AZ

M.Ə.Rəsulzadə Hacı Zeynalabdin Tağıyev haqqında... - Nəsiman Yaqublunun araşdırması

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu olan Məhəmməd Əmin Rəsulzadə zəngin bir siyasi, ideoloji, tarixi və mətbu irsi qoyub getmişdir.O irsə sahib olmadan, o irsi mənimsədən Azərbaycan dövlətçiliyi və tarixi haqqında obyektiv fikir yürütmək qeyri mümkündür.M.Ə.Rəsulzadənin 10 cildliyini nəşrə hazırlayıram.Onun hər məqaləsi bir tarixdir, bir dərin bilgi mənbəyidir.Bu tarixin çox əhəmiyyətli məqamlarını yaradan elə M.Ə.Rəsulzadənin özüdür.Onun hər yazısında Azərbaycana sonsuz sevgi var, Azərbaycanın tanınmış şəxsiyyətlərini yüksək dəyərləndirmə var.Bunu nəzərə alıb M.Ə.Rəsulzadənin 1924-cü ilin 19 oktyabrında “Yeni Qafqasiya” jurnalında çap olunmuş “Hacı Zeynalabdin” məqaləsini oxuculara təqdim edirəm.
 
HACI  ZEYNALABDİN
 
Müəssif xəbəri irtihalini keçən sayımızda dərc eylədiyimiz Hacı Zeynalabdin Tağıyev Azərbaycanın ən məruf(məşhur) simalarından idi. 
 
Hacı cahanca məruf bir milyoner idi: Bakı milyonerləri meyanında ən məşhur bir isim daşıyan bu adam ölürkən artıq milyoner deyildi. Azərbaycanı istila edən Rusiya bolşevikləri hər kəs kimi onu da soymuş, soğana döndərmişlərdi. O, son günlərini Avropanın hər hansı möhtəşəm qonaqlarına meydan oxuyacaq dərəcədə mükəlləf və müzəyyən(bəzəkli) olan “sarayında” deyil, pək ucuz bir fıyatla(qiymətlə) kiraladığı müvəqqər bir odada keçirmişdir. Əvət, bolşeviklər onun bütün varını almışdılar, qazandıqlarından kəndisinə bir şey buraxmamışdılar. Fəqət onun, bolşeviklər də daxil olduğu halda, kimsə tərəfindən zəbt olunamayacaq qazancları vardı. Bu qazanclardır ki, bizi onunla məşğul edir. Yoxsa onun bir milyoner oluşu bizi pək o qədər də əlaqədar etməz. Məcmuəmizin təsis tarixindən bəri ölən azərbaycanlı milyoner  fəqət Tağıyev deyildir.
 
Hacı yalnız maddətən deyil, mənən də milyoner idi. O, heyrət və həssənatı(gözəl işlər) ilə məruf bir sima idi. Azərbaycan tərəqqi və irfan tarixində Hacının tutduğu mövqe bülənt, bu xüsusda göstərdiyi fədakarlıqlarla mütənasibdir. O, millətin tərəqqi və təailisinə pək çox yardım etmişdir, pək çox yararlıqlar göstərmişdir. Müvərrix, Azərbaycan tərəqqiyyatını tədqiq edərkən, burjuaziya dövrünün şəxsi amillərini ararkən, Tağıyev ismi üzərində istər istəməz, duracaq və yazacağı hər hansı fəsildə bu şəxsdən bəhs etmək lüzumunu hiss edəcəkdir. O görəcək ki, bu şəxs sadə əmələlikdən yetişərək cəmiyyətin ən yüksək zirvəsinə çıxmış, sərvəti ilə məşhur olduğu kimi heyrət və həsənatı ilə də əfkarı- əmmadə büyük bir hörmət və mövqe əxz etmişdir. Əvət, ümmi və əvamı sırf olduğu halda, Hacı Zeynalabdin kəndisi ilə məşğul olmaya dəyər pək mühüm və maraqlı bir “tip”dir.
 
Azərbaycan hərəkatı ictimaiyyəsi əsri məktəblərə davam etmək surətiylə başlamışdır. Bu məbhası tədqiq edən zat, biz-zərurə Hacı ismi üstündə duracaq və onun hesabına təhsili elm edən yüzlərlə tələbəyə təsadüf edəcəkdir. Hacı yalnız müxtəlif darülfünunlarda və edadi məktəblərdə təhsil etmək istəyən tələbələrə yardımla iktifa etməyib, kəndisi bizzat(özü) məktəblər təsis eyləmiş və müxtəlif məktəblərin hamisi olmaq sifətilə maarifə hizmət eyləmişdir. Türklərə məxsus təsis eylədiyi ziraət məktəbi ilə islami bir tərzi memaridə yapılaraq Bakının ən gözəl binasını təşkil edən Darülmüəllimat bu hizməti təyid edən birər abidədir.
 
Azərbaycan ürəfasının hər hansı təsəddüt-pərəstanə təşəbbüsünün ən cəsur bir hamisi rolunu ifa edən Hacı salifüzzikr(yuxarıda deyilmiş)  Darülmüəllimatı təsis etməklə hürriyyəti-nisvan məsələsinin təməl daşını qoymuş, mutəəssiblərin küfr və şetmlərinə baxmayaraq müsəlman qızların tərbiyəsinə mühüm bir vəsilə olmuşdur. İlk sənəi-təsisində mütəəssib xalqın küfrünə məruz qalaraq tələbə bulmayan bu Darülmüəllimat on sənə sonra kəndisinə hücum edən tələbatı qəbul edəməyəcək dərəcədə hüsni -qəbula məzhər olmuş və Hacı ölmədən erkək cocuqlarla qız cocuqlarının da ibtidai məktəbə, təliyə və aliyeyi doldurduqlarını görmüşdür. Azərbaycan ədəbiyyat, mətbuat və teatrosu da bu mütəşəbbis adamın pək böyük yardımlarını görmüşdür. Bir çox müəlliflərin əsərlərini nəşr etdirdiyi kimi bu möhtərəm zat mütəəddid qəzetə və məcmuələrin də sahib və naşiri olmuşdur. Topçubaşov Əli Mərdan bəyin idarəsində rusca “Kaspi”, Ağaoğlu Əhməd ilə Hüseynzadə Əli bəylərin idarəsi ilə çıxan türkcə “Həyat”, mərhum Haşım bəy tərəfindən təhrir olunan “Yeni Həyat” qəzetələri ilə yenə Hüseynzadə Əli bəyin qələm əsəri olan “Füyuzat” məcmuəsi kimi Rusiya və Qafqasiya türklərinin siyasi və ictimai mənafelərini müdafiə, mənəvi və ədəbi ehtiyaclarını təmin edən qəzetə və məcmuələr həp bu adamın himməti ilə təəssüs etmişdir.
 
Yalnız mətbuat mövqeyində deyil, ədəbi əsərlərin intişarı ilə türk teatrosunun inkişafına da, mərhum Hacının pək çox yardımı toxunmuşdur. Şimdi bolşevik ricalindən bulunan Nərimanovun mütəəddid qələm əsəri də daxil olduğu halda, bir çox “dram” əsərlərini nəşr etdirən mərhum, ilk dəfə olaraq, Bakıda bir teatro binası da yapdırmışdır.
 
Müxtəlif cəmiyyəti-xeyriyyələrin rəisi, müəssis və fəxri üzvü olmaq hesabilə Hacının Azərbaycan türklüyünün ictimai təşəkküllərinə göstərdiyi hizmət də şayanı qeyiddir. Bakı mühitində türk irfanının(biliminin) nəşri üçün pək(çox) böyük təşəbbüslərdə bulunan “Nəşri-Maarif” cəmiyyətinin rəisi də kəndiləri idi. Bu cəmiyyətin məqsədi köylərdə və məhəllələrdə təsis olunan ibtidai məktəblərə türkcə müəllimləri ihzar etmək idi. Bu məqsədlə “Nəşri-Maarif” müəllimlər kursu təsis etmiş və ilk dəfə olaraq Türkiyədən dəyərli müəllimlər cəlb olunmuşdu. Bu kursun müdirliyi Türkiyənin dəyərli müəllimlərindən Əhməd Cövdət bəyə həvalə olunmuşdu.
 
Hacının mütəəssib axundlara və din adına satılan xurafata qarşı mücadiləsi və bu xüsusda daha zəif bir halda bulunan münəvvərin qismini himayəsi də həqiqətən unudulmaz hadisələrdəndir. Cahandan bixəbər “üləma”yı bir az tənvir eyləmək məqsədiylə Qafqasiyanın müxtəlif  nukatında yaşayan mollalar, sənələrlə bədava olaraq Kəlkütdə müntəşir farsicə “Həblül-Mətin” qəzetəsini almış və bu qəzetənin kimin tərəfindən göndərildiyini bir çox zaman kəndiləri belə bilməmişlərdi. Bu surətlə Hacı mollaları mənus olduqları bir lisanda qəzetə oxumağa alışdırmışdı.
 
Türk mətbuatının təsisi ilə nəşr və təmimə başladığı ictimai fikirlərdən biri də şiə və sünni ixtilafının rəfi idi Bu fikrin qüvvədən feilə gəlməsi üçün yapılan ilk nümayişin mütəşəbbüsü yenə Hacı Zeynalabdin olmuşdu. 1915-ci sənədə(ildə) Bakıda bu məqsədlə dəvət olunan üləma nədvəsi, Xeyriyyə Cəmiyyəti rəisi olmaq sifətiylə, Hacı tərəfindən açılmış və fikri vəhdət nümayiş etdirilmişdi.
 
Hacının  fəaliyyəti  ictimaiyyəsi yalnız mətbuat və ictimaiyyata münhəsır olmayıb, iqtisadi sahədəki fəaliyyəti daha ziyadə müsmir və mütənəvvi idi. Bakıda Hacının iştirak etmədiyi ticari və iqtisadi bir müəssisə və ya şirkət bulunamazdı. Əksər bankalarda əshamı mühimməyə malik olan bu mütəşəbbis adam, müsəlman sərmayəsi ilə təəssüs edən bankanın yardımı ilə sərmayələri milli olan bir çox şirkətlər təşkil edir, türklər iqtisadi rəqabətə əsri üsullarla mücəhhəz olaraq girirlardı. Bu xüsusda Hacı türk sərmayədarlarının rəhbəri olub bilxassə(xüsusilə) erməni sərmayədarlığına qarşı mücadilə olunur, Gürcüstanda olduğu kimi, Azərbaycan ərazi və əbniyəsinin(binasını)  erməni möhtəkirlər əlinə keçməsi mən olunurdu. Bütün Qafqasiyada yeganə mənsucat fabrikası Bakıda kəndisinin olub, son sistemli mütəəddit dəyirmanlara, seyri- səfain idarəsinə və seydi mahi müəssisatına sahib idi.
 
Çarizm zamanındakı Rusya əhalisinin ictimai həyatı bələdiyyələrdə cərəyan edərdi. Bakı bir müsəlman şəhəri olduğu halda buradakı müsəlman vəkillər qayət məhdud bir səlahiyyətə malik idilər. Şəhər idarəsi süni surətdə Rusiya qanunlarının xristianlara təmin eylədiyi rüçhanla  erməni əksəriyyətinin əlində idi. Bu inhisara qarşı türk xalqı müşkül və çətin bir mücadilə etməliydi. Bu çətin mücadilədə də Hacının nüfuzu məxsus idi.
 
Hacı malik olduğu zəkavəti fitrisi ilə rus hökumətinin Qafqasiya islamlarından əskər almadığı keyfiyyətinə vaxtilə diqqət eyləmiş, bunun, bir zaman gələcəkdə zərərini çəkəcəyiz, deyirdi. Bu xüsusda o, bir çoxlarının hiddət və adəmi məmnuniyyətini mucib(səbəb) olsa da, Qafqasiya islamlarından əskər alması üçün siyasi bir təşəbbüs belə etmişdi. Bu fikrin nə dərəcədə mucib olduğu sonki hadisat əsnasında zahir oldu. Azərbaycan istiqlal elanı edərkən hökuməti idarə edəcək münəvvəranə, milli iqtisadi təşəkkülə qismən malik olduğu halda, əskəri təşəkkülatdan tamamiylə məhrum idi. Bu məhrumiyyət vaxtiylə əskəri mükəlləfiyyətdə bulunmadığından  irəli  gəlirdi. 
 
Bir zaman vardı ki, növ-zühur  Azəri burjua sinfi üçün Hacı nümunəyi imtisal bir şəxsiyyət idi. Onun yalnız ictimai həyatındakı təşəbbüslərini deyil, xüsusi həyatındakı zövq və səliqələrini də təqlid edirlərdi.  Hər kəs evinin təfrişatında belə Hacıya bənzəmək istəyirdi. Xudayı-nabid olmasına rəğmən, Hacı bu xüsusda həqiqətən də, şayanı- təqlid bir əsəri zövq göstərə bilirdi. Bakıya varid olan müstəsna və yüksək müsafirləri qəbul etmək üçün Hacının qonağından daha münasib bir yer bulmaq təsəvvür olunamazdı.
 
Bu qədər sərvətə Hacı səfalətin ən acı günlərini dadaraq etmişdi. Bununla bərabər o, təbiətin kəndisinə bəhs eylədiyi bir nemətə də malik idi. Bu da tül ömür idi. Yaşda Zaro Ağabir az fərqli olaraq tərki- həyat edən bu zəki adam sonrakı günlərdə keçirdiyi bütün ələm və iztirablarına rəğmən, qayət zində bir ruh ilə mətanətini mühafizə eyləmişdir.
 
Bir rəvayətlə 117 yaşında ikən vəfat edən bu müstəsna adam Azərbaycan tarixində Rusiya dövrü fəslinin canlı bir şahidi idi. Xanlıqların süqutundan sonra Azərbaycan Cümhuriyyəti elanına qədər təşəkkül və təəzzüv(formalaşma) edən  Azəri Türk vəhdətinin keçirdiyi səfahət onun gözü önündən keçmiş və bu səfahətin mühüm qismində bizzat iştirak eyləmişdir.
 
Daha bər-həyat ikən haqqında bir qism ədəbiyyat vücuda gətirilən bu ümmi adamın, darı uqbaya təşyii başqa bir şərait daxilində, şübhəsiz ki, müstəsna bir hadisə təşkil edərdi. İndi isə yəqin ki sovet mətbuatı bu “böyük burjua”nın tabutu hüzurunda bir “burjua”ya söylənəcək mənfi isnadat nə varsa, həpsini söyləyəcəklərdir.
 
Fəqət Hacının ruhu bu isnadatdan mütəəssir olmaz. Onun böyük təsəllisi və ümidi vardır. Tül ömrü, o ümidini bizzat görmək imkanını kəndisinə vermədi. Fəqət ruhu əmin ola bilir. Əsarət zəncirini qıraraq təkrar iadəi hürriyyət edən millət onu heç bir zaman digər “burjuy”lar sırasında tutmayacaq, çünki o, baqiyat(əbədilik), səlihat(yaxşı,yararlı) sahibidir. Öylə baqiyət ki, bolşevik həczi də onu məhv edəməmiş, hər növi təərrüzdən məsun qalmışdır.
 
Maddətən o da, digər burjuylar kimi, soyuldu, fəqət mənən, onlar kimi üryan qalmadı, xatirəyi- millətə iflas etmədi!..
 
Cənabı haqq ruhunu şad eyləsin!
 
Azəri
“Yeni Qafqasiya”, 18 rəbiyüləvvəl 1343 / 19 təşrini əvvəl  1340, il:2, №2, s. 9-12
 
Məruf -  tanınmış
Müzəyyən -  bəzənmiş
Müvəqqər -  hörmət edilən,sayılan
Həssənat -  gözəl işlər
İrfan -  bilim
Əfkarı- ümmə -  cəmiyyət
Bizzat - özü
Darülmüəllimat - Qadın Müəllimlər Seminariyası
Ürəfa – arif
Təsəddit-pərəstanə  - işə başlama
Salifüzzikr - irəlidə deyilmiş
Nisvan -    qadınlar
Aliyeyi - yüksək,  uca
Şetm -  söymək, küfrləmək
Məzhər - təzahür,nail olma
Mütəəddid - çoxlu,saysız
İntişar - yayılan
Münhəsir - məhdud
Müsmir - faydalı
Mütənəvve - türlü,çeşidli
Mücəhhəz - hazırlanmış
Əbniyə - bina
Qayət - çox
Zəkavət - ağıl,fərasət
Mücib - səbəb,bais
Şayanı - təqdir- bəyənilən
Təəzzüv - formalaşma
Baqiyat - əbədilik, həmişəlik
Səlihat - yaxşı, yararlı
 
 Red:18 rəbiyüləvvəl 1343 / 19 təşrini əvvəl  1340  -  19 oktyabr 1924 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
moderator.az

1Mənbələr