AZ

Radikal müxalifətin reallıqlarla üzləşmək qorxusu...

Künc zərbəsi

Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar

Əyilməz ruhumuzun rəmzi olan Şuşa da azad Qarabağın və Şərqi Zəngəzurun əzəli sakinlərinə, əsl sahiblərinə qovuşan yaşayış məntəqələri sırasında yerini tutdu, şuşalıların 32 illik həsrəti başa çatdı. Ürəyi Azərbaycan sevgisi ilə döyünən, damarlarında türk, azərbaycanlı qanı axan hər kəs çoxəsrlik tariximizin ən şanlı səhifələrinin yazıldığı, dilimizdə “Şuşa” kəlməsinin xarıbülbül kimi gül açdığı bugünlərin sevincini, qürurunu yaşayır. Elə möhtəşəm hadisələrin şahidi və iştirakçısıyıq ki, duyğuları ifadə edəcək söz tapmaq asan deyil...

Bəli, Azərbaycan bütün dünyanın çaşqın baxışları altında erməni lobbisinin əsirinə çevrilmiş böyük güclərin məkrli planlarını alt-üst edərək ürəyində xərçəng yarası kimi kök atıb şaxələnmiş Qarabağ adlı iki yüz illik problemini birdəfəlik həll edib. Bu, elə bir problem idi ki, qan-qadalı son otuz ili torpaqlarımızın işğalı, yüzminlərlə insanımızın öz doğma ata-baba yurdundan didərgin salınması, günahsız, dinc vətəndaşlarımıza qarşı soyqırımların törədilməsi ilə ən ağrılı yerimizə çevrilmişdi. Adı gələndə köks ötürür, çarəsizliyimizi utancımızla təsəlli edir, sərhədlərimizdən kənar dost-düşmən yanında mövzusu açılanda diligödək, günahsız “günahkara” çevrilirdik. Şükürlər olsun, Qarabağ acımız bitdi! İçimizdəki ölməyə qoymadığımız inamımızla, dövlətimizə, Prezidentimizə olan güvənimizlə, etibar və etimadımızla daha bu adda “problem”, “münaqişə” geridə qalıb və indi erməni işğalından azad edilmiş o gözəl torpaqlarımıza yenidən həyat qayıdır.

Ancaq bu gün Zəfər salnamələrinin həkk edildiyi tariximizin ağrı-acılarla dolu səhifələrini yenidən vərəqləmək, xalqımızın üzləşdiyi böyük xəyanətləri xatırlamaq da lazımdır. Çünki Böyük Qayıdışın növbəti ünvanlarından olan Şuşa şəhəri də daxil olmaqla ərazilərimizin vaxtilə erməni təcavüzkarları tərəfindən işğalını şərtləndirən ən mühüm amillərdən biri, bəlkə də birincisi ötən əsrin 90-cı illərində Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, hakimiyyət uğrunda gedən mübarizə olmuşdur. Məhz hakimiyyəti qanunsuz yolla zəbt edərək ölkəni şəxsi maraqlarının qurbanına çevirən, fəlakətə sürükləyən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, satqınlığı xalqımızı çıxılmaz problemlərlə üz-üzə qoymaqla bərabər, düşmənlərimizə əzəli torpaqlarımızı ələ keçirmək fürsəti yaratmışdı. Kəndlərimiz, rayonlarımız gündən-günə azğınlaşan erməni silahlı birləşmələri tərəfindən işğal ediləndə Bakıda hakimiyyət davası aparan antimilli qüvvələr bu işğallardan öz ambisiyalarını həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Ölkənin məqsədli şəkildə böhrana sürüklənməsi, ordu quruculuğu sahəsində heç bir iş aparılmaması daxildə AXC-Müsavat cütlüyünün olduğu kimi, xaricdə də Azərbaycan düşmənlərinin işinə yarayırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin may ayının 10-da Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı dediyi kimi, bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur: “Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar.”

Danılmaz faktdır ki, Şuşa AXC-Müsavat funksionerlərinin hakimiyyətə can atmaları və ovaxtkı hakimiyyətin satqın, qorxaq siyasəti səbəbindən işğal altına düşdü. Halbuki, bu alınmaz qalamızı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Sadəcə, dövlət başçısının dediyi kimi, Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı: “İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi.”

AXC-Müsavat cütlüyünün reallıqlarla üzləşmək qorxuları canlarından çıxmayan tör-töküntüləri, onların əlaltıları yenə də xəyanət, satqınlıq yolunu tutublar. Əli kərimlilər, isa qəmbərlər, fuad qəhrəmanlılar, gültəkin hacıbəylilər, cəmil həsənlilər, “siyasi mühacir” adı altında xaricdən Azərbaycana dil uzadan, ölkəmizin və dövlətimizin nüfuzunu ləkələməyə çalışan sevinc osmanqızılar, qabil məmmədovlar, qənimət zahidlər, məhəmməd mirzəlilər Qələbəmizə ona görə sevinmədilər, sevinmirlər ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar onların sifarişçilərinin ölkəmizlə bağlı məkrli planlarını pozub. Özləri kimi bütün imkanları tükənən radikal müxalifətin isə mövcudluğu daha heç kimə lazım deyil. Görün, başda “Avropaya inteqrasiya” deyə, dad çəkən Əli Kərimli olmaqla bu qaragüruhçular nə gündədirlərsə xaos və qeyri-sabitliyin hökm sürdüyü Ermənistanı, Gürcüstanı xalqa nümunə göstərirlər...

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın gündən-günə daha geniş vüsət alması həm ermənilərə və bütün xarici düşmənlərə, həm də daxili antimilli satqınların qarayaxmalarına verilən ən tutarlı cavabdır. Azərbaycanı, onun möhtəşəm Qələbəsini, əsarətdən qurtarılmış torpaqlarımızda həyata keçirilən sürətli quruculuq işlərini gözü götürməyənlər anlamalıdırlar ki, biz bütün bu uğurlara daim xalqının yanında olan Prezidentimiz və onun ətrafında yumruq kimi birləşmiş xalqımızın gücü sayəsində nail olmuşuq. Bu gücün qarşısında isə heç kəs və heç nə dayana bilməz!

Mahir Rəsuloğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135

1Mənbələr

Şərh ()
Bağla