AZ

Kişi əmrinə möhtac kişi düşməni

Avqust Strindberqin “Fröken Jüli” pyesi haqqında

İntibah dövrü dramaturgiyasının zirvəsi Vilyam Şekspir deyirdi ki, dünya bir teatr səhnəsidir, biz də o teatrın aktyorlarıyıq. Avropada “yeni dramın” banisi Henrik İbsen bir az da irəli gedib həyatı kukla teatrına, insanları da fələyin oynatdığı kuklalara bənzətdi. Naturalist teatrın flaqmanı, İsveç ədəbiyyatının bir nömrəli fiquru, dünya şöhrətli yazıçı, dramaturq Avqust Strindberq isə insanı ana təbiətin yoxluq, heçlik qəfəsindən açıb həyat adlı cəngəlliyə buraxdığı vəhşi heyvan qismində qələmə verməklə daha radikal mövqe tutdu.

Onun başlıca rəqibi, hədəfi İbsen idi. Böyük norveçlinin nüfuzu, şöhrəti böyük isveçlinin əl-ayağına dolaşırdı. Əsərlərində özündən iyirmi bir il əvvəl dünyaya gəlmiş İbsenin qaldırdığı problemlərin, xüsusən də qadın azadlığı məsələsinin üstünə getməklə Strindberq sələfiylə amansız polemikaya girişir, sanki İbsenlə mübarizəyə gecikdiyi illəri kompensasiya eləməyə, kor bəxtini cərimələməyə çalışırdı. Görünür, onun İbsenə dözümsüz yanaşmasının bir səbəbi də isveçlinin özünü norveçlidən üstün tutmasıyla bağlıdır.

İbsen özü də gənc həmkarının təşkil elədiyi “yarışa” həvəslə qoşulmuşdu, Strindberqin yağlı boya ilə çəkilmiş portretini gözünün qabağından asmışdı, üstəlik, İsveç dramaturqunun çılğın parlaq gözlərinin nəzəri üstündə olmayanda işləyə bilmədiyini deyirdi...

***

1888-ci ildə qələmə aldığı “Fröken Jüli” əsəri Strindberqin onlarla pyesi arasında ən məşhurudur. O illərdə bu dram əsərini nə çap eləməyə, nə də tamaşaya qoymağa kimsənin cəsarəti çatmamışdı.

İbsenin fədakar Norasından fərqli olaraq Strindberqin ərköyün mademuazel Jülisi kişi düşmənçiliyi ruhunda böyüyüb, sadə ailədən çıxmış, qraf atasına istəmədən təslim olmuş mərhum anası ona əks cinsə qarşı bolluca nifrət aşılayıb. Jüli ömrü boyu heç bir kişinin köləsi olmayacağına and içib. Əgər “Oyuncaq ev” pyesini feminizmin tərənnümü sayırıqsa, “Fröken Jüli” pyesini feminizmə qarşı yazılmış əsər kimi də qavraya bilərik.

Əhvalat bir dini bayram axşamı Jülinin atasının kənddəki malikanəsində vaqe olur. Əsərdə üç personaj var: iyirmi beş yaşlı zadəgan qızı Jüli, otuz yaşlı lakey Jan, bir də otuz beş yaşlı qulluqçu Kristina.

Lakey mətbəxdə biş-düşlə məşğul olan qulluqçuya yaxınlaşıb deyir ki, fröken Jüli bu axşam özünü çox qəribə aparır. Kristina xanımın qəribəliklərini nişanının pozulmasına bağlayır. Jan onun diaqnozunun təsdiqi kimi xanımın öz nişanlısını qamçı üstündən hoppanmağa məcbur elədiyini, ardınca da həmin qamçıyla oğlanı döydüyünü gözüylə gördüyünü söyləyir. Ondan sonra Jülinin nişanlısı qaçıb aradan çıxıb.

Jan Kristinanın adaxlısıdır, yaxın zamanda onlar evlənəcəklər. Lakey şam yeməyinə əyləşib qulluqçuyla şirin söhbətə başlayanda fröken Jüli mətbəxə girib Janla məzələnir, sonra onu dartıb bayırda bayram keçirən izdihamın arasına aparır, lakeylə yorulanacan oynayır. Bir müddət sonra mətbəxə qayıdan Jan Kristinaya deyir ki, xanım lap dəli kimi rəqs eləyirdi. Kristina bunun qadınlıq halıyla bağlı olduğunu, mademuazelin ayda bir dəfə belə qəribə hallara düşdüyünü söyləyir. Üstəlik, qraf qızının xasiyyəti də qəribəliklərlə doludur.

***

Jan Kristinanı qucaqlayanda Jüli mətbəxə girir. Lakeyin çalıb-oynayan dəstədən tez ayrılması xanımın xətrinə dəyib. Fröken Jüli ona atasının libasını geyinmək göstərişi verir. Ağasının qiyafəsi Jana çox yaraşır. Söhbət əsnasında mademuazel öyrənir ki, Jan fransızca başda olmaqla bir neçə dil bilir, dəfələrlə teatr tamaşalarında olub, bahalı restoranlarda, otellərdə ofisiant, xidmətçi kimi çalışıb.

Kristina oturduğu kresloda yuxuya gedir, xanımla lakey pivə içə-içə söhbətləşirlər. Fröken Jüli Janı çəkmələrini öpməyə məcbur eləyir. Lakey mətbəxdə baş verənləri kiminsə görəcəyindən ehtiyatlanır. Qraf haradasa səfərdədir, sabah səhər qayıdacaq. Nökərlərin, qulluqçuların başı bayram kef-damağına qarışıb.

Kristina ayılıb öz otağına çəkilir. Xanım lakeyi bağçaya dartır. İkilikdə fröken Jüli Jana deyir ki, yuxularında tez-tez özünü hündür bir dirəyin başında görür, ha çalışsa da, oradan aşağı enə bilmir. Lakey isə deyir, əksinə, o da yuxuda özünü uca bir ağacın altında uzanmış görür, həmin ağacın başındakı quş yuvasında qızıl yumurtalar var, ancaq Janın əli o yumurtalara çatmır.

Lakeyin gözünə düşmüş çöpü çıxarmaq adıyla xanım ona çox yaxınlaşır. Jan xanımı xəbərdar eləyir ki, kişi xeylağına bu qədər yaxınlıq vermək odla oynamaq deməkdir. Jüli onun sözünə məhəl qoymayıb bir az da sıx təmasa girir, Jan onu öpmək istəyəndə isə lakeyə şillə vurur.

Alçaldılmış Jan küsüb içinə çəkilir. Bu vaxt onun uşaqlıq xatirələri oyanır, ata-anası, yeddi bacı-qardaşıyla bir uçuq daxmada böyüdüyü yadına düşür, üstəlik, tək donuzlarını da gecələr həmin daxmaya qatırmışlar. O daxmanın pəncərəsindən ağalıq evi cənnətin özü kimi görünürmüş, ancaq kasıb uşaqlarının üzünə o cənnətin qapıları daim bağlı olurmuş. Bir gün necəsə Jan ağanın həyətinə girə bilir, orada fröken Jülini aralıdan görüb bir könüldən min könülə kiçik xanıma aşiq olur. Uşaq olsa da, anlayır ki, yuxarı silkin qızına onun əli heç vaxt çatmayacaq, ümidsizlikdən özünə qəsd eləməyə cəhd göstərir.

Lakeyin etirafları onun aldığı dərin mənəvi yaralardan, ağır zədələrdən xəbər verir. Bu yaralar uzun illərdən bəri irin bağlayıb, onun qanını zəhərləyib. Fröken Jülinin romantik həvəsi bir az da coşur, lakeyə göldə qayıqla gecə gəzintisinə çıxmağı təklif eləyir. Bu vaxt bayram coşqusundan başını itirmiş nökər-qaravaş dəstəylə mətbəxə sarı yönəlir. Xanımla lakeyin Janın yataq otağında daldalanmaqdan savayı çarəsi qalmır.

***

Dəstə mətbəxdə yeyib-içəndən, çalıb-oxuyub oynayandan sonra yenə bayıra çıxır. Xanımla lakey səhnədə yenidən görünürlər. Davranışlarından, danışıqlarından hiss olunur ki, onların arasında nəsə baş verib. Fröken Jüli Janın ona “sən” deyə müraciət eləməsini istəyir, lakey isə deyir, neçə ki bu evdədirlər, onu bacarmayacaq.

İki daşın arasında onlar plan da qurublar: Jüli atasının yuxarı mərtəbədəki kabinetindən lazım olduğu qədər pul oğurlayacaq, sevgililər Kristinanı da götürüb səhər obaşdan qatar ayağına qaçacaqlar, İsveçrəyə gedib cənnət bir guşədə otel açacaqlar, baş-başa verib arxayın, şad-xürrəm dolanacaqlar.

Fəqət heç bir mənəvi-əxlaqi dayağa söykənməyən, cinayət üstündə bünövrə tutan, sevgidən məhrum birlik xoşbəxtliyə zəmanət verə bilməz. Bayaqdan hökm də, üstünlük də fröken Jülinin əlindəydisə, artıq estafet lakeyə keçib. İndi xanımın şərəfi də, ləyaqəti də, namusu da öz nökərinin ovcunun içindədir. Jüli əvvəlki kimi sərt, hökmlü davranmaq istəsə də, Jan onun üstünə ayaq alır.

Hərdən elə görünür ki, xanım lakeyi sadistik yox, mazoxistik bir ehtirasın təhrikiylə söyüb alçaldır, çünki artıq Jan onun təhqirlərinə birə-beş qat cavab verir, onu pozğun, əxlaqsız, fahişə adlandırır. Lakey öz xanımına deyir ki, onun bəyənmədiyi aşağı silkdən olan heç bir qız belə davranışı özünə rəva bilməzdi. Jüli anlayır ki, Jan haqlıdır, ona təslim olmaqla çöx böyük səhvə yol verib.

Beləliklə, kişi düşmənçiliyi ruhunda böyüdülən qız içini qaratikan basmış, yediyi qaba tüpürən, kişilik adına cinsiyyətindən başqa bir şeyi olmayan iyrənc məxluqun girovuna çevrilir. Yanlış tərbiyənin paradoksallığı budur. Təbiət sözünü deyib, fröken Jülinin kişi zəhmi altında əzilməyə, kişi şilləsi yeməyə, kişi tərəfindən buyurulmağa ehtiyacı yaranıb. Fəqət qız bu səlahiyyətləri sevgiylə qazana bilmir, o səbəbdən özünü də, qarşısındakını da alçaldır. Xain lakey onun ömrünün, qəlbinin şərikinə yox, cinayət ortağına çevrilir.

F.Uğurlu

Davamı növbəti sayımızda...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr