AZ

Zelenski üçün sonuncu həftə - mayın 20-dən sonra...

Politoloq: “ABŞ növbəti mərhələdə özünə yaxın Avropa ölkələrini Rusiya ilə müharibəyə təşviq edəcək”

Mayın 20-də Volodimir Zelenskinin Ukrayna prezidenti postunda 5 illik müddəti başa çatır. Bəllidir ki, Rusiya ilə müharibə səbəbindən ölkədə növbəti seçkilər keçirilməyib. Bununla belə, fikirlər səslənir ki, mayın 21-dən V.Zelenski de-fakto qeyri-legitim prezident sayılacaq.

Ona qarşı hətta bu səbəbə sui-qəsd cəhdlərinin arta biləcəyi iddia edilir. Bəs Ukrayna xalqı Ali Baş Komandan kimi Zelenskini nə dərəcədə dəstəkləyir? 20 maydan sonra bu dəstək eyni şəkildə davam edəcəkmi? Legitimlik amili Ukrayna ordusunun döyüş ruhuna və qabiliyyətinə nə dərəcədə təsir edə bilər? 

Bu arada cəbhədə vəziyyət gərgin olaraq qalır. 

“Düşmən Ukrayna ərazisinin dərinliyinə doğru irəliləmək məqsədilə bir neçə istiqamətdə Ukrayna bölmələrinə aktiv şəkildə hücum edir. Müdafiə qüvvələri şiddətli müdafiə döyüşləri aparır və Rusiya hərbçilərinin Ukrayna müdafiəsini yarıb keçmək cəhdlərinin qarşısı alınıb”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib.

Heydər

 Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a  deyib ki, Zelenskinin faktiki səlahiyyət müddəti bitdikdən sonra legitimliyi şübhə altına alınmasa belə, artıq Ukraynadakı savaş sona çatmaq üzrədir: ""The New York Times" qəzeti də bu ehtimaldan bəhs edib. Bir sıra hərbi ekspertlərin fikirlərini öyrənən nəşr xəbər verib ki, cəbhə xəttində yaşadığı uğursuzluqlar və Qərb tərəfdaşlarının silah göndərməsini ləngitməsi Ukrayna ordusunda ciddi moral çökməsinə səbəb olub. Artıq Ukrayna komandanları uğursuzluqların səbəbini bir-birində görür və tərəf müqabillərini xəyanətdə günahlandırırlar. Bir ordunun moral çöküşü yaşaması məğlubiyyətin son mərhələsinə qədəm qoymaq deməkdir. Vəziyyət bu cür davam edərsə, Ukrayna tərəfində savaşan qalmayacaq. Məhz bu səbəbdən də nəşrin mənbələri hesab edir ki, Rusiyanın Xarkova hücumu Ukrayna rəhbərliyini sülh arayışlarına məcbur edə bilər. Bunun səbəbi isə hərbi qüvvələrin Zelenskiyə təzyiqi ilə bağlıdır. Zelenski heç bir vəchlə güzəştə getmək istəməsə də, cəbhədəki reallıqlar başqa şey deyir". 

ABŞ Ukraynaya 61 milyard dollarlıq hərbi yardım barədə qərar qəbul etsə də, bunun cəbhədə öz əksini tapmadığına inanan Heydər Oğuz Ukraynanın uğursuzluğunu bir neçə səbəblə əlaqələndirdi: “Əvvəla, həmin silahların önəmli qismi Ukraynaya çatdırılmayıb. Nə zaman çatdırılacağı da tam bəlli deyil. Zaman isə Rusiyanın xeyrinə işləyir. Rus ordusu son zamanlar hücumlarını artıraraq önəmli mövqelər ələ keçirib Ukrayna rəsmiləri ilə danışıqlar masasında güclü tərəf kimi oturmaq istəyir və buna böyük ölçüdə nail olub. Təsəvvür edin, hətta Zelenski belə ABŞ-ın silah yardımları gəlib çıxdıqdan sonra rus hücumlarını dayandırmaq ehtimalından danışır. Əks-hücum ehtimalını isə dilinə gətirmir. Halbuki Ukrayna əks-hücuma keçməsə, itirdiyi torpaqları geri qaytara bilməyəcək. Elədirsə, canlı və texnika itkisindən başqa real heç nə vəd etməyən bu savaşı davam etdirməyin anlamı nədir?

İkincisi, Ukraynaya təkcə silah vermək azdır. Bu silahlardan istifadə edəcək kadr çatışmazlığı da var. Bu böhranlı vəziyyətdən çıxmaq üçün onun canlı qüvvəyə də ehtiyacı var. Di gəl, Qərb ölkələri həmin silahları ona görə verir ki, Rusiya ilə Ukrayna əsgəri savaşsın, müharibə onun ərazilərindən kənara çıxmasın. Bu vəziyyətdə Qərbin Ukraynaya canlı qüvvə yardımı ya baş tutmayacaq, ya da baş tutsa belə, yetərli olmayacaq. Fransa prezidenti Emmanuel Makronun özündən boy deməsinə baxmayın. Faktiki olaraq, Avropanın heç bir ölkəsində Rusiya ilə savaşı gözə almaq istəyən yoxdur. Üçüncü mühüm məsələ, Ukrayna xalqının da bu savaşdan bezməsidir. Artıq 3-cü ilə qədəm qoyan savaşda tərəflər bir araya gəlməsə, onu 10 illər boyu dayandırmaq mümkün olmayacaq. 

Dördüncüsü, Ukraynanın artıq əvvəlki xarici dəstəyi də yoxdur. Onu, sadəcə, Böyük Britaniya və ABŞ dəstəkləyir. Onların isə başı həm Yaxın Şərqdə İsrailə, həm də Hind-Sakit okean regionunda Çinə qarışıb. Üç sahədə eyni anda müharibə aparmaq qüdrətinə malik olmayan ABŞ və Böyük Britaniyanın məqsədləri də Avropanın digər dövlətlərinin milli maraqları ilə uzlaşmır. Belə ki, ABŞ və Böyük Britaniya Ukrayna savaşını dəstəkləməklə əslində Çinlə Avropa arasındakı nəqliyyat-kommunikasiya əlaqələrini dayandırmağı hədəfləyib. Bu isə Avropanın güclü dövlətlərinin işinə gəlmir. Bir tərəfdən Rusiyadan aldığı nefti, qazı itirən Avropa yaşıl enerjiyə yönəlmək üçün Çindən nadir torpaq nümunələri, kritik metallar almalı və alternativ enerji infrastrukturlarını qurmalıdır. ABŞ isə bunu da istəmir və Çinlə Avropanın yaxınlaşmasına imkan vermir. Bu isə Avropanın nəhəng dövlətlərinin iqtisadi cəhətdən tamamən çökməsi deməkdir. Yəni ABŞ əslində bir daşla 3-4 quş vurmaq istəyir. Onun bu niyyətini başa düşən Avropanın güclü dövlətləri Ukrayna savaşının uzanmasını arzulamırlar".

Həmsöhbətimiz bu kontekstdə Çin liderinin Avropaya səfərini təsadüfi saymır. O xatırladır ki, Si Çinpinin Avropaya səfəri ABŞ Dövlət Departamentinin katibi Entoni Blinkenin Çində keçirdiyi mühüm görüşlərdən sonra baş tutdu: “Blinken Çinin xarici işlər nazirindən tutmuş prezidentinə qədər bir çox rəsmilərlə görüşdü. Hər görüş də 4-5 saat çəkirdi. Həm Çin, həm də ABŞ mediasının yazdığına görə, bu görüşlərdən ciddi nəticə hasil olmadı. Vaşinqton Pekindən Rusiya ilə iqtisadi və hərbi əməkdaşlıqları kəsməyi tələb etsə də, Çin rəsmilərindən istədiyi cavabı ala bilmədi. Əksinə, Çin lideri bu görüşdən sonra Fransanın məşhur qəzetlərindən birinə - "Le Figaro"ya bir məqalə yazdı. Məqalədə Fransa ilə birlikdə dünyaya açılmaqdan, Ukrayna və Fələstində sülh çağırışlarından bəhs edən Si Cinpin  ardınca da Avropa turuna çıxdı. Avropa turunda ilk əvvəl fransalı həmkarı ilə görüşən Çin lideri daha sonra Macarıstana və Serbiyaya getdi. Hər 3 dövlətin siyasi oriyentasiyasına baxsaq, onların ABŞ-dan fərqli mövqe sərgilədiklərini görə bilərik. Belə ki, Fransa prezidenti dəfələrlə ABŞ hegemoniyasına qarşı çıxışları ilə yadda qalıb. Macarıstan və Serbiya isə Avropanın Ukraynaya dəstəyinə ehtiyatla yanaşır, hətta açıq şəkildə Rusiyanın tərəfini tuturlar. Zənnimcə, Si Cinpinin bu səfərindən sonra Rusiyanın Ukraynaya hücumlarını gücləndirməsi də təsadüfi deyil. Mümkündür ki, Çin lideri ilə görüşən Avropa liderləri müəyyən razılıqlara gəlib və Rusiya sülh danışıqlarından əvvəl sonuncu həmlələrini edir".

Bununla belə, politoloq düşünür ki, ABŞ bu perspektivlə razılaşmayacaq və növbəti mərhələdə özünə yaxın Avropa ölkələrini Rusiya ilə müharibəyə təşviq edəcək: “Çünki Çinin Avropada üstünlük əldə etməsi, xüsusilə "Bir kəmər, bir yol" dəhlizinin istifadəyə açılması ABŞ-ın təkqütblü dünya strategiyasından imtinası ilə nəticələnə bilər. Bu isə ABŞ üçün qəbuledilməzdir. Amma sözsüz ki, ABŞ-ın Rusiyaya qarşı yeni müharibə ocaqları açmaq səyləri noyabrda keçiriləcək prezident seçkisindən, hətta yeni hökumət işə başladıqdan sonra baş tutacaq. Bu isə gələn ilin birinci yarısı deməkdir".

Elşən MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat" 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
musavat.com

10Mənbələr