AZ

Rusiya Azərbaycanla hesablaşmalı olacaq

Rusiya Yaxın Şərqdə və Cənubi Asiyada geosiyasi və geoiqtisadi mövqeyini möhkəmləndirmək üçün türk dövlətləri ilə əməkdaşlığı daha da dərinləşdirəcək.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Dövlət Dumasının plenar iclasında çıxışı zamanı Rusiyanın cənuba doğru yeganə yolunun Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçdiyini bildirib. Overçuk bəyan edib ki, Moskva bu istiqamətdə region ölkələri ilə fəaliyyətini intensivləşdirmək niyyətindədir. 

“Əgər bu gün gələcəyin iqtisadiyyatının özəyinin formalaşdığı Cənuba getmək istəyiriksə, o zaman Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan olan həmkarlarımızla işləməliyik”. 

Onun sözlərinə görə, yeni iqtisadi reallıq MDB ölkələrinin inkişafı üçün yeni imkanlar yaradır. Rusiya hökuməti bu istiqamətdə əməkdaşlıq potensialını dəstəkləyəcək və inkişaf etdirəcək. Bu baxımdan, belə hesab etmək olar ki, Rusiya Azərbaycan üzərindən Yaxın Şərqə, xüsusilə İran və Türkiyəyə çıxış əldə etmək üçün Azərbaycanla hesablaşmalıdır. 

Yalnız Azərbaycan, Türkiyə və digər türk dövlətləri Rusiyanın Asiyanın Cənub-Qərb və cənub ərazilərinə çıxış əldə etməsində yardımçı ola bilər. 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Rusiya Azərbaycanı və digər türk dövlətlərini özünün xilaskarı kimi görür: 

“İndi yalnız Rusiya deyil, həmçinin Cənubu Qafqazda maraqları olan digər güc mərkəzləri, ən əsası da ABŞ və Avropa İttifaqı da Azərbaycanla hesablaşmalıdır. 

Azərbaycan Rusiya üçün geostrateji baxımından olduqca əhəmiyyətli ölkədir. Belə ki, beynəlxalq sanksiyalara məruz qalan və bütün dünyadan təcrid olan Rusiya Azərbaycana və digər türk dövlətlərinə ehtiyacı yaranıb. Ona görə ki, türk dövlətlərinin yerləşdiyi coğrafiya, xüsusilə Azərbaycan Rusiya üçün dünyaya olan pəncərədir. 

Bildiyimiz kimi, Rusiya və İranı bir-birilə birləşdirən iqtisadi-ticari nəqliyyat kommunikasiyası məhz Azərbaycanın üzərindən keçir. Rusiyadan İrana və İrandan Rusiyaya logistik yüklərin daşınması artıq mütəmadi hala çevrilib. Eyni zamanda, Rusiya Azərbaycan üzərindən Yaxın Şərqə və Aralıq dənizinə çıxış imkanları əldə etmək istəyir.

Demək olar ki, Moskva bu məsələ ilə bağlı planlarını qurur”. 

Ekspert önəmli məqamı da nəzərə çatdırıb: 

“Çin, Mərkəzi Asiya və Avropanı birləşdirən Beyəlxalq Trans-Xəzər Nəqliyyat Dəlizi məhz Azərbaycanın ərazisindən keçir. Bu marşrut xətti artıq reallaşıb və bu xətt ətrafında yeni layihələrin həyata keçirilməsi gözlənilir. Bu da Rusiyanın baxışında Azərbaycanın əhəmiyyətini artırıb". 

Ona görə də hesab edirəm ki, yaxın gələcəkdə Rusiya Azərbaycanla diplomatik-siyasi və iqtisadi-ticari münasibətləri daha da inkişaf etdirəcək. 

Politoloqun sözlərinə görə, Azərbaycan Rusiyanın Türk Dövlətləri Təşkilatında maraqlarının təminatçısı ola bilər:

“Kremldə anlayırlar ki, Rusiyanın Cənuba doğru çıxıç yolları yalnız türk ölkələri ilə normal əməkdaşlıq nəticəsində mümkündür. Buna görə də Rusiya Azərbaycanın geosiyasi maraqlarını nəzərə almaq məcburiyyətində olacaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
cebheinfo.az

1Mənbələr