AZ

Keçmiş vəzifəli şəxsin medallarını oğurlayan "Masallılı Niyaməddin" yenidən məhkəmə qarşısında

Bakıda oğurluqda təqsirləndirilən Niyaməddin Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası mayın 15-nə təyin edilib.

 

Qeyd: Bakıda 2021-ci ildə dünyasını dəyişən keçmiş vəzifəli şəxs Rasim Qasımovun evindən külli miqdarda qızıl-zinət əşyaları ilə bərabər, mühüm dövlət sənədləri və medalları da oğurlanıb. Oğurluq hadisəsi 2022-ci ilin mart ayında Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 132 saylı evin 1-ci mərtəbəsində törədilib. 

 

Mərhumun həyat yoldaşı Xəyalı Qasımovaya məxsus ümumi dəyəri 62.737 manat qızıl-brilyant tərkibli əşyalar aparılıb. Oğru həmçinin ona məxsus 1 ədəd 2.500 manat dəyərində kapuşonlu qısa biçimli, su samuru xəzindən hazırlanmış qadın paltosunu, 5 ədəd 25 manat dəyərində ehtiyat açarlarını və 1 ədəd 7 manat dəyərində idman çantasını oğurlayıb. Rasim Qasımovun Daxili İşlər Nazirliyi tərəfindən "Qüsursuz xidmətə görə", 2019-cu il tarixdə "Dövlət Təhlükəsizlik Xidmətinin 100 illiyinə görə", həmin il "Dövlət Sərhəd Xidmətinin 100 illiyinə görə" və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" verilmiş orden və medalları, şəxsi sənədləri də götürülüb. "Masallılı Niyaməddin" kimi tanınan, 1977-ci il təvəllüdlü Masallı rayon sakini Əliyev Niyaməddin Barat oğlu 4 il sonra eyni köynəklə, eyni ünvanlarda yenidən oğurluq edib. O, Nərimanov rayonunda bir-birlərinə yaxın olan, birci mərtəbədə yerləşən 4 evdən ümumilikdə 113 min manatlıqlıq qızıl-zinət əşyaları və pul vəsaitləri oğurlayıb. Ən çox zərərçəkmiş qismində isə mərhum Rasim Qasımovun ailəsi tanınıb. Niyaməddin Əliyev ələ keçməzdən 4 il əvvəl eyni hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi 17 və 18-ci Polis Şöbələri əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, o, 04.07.2018-ci il tarixində DİN-nin yaydığı məlumatda deyilir ki, Nərimanov RPİ 17 və 18-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinərək həbs edilib. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə oğurluq cinayətlərini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Nəticədə o, kifayət qədər təcrübəli və "peşəkar oğru"ya çevrilib. Təqsirləndirilən şəxs oğurluq cinayətlərini törətməklə böyük təcrübə qazanıb və həmin təcrübədən çox məharətlə istifadə edərək çoxsaylı oğurluq cinayətlərini törədib. Qazandığı təcrübə nəticəsində demək olar ki, o, hər dəfə daha az məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsi ilə məsuliyyətə cəlb edilib.

 

Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəlki cinayət əməlləri üzrə qazandığı təcrübədən istifadə etməklə və zərərçəkmiş şəxsin yaşadığı mənzildən oğurladığı əşyaların dəyərini mübahisələndirməklə bu dəfə də Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilmək istəyərək, daha yüngül şəkildə cəzalandırılsını istəyib. Amma bu dəfə Cinayət Məcəlləsinin 177.3.2, 325 və 326.2-ci maddələrindən yayına bilməyib. O, mərhum Rasim Qasımova aid mühüm dövlət sənədlərini və medallarını oğurladığı üçün 325 və 326.2-ci maddələr cinayət ittihamına salınıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Əliyev Niyaməddin Barat oğluna ümumilikdə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 14 May 2024, 08:46   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
pravda.az

2Mənbələr