AZ

Mədəniyyətimizin paytaxtı Şuşa öz şərəfli inkişaf dövrünü yaşayır



Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlı xarakter daşıyır. Bu səfərlərin daha çox Şuşaya edildiyi diqqətdən kənarda qalmır. Təkcə dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın bu səfəri çərçivəsində Şuşada açılışı, təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşanın əvvəlki siması özünə qayıdır. 30 illik işğal dövründə hər daşı, qayası bir tarix olan, Azərbaycan xalqının izlərini özündə əks etdirən Şuşanın erməniləşirilməsi istiqamətində nə qədər cəhdlər göstərildi. Lakin bunun mümkünsüzlüyü bugünümüzün reallıqlarından da aydın görünür”.
Prezident İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakı zamanı etdiyi çıxışında bir çox vacib məsələlərə toxunmaqla bərabər, Azərbaycana qarşı məkrli planlar quranlara da mesajlar göndərdi. Bildirdi ki, bu cəhdlər heç bir səmərə verməyəcək. Dövlətimizin başçısı ərazilərimizin işğal altına düşməsi barədə də şuşalılar qarşısında tarixi hadisələrdən bəhs etdi. Xatırlayırıq ki, torpaqlarımızın işğal altına düşdüyü zaman ölkədə cərəyan edən proseslər, baş verən hərc-mərclik, hakimiyyət uğrunda mübarizə Azərbaycan dövlətinə və xalqına böyük ağrı-acılar, müsibətlər yaşatmışdı. Bu da Ermənistanın işğalçı addımlarını daha da rahatlaşdırdı. Nəticədə isə Qarabağ və ətraf 7 rayon ermənilər və onlara dəstək verən havadarları tərəfindən işğal olundu. Vəziyyətin daha da pisləşəcəyini anlayan xalq təkidlə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Beləliklə, Ümummilli Liderin uzaqgörən siyasəti ilə, vaxtında verdiyi qərarlarla mənfi gedişatın qarşısı alındı, 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşması isə Azərbaycanın güc toplaması və daxili sabitliyi bərpa edərək məqsədlərinə çatması üçün önəmli addım oldu. Ulu Öndərin siyasi xəttinin davamçısı Prezident İlham Əliyev də ata vəsiyyətinə əsasən eyni yolu davam etdirərək Azərbaycanın dünyada söz sahibi olması üçün gələcəyə hesablanmış böyük işlər gördü. Ölkədə yaradılan iqtisadi-siyasi sabitlik, gənclərin vətənpərvər ruhda yetişməsi üçün ideoloji təbliğatın aparılması, hərbi sahədə əldə olunan uğurlar, ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, beynəlxalq səviyyədə torpaqlarımızın işğaldan azad edilməsi üçün zəmin yaradılması, ikitərəfli və çoxtərəfli formatlarda dövlətlərlə münasibətlərin qurulması və sair kimi məsələlər öz nəticəsini verdi və Azərbaycan xalqının arzuları reallaşdı və tarixi Zəfər əldə etdik.
Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Hər zaman torpaqlarını sülh yolu ilə qaytarmağın tərəfdarı kimi çıxış edərək 30 ilə yaxın müddətdə səbir nümayiş etdirib. Lakin digər yolların heç bir faydası olmadığına görə savaşla bu münaqişəni sona çatdırıb. Əslində bu Zəfər tarixi ədalətin bərpası kimi tarixə öz möhürünü vurdu, “məğlubedilməz erməni ordusu” mifini də darmadağın etdi. Düşmənə öz yerini göstərərək onu kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan Ordusu sübut etdi ki, ermənilər bizim qarşımızda acizdir. Məğlubiyyətlə birlikdə Ağdamı, Laçını, Kəlbəcəri döyüşsüz boşaltmağa razı olan Ermənistan tarixi acizliyini, zəifliyini və yanlış siyasətinin onlara hansı bəlalar gətirdiyini göstərməklə yanaşı, başqasının torpağında ölməyin nəinki siyasi nəticəsi, heç mənəvi dəyəri də olmadığını gec də olsa əyani sübut etdi.
2020-ci ildə 44 günlük savaşla əldə olunan Qələbə öz ardınca digər uğurlarımızı da gətirir və Azərbaycanın diktəsi ilə Ermənistan hökumətinin tələbimizi yerinə yetirməsini şərtləndirir.  Bunun bariz nümunəsidir ki, ölkəmizin təkidi ilə Qazaxın dörd kəndi geri qaytarıldı və delimitasiya və demarkasiya prosesləri başlandı. Halbuki, Ermənıstan bu məsələlərdən müxtəlif bəhanələrlə boyun qaçırırdı. Amma ölkəmizin qarşısında haqsız olduğunu anlayan İrəvan təzyiqlərimizlə növbəti razılığa gəlməyə məcbur oldu. Ümumiyyətlə, Azərbaycanın regiondakı nüfuzu, artan gücü ölkəmizi söz sahibi kimi Cənubi Qafqazda aparıcı dövlətə çevirib. Bu gün Azərbaycanla nəinki Ermənistan, hətta onun arxasında duran dairələr də hesablaşmağa və ya hər hansı yol tapmağa cəhd edirlər. Çünki bilirlər ki, regionda Azərbaycanın maraqları nəzərə alınmadan, ona qarşı birtərəfli davranmaqla heç bir nəticə əldə etmək mümkün olmayacaq.

YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
aia.az

2Mənbələr