AZ

Səbuhi Abdullazadə: “Hər şey öz əlimizdədir”

“Sumqayıt” klubunun yarımmüdafiəçisi Səbuhi Abdullazadənin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 34-cü turunda “Səbail” üzərində vacib qələbə (2:1) qazandınız və “Zirə”nin xal itkisindən faydalanaraq ikinci yerə yüksəldiniz. Oyunla və ikinci yerə qalxmağınızla bağlı nə deyə bilərsiniz?

– Oyunda əsas olan qələbə idi ki, onu da əldə etdik. 3 xal qazanaraq vacib olanı bacardıq. İndi isə hər şey öz əlimizdədir. Qarşıda bizi daha 2 oyun gözləyir. Mövqeyimizi qorumağa çalışacağıq.

– Bu mövsüm “Səbail”lə keçirdiyiniz 4 oyunun hamısında qələbə qazanan tərəf oldunuz. Bunu nə ilə izah edərdiniz? “Səbail”ə xal verməməyinizin sirri nədədir?

– Sirri yoxdur. Sadəcə, öz oyunumuzu göstərə bildik. Şükürlər olsun, “Səbail” ilə 4 görüşün hamısında qələbə qazandıq.

– “Səbail”lə oyundan əvvəl sumqayıtlı məşhurlar, hətta komandanızın legionerləri tərəfindən azarkeşlərə stadiona gəlib dəstək olmaları üçün çağırışlar edildi. Ancaq nədənsə yerli oyunçuları çağırış edənlərin sırasında görmədik. Klubdan sizə dəvət gəlmədi, yoxsa özünüz çağırışda iştirak etmək istəmədiniz?

– Şəhərimizin adlı-sanlı idmançıları azarkeşlərimizi stadiona dəvət etdilər. Sağ olsunlar, onlar da bu dəvəti boş qoymadılar, gəlib dəstək oldular. Buna görə onlara təşəkkür edirəm. Çağırışda iştirak etməməyimizin səbəbinə gəldikdə isə düşündük ki, legionerlərimizin Azərbaycan dilində çağırışı daha maraqlı olar. Bu mövsüm doğma meydanda son 1 oyunumuz qalıb. Çox istərdik ki, həmin matçda azarkeşlərimiz tribunaları tam doldursunlar. Bir daha “Səbail” ilə oyunda göstərdikləri dəstəyə görə onlara minnətdaram.

– Növbəti oyununuz “Sabah”a qarşı olacaq. Hazırda rəqibi 2 xal qabaqlayırsınız. Qələbə qazanaraq ikinci pillədəki mövqeyinizi qoruya biləcəksiniz?

– Öz oyunumuzu göstərməyə çalışacağıq. Meydana qələbə üçün çıxacağıq. İnşallah, bunun öhdəsindən gələrik.

– Necə düşünürsünüz, avrokuboklara vəsiqəni bu tur təmin edə biləcəksiniz, yoxsa bunu son turda “Qəbələ” ilə oyunda reallaşdırmaq ehtimalınız daha çoxdur?

– Turnir cədvəlində vəziyyət çox gərgindir. Ümidvaram ki, hər şey istədiyimiz kimi olar. “Sabah” və ya “Qəbələ” ilə matç fərq etmir, əsas olan nəticədir. Hər iki oyunda qələbə üçün var gücümüzü ortaya qoyacağıq.

– Başa çatmaq üzrə olan mövsümü fərdi mənada özünüz üçün necə dəyərləndirirsiniz? Çıxışınızdan tam razı qaldınız?

– Xeyr, tam razı qalmadım. Düşünürəm ki, daha artığını edə bilərdim. Gündən-günə özümü inkişaf etdirməyə çalışıram. Məncə, çıxışımdan razı qalsam, bu, futbolçu kimi böyüməyimə heç də kömək etməyəcək.

AĞA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
futbolinfo.az

1Mənbələr