AZ

Ayrı-seçkilik qocalmanı sürətləndirir

Yazını böyüt
Yazını kiçilt

Məlum olub ki, ayrı-seçkiliyə məruz qalma qocalmanı sürətləndirə bilər.

Hafta.az-ın “Science Daily”a istinadən yazdığına görə, əvvəlki araşdırmalar göstərirdi ki, ayrı-seçkilik depressiya və ürək xəstəlikləri kimi problemlərə səbəb olur. Bu pozğunluqlar qocalmanı sürətləndirə bilsə də, yeni araşdırma qocalmanı molekulyar səviyyədə araşdırıb.

Tədqiqatçılar qan nümunələri götürdülər və təxminən 2 min amerikalı arasında sorğu keçirdilər və stressin və yaşlanma prosesinin bioloji təsirlərini ölçmək üçün istifadə edilən DNT markerlərinə baxdılar. İştirakçıların 81 faizi ağdərili, 19 faizi isə qaradərili olub. Gender bölgüsü qadınların xeyrinə yüzdə 55-45, iştirakçıların orta yaşı isə 53 idi.

Araşdırmada iştirakçılardan ayrı-seçkiliyin üç fərqli formasını nə qədər yaşadıqları soruşulub: təsadüfi ayrı-seçkilik, incə və ya daha yumşaq hörmətsizlik, ayrı-seçkiliyin əsas formaları, məsələn, polis zorakılığı, ev ala bilməmək, iş yerində ədalətsiz rəftar və ya iş mühitində imkanların məhdudlaşdırılması ilə bağlı ayrı-seçkilik.

Tədqiqatçılar daha çox ayrı-seçkiliyə məruz qaldıqlarını bildirən insanların digərlərinə nisbətən bioloji cəhətdən daha sürətli qocaldığını aşkar etdilər. Həmçinin müşahidə edilib ki, ayrı-seçkiliyin gündəlik və əsas formaları iş yerində olduğundan daha ciddi təsirə malikdir.

Tədqiqatın müəlliflərindən olan Adolfo Kuevas tapıntıları belə qiymətləndirir: "Ayrı-seçkiliyə məruz qalma qocalma prosesini sürətləndirir. Bu, xəstəliklərə və vaxtından əvvəl ölümlərə səbəb ola, sağlamlıq bərabərsizliyini artıra bilər".

Tədqiqat qrupu, stres hormonu kortizolun ifraz olunması və düzgün yatmamaq kimi ayrı-seçkiliyə qarşı digər reaksiyaların da qocalmanı sürətləndirə biləcəyini düşünür.

Kuevas deyir: "Sağlamlıqla bağlı davranışlar bu fərqləri qismən izah edə bilsə də, psixososial stressorları bioloji qocalma ilə əlaqələndirən bir sıra proseslər ola bilər".

Yeni araşdırmada ayrı-seçkiliyin və qocalmanın irqlər arasında fərqli olduğu qeyd edilsə də, bununla bağlı diqqətəlayiq bir tapıntı da əldə edilib. Daha çox ayrı-seçkiliyə məruz qaldığını bildirən qaradərililərin bioloji yaşı daha yüksək olub və daha tez qocalıb.

Digər tərəfdən, ağlar daha az ayrı-seçkilik təcrübəsini bildirsələr də, bu onların qocalmasına daha çox təsir edib. Tədqiqatçılar bunun ağdərililərin daha az mübarizə mexanizmləri inkişaf etdirmələri ilə bağlı ola biləcəyini düşünürlər və araşdırmada yazırlar: “Ömrü boyu daimi ayrı-seçkiliyə məruz qalan qaradərili amerikalılar bu stress faktorunu idarə etmək üçün daha möhkəm mübarizə strategiyaları hazırlayırlar; ağdərili amerikalılar , ayrı-seçkiliyə daha az məruz qalanlar, onun təsirlərinə daha az davamlıdırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
hafta.az

1Mənbələr