AZ

Taksi sayının azaldılması nəqliyyata əlavə yük verəcək- qorxu...

Image

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər. 

Taksi sayının azalması qərarı ölkədəki ictimai nəqliyyatın taleyinin necə olacağı barədə bir sıra sualların yaranmasına səbəb olub. Məlumdur ki, yerin altı – metroda sıxlıqdır. Əsasən pik saatlarda metroya minmək, ünvan başına çatmaq mümkünsüzdur. Yerin üstündə də vəziyyət xoş deyil. Belə ki, avtobusların da sayı çox deyil. Dayanacaqlarda avtobus gözləyənlərin sayı günü-gündən artır. Qeyd edək ki, şəhərin mərkəzində avtobuslar yeni olsa da, onlar da ləng işləyir, bəzən bir avtobusu intervalda göstəriləndən qat-qat çox gözləməli olursan. Buna tıxacın səbəb olduğu deyilir. Lakin bu məsələdə xəttə buraxılan avtobus sayının azlığı da rol oynayır. “Manatlıq” taksilər də ləğv olunub. Belə olan halda şəxsi avtomobili olmayan istədiyi ünvana, məkana necə getsin? Bu səbəbdən də ekspertlər hesab edir ki, taksi sayının azalması ilə sərnişinlərin vəziyyəti daha da ağırlaşacaq.

Rauf Ağamirzəyev: “Taksiyə tələbat ona görə var ki, ictimai nəqliyyat istənilən səviyyədə deyil” 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, taksiyə tələbat ona görə var ki, ictimai nəqliyyat istənilən səviyyədə deyil. İstənilən səviyyədə olması üçün investisiya yatırılmalı, üstünlük təmin olunmalı və ictimai nəqliyyata gedən yol bariyersiz olmalıdır: “Fərqli hərəkət iştirakçıları üçün səkilər azad edilməli, dayanacaqların əlçatanlğı artmalı və avtobusların yan alması üçün müasir yanaşmalar olmalıdır. İctimai nəqliyyatın üstünlüyünü təmin edən avtobus zolağı, mikromobillik vasitələri üçün velozolaq təşkil edilməli və sərt nəzarət olmalıdır. Bu zaman insanların prioriteti dəyişəcək. İnsanlar artıq avtomobilə meyllilikdənsə daha alternativ növlərə yönələcək. Bizim gündəlik mövzumuz ictimai nəqliyyatın keyfiyyətinin artırılması və sərt nəzarətin təmin olunması önündəki baryerin aradan qaldırılması olmalıdır”.

Elməddin Muradlı: “Hazırda Azərbaycanda ictimai nəqliyyatın qaydasında və əlçatan olmaması vətəndaşları taksilərə üz tutmağa məcbur edir” 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bir çox ölkələrdə taksilərin sayında məhdudiyyətlər mövcuddur. Bu zaman şəhərin böyüklüyü, əhali sayı nəzərə alınaraq kifayət edəcək taksinin sayına qərar verilir: “Bu təcrübədən bir çox ölkələrdə, eləcə də qardaş Türkiyədə istifadə olunur. Hesab edirəm ki, Azərbaycanda bu addımın tez bir zamanda atılması yaxşı nəticə verməz. Hazırda taksilər islahatlar ərəfəsindədir. Onların bir çoxunun da sənədləri qaydasında deyil, eyni zamanda onlara rəng, forma və s. məqamlardan məhdudiyyətlər tətbiq olunur. Buna görə də birdən-birə say məsələsini ortaya çıxarmaq effektiv olmaya bilər”.

Ekspert onu da əlavə etdi ki, hazırda Azərbaycanda ictimai nəqliyyatın qaydasında və əlçatan olmaması vətəndaşları taksilərə üz tutmağa məcbur edir. Bu da taksilərə olan tələbatı artırır. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
baki-xeber.com

1Mənbələr