AZ

Yeni taksi şirkəti - Qiymət artımı olacaqmı?

Son illər Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin sayında artım müşahidə olunur. Hətta taksi şirkətləri daha çox müştəri qazanmaq üçün müxtəlif endirimli kampaniyalar təqdim edirlər.

Bakıvaxtı.az xəbər verir ki, ölkəmizdə yerli şirkətlərlə yanaşı, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən "Bolt", "Uber", "Maaxim" kimi xarici taksi şirkətlərinin də fəaliyyətinə rast gəlmək mümkündür. Hətta taksi şirkətləri daha çevik xidmət göstərmək üçün mobil tətbiqlərə üstünlük verirlər. Bu isə taksi bazarında rəqabətin daha da artmasına səbəb olur.

Bir müddət öncə isə ölkəmizdə "Taxo" adlı yeni taksi xidməti fəaliyyətə başlayıb. Mobil tətbiq üzərindən xidməti həyata keçirən şirkətin sifarişlərlə bağlı müəyyən boşluqlarına rast gəlinir. Belə ki, "Taxo"nun mobil tətbiqində istənilən ünvanı asanlıqla tapmaq mümkün deyil. Sifariş zamanı ev ünvanları deyil, daha çox küçə adlarının ümumi formada təqdim olunması hələlik narazılıq yaradan səbəblərdən biridir. Qiymətlər isə demək olar ki, digər taksi şirkətlərinin qiymətindən fərqlənmir.

Ölkədə hər nə qədər yeni taksi şirkətləri açılsa da, rəqabətə tab gətirə bilməyənlər də var. Belə ki, ötən ilin may ayında fəaliyyətə başlayan Ukraynanın "Uklon" şirkəti ötən ay bağlandığını elan etdi. Bununla bağlı şirkət həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərib.

Maraqlıdır ki, yeni açılan taksi şirkətləri rəqabətə tab gətirə bilərmi?

Nəqliyyat eksperti İlqar Hüseynli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yeni şirkətlərin üstün cəhəti nəqliyyat parkının yeni və müasir avtomobillərdən ibarət olmasıdır.

Ekspertin sözlərinə görə, özəl sektorla məşğul olan hər bir sahibkar bazara daxil olmadan öncə araşdırma edir. Daha sonra səlahiyyətli şəxslər tərəfindən şirkət iclas keçirir və qərar qəbul olunur. Görünən odur ki, "Taxo" şirkəti fəaliyyətə başlamadan öncə bazar araşdırması edib:

"Bu şirkətin rəqabətə tab gətirib-gətirməyəcəyi zamanla bilinəcək. Bütün hallarda "Taxo" şirkətinin yeni nəqliyyat vasitələrinə üstünlük verəcəyi gözləniləndir. Çünki əvvəlki şirkətlər köhnə qaydalara uyğun olaraq müvafiq addımlar atmışdılar və hazırda əksər taksi şirkətinin nəqliyyat parkı köhnə avtomobillərdən ibarətdir. Buna görə də nəqliyyat parkını yeniləmək məcburiyyətində olan şirkətlər böyük kapital sərf etməlidirlər. O baxımdan "Taxo" şirkəti yeni qaydalarla əməl etməklə, sərnişindaşıma bazarında əsaslı yer tuta bilər”.

İlqar Hüseynli, Nəqliyyat eksperti

Qiymət artımına gəlincə, müsahibimiz bunun olacağının gözlənilmədiyini düşünür:

“Əgər bahalaşma olarsa, söhbət sadəcə qəpik fərqindən gedə bilər".

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bakivaxti.az

1Mənbələr