılarla görüşdə dediyi kimi: “Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşü tarixi hadisədir. Bu qayıdış postmüharibə dövründə Şuşanın tarixində yeni mərhələnin əsasını qoyur. İlk mərhələdə Şuşada çox genişmiqyaslı quruculuq işləri aparıldı: Şuşaya Zəfər yolu çəkildi, şəhərin tarixi abidələri, dini-memarlıq abidələri bərpa edildi, mehmanxanalar, iaşə obyektləri tikildi. Şuşanın dirçəldilməsi geniş, müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun aparılır. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb edildi. Təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün – çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar üçün yüksək yaşam standartları yaradılır. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur.

Şuşaya ilk köçün 10 may tarixində baş tutması təsadüfi deyil. Ulu Öndər Heydər Əliyevin doğum günündə şuşalıların öz yurdlarına qayıtması bu dahi şəxsiyyətin arzularının təntənəsidir. Müstəqil Azərbaycan Rspublikasının memarı Heydər Əliyevin cahanşümül fəaliyyətinin, siyasi kursunun davam etdirilməsinin, əzmkarlıq timsalı olan Prezident İlham Əliyevin möhkəm iradəsinin, Azərbaycan xalqının “Dəmir yumruğ”unun nəticəsidir ki, Qafqazın nüfuzlu dövlətinə çevrilmiş dövlətimiz tarixinin ən qüdrətli dövrünü yaşayır.

Leyla Hüseynova

YAP Yasamal rayonAMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
sesqazeti.az

1Mənbələr