AZ

Füzulidə üç su anbarı bərpa edilib: Altı min hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək - FOTO

Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş üç su anbarı azad edilmiş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində müvafiq təmir-bərpa işləri həyata keçirilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Atakişi Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib.

“Layihəyə torpaq bəndin yuxarı byefində (byef (çayın, kanalın, digər su hövzəsinin hidrotexniki qurğulara (bəndlərə, şlüzlərə və s.) ən yaxın hissəsi - red.) dağıdılmış bermanın və bütün bənd boyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni altı metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpası, birmərtəbəli gözətçi evinin və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi və su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi daxildir”, - deyə A.Babayev qeyd edib.

O əlavə edib ki, 1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metrdir. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Layihələndirmənin məqsədi bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır:

“Daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmi-beton üzlüyü yenidən qurulub. Həmçinin birmərtəbəli gözətçi evi və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi, su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib. Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın, mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək”.

A.Babayev vurğulayıb ki, su anbarı Füzuli rayonu ərazisində 6300 hektar əkin sahələrinin suvarılma suyu ilə təminatına xidmət edəcək. Texniki-iqtisadi əsaslandırma aparıldıqdan sonra 5080 hektarı azad olunmuş ərazilərdə əkin sahələrinin suvarılması üçün istifadə olunacaq:

“Hazırda su anbarı Alxanlı, Kürdmahmudlu, Mahmudlu kəndlərində 1200 hektardan çox ərazidə Aşağı Köndələnçay su anbarından buraxılan su vasitəsilə suvarma işləri həyata keçirilir. İşğal dövründə su anbarları bərbad vəziyyətdə idi. Belə ki, onlar istifadəsiz halda idi. Anbarlar qış aylarında-yəni istifadəyə yararsız vaxtlarda su aşağı tərəflərə buraxılır, ancaq yay mövsümündə suya ehtiyac çox olan vaxtlarda anbarın suyu bağlı vəziyyətdə olurdu. Ona görə sözügedən kəndlərin camaatı susuzluqdan əziyyət çəkirdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
32
oxu.az

10Mənbələr