AZ

Alverçilər qiyməti diqtə edəcək: Bahalaşma olacaq

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq.

Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. 

Avtosfer.az xəbər verir ki, layihə iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmalıdır. 

Yeni təkliflərin maşın bazarında bahalaşma yaradacağına dair narahatlıqlar var.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, köhnə nəqliyyat vasitələrinin istismarının məhdudlaşdırılması ətraf mühitin qorunması, yol hərəkəti təhlükəsizliyinin səviyyəsini daha da artırmaq üçün önəmlidir:

"Ancaq burada elə yanaşma nümayiş etdirmək lazımdır ki, dövlət və vətəndaş razı qalsın. Böyük əksəriyyət köhnə avtomobillərdən istifadə edir, çünki avromobil bazarında qiymətlər çox bahadır. Buna görə də ikinci əl avtomobillərə maraq çoxdur. 

Yeni avtomobillər əlçatan deyil, yalnız Çin, bəzi hallarda isə Yaponiya və Koreya istehsalı olan avtomobillərə bir az əlçatanlıq var. Bu baxımdan, insanlar daha rahat və komfort avtomobil axtarışında ikinci əl avtomobillərə üstünlük verirlər”. 

Ekspert bildirib ki, ikinci əl avtomobillərin hamısının istismarı məhdudlaşmır: 

“Sadəcə şərt qoyulur ki, hansı avtomobilin texniki vəziyyəti yaxşı deyilsə, istismarına məhdudiyyət qoyulsun. Bu da texniki parametrlərlə bağlı olan məsələdir, konkret istehsal ilinə görə məhdudiyyət qoymaq mümkün deyil. Məsələn, 2020-cil istehsalı maşın var ki, 3 dəfə qəzaya düşüb, artıq bərbad vəziyyətdədir, amma 1990-cı ilin istehsalı olan maşın isə saz vəziyyətdədir". 

O qeyd edib ki, bu qərarla bağlı maşın bazarında bahalaşma ola bilər:

"Çünki köhnə avtomobillər dövriyyədən yığışdırıldıqdan sonra tələbat artacaq, tələbat artdıqca isə alverçilər öz qiymətlərini diqtə edəcək, qiyməti süni şəkildə artıracaqlar". 

(cebhe.info)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
avtosfer.az

2Mənbələr