AZ

Rəşad Mahmudov Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunan elmi seminarda çıxış edib

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, DGK Tibb Xidmət İdarəsi "Elmi-Təcrübi və Tədris Mərkəzi"nin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təşkil olunan elmi seminarda iştirak edib.
 
Aztibb.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Lənkəran REM-nin foyesində 44 günlük Vətən müharibəsində AMEA-nın şəhidi, Mərkəzin əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin xatirə guşəsinin önünə təzə qərənfillər qoyulub.
 
Elmi seminarı giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev bildirib ki, bu günlər müstəqil Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 101 illiyi respublikamızın hər yerində, uzaq və yaxın dost ölkələrdə təntənə ilə qeyd olunur. Biz də AMEA Lənkəran Regional Elmi Mərkəzi olaraq silsilə tədbirlər keçirir və bununla Ulu Öndərə ehtiramımızı bildirməklə yanaşı, həm də onun irsini öyrənir, hədəflərimizi müəyyənləşdiririk.
 
Sonra çıxış edən Rəşad Mahmudov hazırda tariximizin ən şərəfli dövrünü yaşadığımızı deyib. O, Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi mühüm işlərdən, C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasından, sovetlər dönəmində SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyətindən, doxsanıncı illərin əvvəllərində Naxçıvanda Ali Məclisin sədri işləyərkən ilk dəfə Azərbaycanın üçrəngli bayrağının ucaldılmasından danışıb.
 
Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam və inkişaf etdirdiyini vurğulayan Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan dünya birliyində öz sözünü heç vaxt indiki kimi açıq, sərrast deməyib: "44 günlük Vətən müharibəsində biz tarixi ədalətsizliyi bərpa etdik. İndi fəxarətlə deyə bilərik ki, biz şərəfli tarix yaşamış qalib xalqın nümayəndələriyik".
 
Psixologiya  Elmi-Tədqiqat İnstitutunun sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov isə çıxışında qeyd edib ki, Ulu Öndərin 101 illiyi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu Azərbaycanda təntənə ilə qeyd edilir. Bunun bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci hakimiyyəti dövründə qoyulub. Həmin illərdə həyatımızın bütün sahələrində, o cümlədən ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində köklü dəyişikliklər baş verib.
 
Psixoloq Elnur Rüstəmov birinci və ikinci Qarabağ müharibəsində bütün ölkə vətəndaşları kimi, Cənub bölgəsinin gənclərinin həm cəbhədə, həm də həyatımızın digər sahələrində uğurlu, fədakar iştirakından, ailə, milli-mənəvi dəyərlərimizdən söz açıb, hamının Prezident İham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb.
 
Lənkəran REM-nin əməkdaşı Fəranə Mikayılova sovetlər dönəmində Ulu Öndərin göndərişi ilə anası Bəsti Hüseynovanın Gəncədə ali təhsil almasından, “Əmək rəşadətinə görə” medalını şəxsən anasına təqdim etməsindən, Heydər Əliyevin 1998-ci ildə Astaraya tarixi səfərindən, 30 illik Qarabağ həsrətimizə son qoyulmasından, cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edib. “Lənkəran-Audit” MMC-nin direktoru Fəhrəddin Hüseynov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, möhtərəm Prezident İlham Əliyevin analoqu olmayan dövlət quruculuğu haqqında fikirlərini söyləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə yüksək önəm verməsindən, Aşura, Məhəmməd Peyğəmbərin mövlüd günlərində məscidlərə getməsindən, Bibiheybət Məscidinin yeni binasının bünövrəsini qoymasından, onun ikinci hakimiyyəti illərində Azərbaycanda çoxsaylı məscidlərin tikilməsindən, möhtərəm dövlət başçısı İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən danışıb. Elmi seminarda iştirak edən Lənkəran Tibb Kollecinin “Tibb bacısı işi” ixtisası üzrə şöbənin müdiri Solmaz Babayeva maraqlı çıxışlarına görə qonaqlara təşəkkür edib, kollecin tələbələrindən Xumarə Hüseynova, Aysel Mürsəlova və Tükəz Canıyevanın sualları cavablandırılıb. Tədbiri yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev millət vəkili Rəşad Mahmudov, psixoloq Elnur Rüstəmov və bütün iştirakçılara minnətdarlığını bildirib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
1
aztibb.az

2Mənbələr