AZ

XRİTDX İKT liderlərinin Sammitində iştirak edib

Mayın 13-də Bakı Konqres Mərkəzində Çinin “Huawei” şirkətinin “Huawei Tech Carnival & Partner Summit 2024” adlı 3 günlük Sammiti öz işinə başlamışdır. Orta Şərq və Mərkəzi Asiya regionu ölkələrinin İKT liderlərini bir araya gətirən tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri iştirak etmişdir.

XRİTDX-dən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, kritik infrastrukturun mühafizəsi, məlumatların qorunması, habelə texnoloji inkişaf, rəqəmsallaşma və süni intellektin tətbiq edilməsi haqqında danışmış, bu sahədə məqsədyönlü işlər aparıldığı və bu istiqamətdə irəliləmək üçün ölkəmizdə texnologiyanın bütün potensialından istifadə etməyə yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirilməsindən bəhs etmişdir. O qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir. Çıxışında milli kibertəhlükəsizlik problemlərinin həlli sahəsində tənzimləmə siyasətinin inkişaf etdirilməsi, texnoloji yeniliklər və potensialın artırılması kimi vacib məsələlərə də toxunan Xidmət rəsinin müavini vurğulamışdır ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daha dayanıqlı rəqəmsal infrastruktur qurmaq üçün “Huawei” və digər tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir və bu istiqamətdə səyləri daha da gücləndirəcəkdir.

Qeyd edək ki, mayın 15-ə qədər davam edəcək tədbir çərçivəsində müxtəlif mövzularda təqdimatlar, texniki sessiyalar, biznes forumlar, dəyirmi masalar keçiriləcək, “Huawei” şirkətinin İKT məhsulları və həlləri, o cümlədən intellektual IP və optik şəbəkə, eləcə də məlumatların saxlanması və informasiya təhlükəsizliyi ilə bağlı ən son yenilikləri nümayiş olunacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
3
operativmedia.az

4Mənbələr