AZ

Tələbələrimiz PUA hazırladı

Ali məktəblərimizdə gələcəyin yüksəkixtisaslı mühəndisləri yetişdirilir

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti (AzTU) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin birgə hazırladıqları müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib. Bu, Ulu Öndərimizin əziz xatirəsinə dərin ehtiram, xalqımıza böyük hədiyyə olub. Fərəhli haldır ki, hələ ali məktəb auditoriyasından ayrılmamış itedadlı gənclərimiz mürəkkəb müasir texnika nümunəsi hazırlamağa müvəffəq olublar. Əlbəttə, hamımız üçün sevindirici haldır.

Tələbələrin layihələndirdiyi PUA Azərbaycan Texniki Universiteti, Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) və Milli Aviasiya Akademiyasının iştirakı ilə həyata keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksəkixtisaslı mühəndis hazırlığı təlim proqramı çərçivəsində hazırlanıb.

Tələbələr 8 ay ərzində TUSAŞ mütəxəssislərinin təlimlərində iştirak edərək Mühəndis Təkmilləşdirmə Proqramını uğurla başa vurublar. Proqramın əsas məqsədi pilotsuz uçuş aparatlarının istehsal və istifadə edilməsi üçün yerli mühəndislərin hazırlanmasıdır. Bildirilib ki, proqrama hər iki ali təhsil müəssisəsinin iqtisadiyyat üzrə ixtisaslar istisna olmaqla, digər bütün mühəndislik fakültələrində (aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s.) təhsil alan tələbələr cəlb edilib.

Qeyd olunan ixtisaslarda təhsil alan bütün tələbələr layihə əsaslı və açıq rəqabətli öyrənmə-öyrətmə modelinə söykənən bu təlim proqramına ingilis dili və qabiliyyət üzrə test imtahanlarından keçməklə qəbul ediliblər. Ümumilikdə dörd mərhələdən ibarət olan təlim proqramı ideyadan ilk uçuşa qədər nəzərdə tutulmaqla, pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı məqsədilə təşkil olunub. Proqramın nəzəri hissəsi üç həftə, praktiki əsasları beş həftə, istehsal dörd həftə, test (uçuş) mərhələsi dörd həftə davam edib. PUA-nın bütün detalları həmin layihə çərçivəsində AzTU-da yaradılan xüsusi emalatxanada hazırlanıb. Layihə çərçivəsində hazırlanan müdafiə təyinatlı pilotsuz uçuş aparatının koordinat məlumatları GPS sistemi vasitəsilə yerdəki stansiyaya göndərilir. Məsələn, düşmənin və dostun təyin edilməsi məqsədilə əsgərlərin geyindiyi formalar (beretlər) rənglərə görə fərqlənməlidir. Göy rəngli beret dost ünsürünü bildirir, düşmən isə digər rəngdə geyimə görə müəyyən edilir. Missiya 50 metr hündürlükdə 10 dəqiqə sabit uçuş şəraitində həyata keçirilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir. Tapşırıq zamanı düşmənin koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar analiz olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI) göstərilən məlumatlar əsasında PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.

Beləliklə, tələbələrimizin bu nailiyyəti ölkəmizdə böyük qürurverici elmi hadisə kimi sevindiricidir. Qarabağ münaqişəsinin ilk illərində hərbi hissələrimizlə sıx əlaqə yaratmaq üçün ratsiya az tapılırdısa indi həmin ratsiyalar ordumuzda köhnəlmiş retro texnika sayılır. Ölkəmiz artıq kibertexnika mərkəzlərindən birinə çevrilməkdədir. Orduda texnikanın elektronlaşdırılması yüksək səviyyəyə çatdırılır. Xüsisi qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsinin taleyini demək olar ki, elektron texnikadan istiadə həll etdi. Erməni ordusu göz açmağa, hansısa müdafiə əməliyyətına əl atmağa belə macal tapmadı. Nöqtə atışı düşmənin canlı qüvvəsinin toplaşdığı səngərləri, qərargahları, zirehli texnika və avtomobil karvanlarını, betonlaşdırılmış anbarları darmadağın etdi. Əvvəllər Azərbaycan Ordusunda belə hərbi güc görməyən Ermənistanın əsgər və zabitləri çaşqınlıq içində qaçmaqdan başqa çarə tapmadılar. Bu gücün qarşısında davam gətirə bilməyən 11 min erməni əsgər və zabiti fərarilik etdi. Onların arasında generallar, polkovniklər, mayorlar da vardı.

Aydındır ki, gələcək müharibələr top-tüfənglə deyil, müasir güclü silahlarla aparılacaq. Buna isə hazırlaşmaq lazımdır. Tələbələrimizin bu məqsədlə yetişdirilməsi olduqca vacibdir. Dediyimiz kimi, gələcək savaşların taleyini elektronlaşdırılmış silahlar həll edəcəkdir.

Vəli İlyasov, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
ikisahil.az

1Mənbələr