AZ

Milli musiqimizin ifaçısı, təbliğçisi, öyrədicisi

Deyirlər dünyanı gözəllik xilas edəcək. Bir də deyirlər ki, musiqi Tanrının bəşər övladına sevgisinin təzahürüdür. “XQ”nin növbəti qonağı sənəti, gözəlliyi və sevgini vəhdət halına gətirən Əməkdar artist, Milli Konservatoriyanın müəllimi, xanəndə Nuriyyə Hüseynovadır. 

– Nuriyyə xanım, Ordubad rayonunun dağ­lıq Dırnız kəndindən peşəkar səhnəyə gəlib çıxmaq o qədər də asan sənət yolu deyil ...

– Böyük şəxsiyyətlərin həyat və yaradıcılığı­na nəzər salanda görürsən ki, əksəriyyəti ucqar kəndlərdən çıxıb. İndi mən özümü böyük hesab etmirəm... Amma harada doğulmasından asılı ol­mayaraq, Tanrı hər kəsə bir missiya verir. İnsanın yaranışından bu dünyanı tərk edəcəyi günədək həyatı proqramlaşdırılır, yolu müəyyən olunur. Və o yolda xeyirxahı kim olacaq, bədxahı kim... hamı­sı yazılır. Bəli, ucqar dağ kəndində doğuldum, bu gün dünyanın məşhur səhnələrindəyəm. Deməli, belə olmalı imiş...

Ağlım kəsəndən evdə anamdan xalq mahnı­larını, təsnifləri eşitmişəm. Anam bizə layla yerinə Cahangir Cahangirovun bəstələrini oxuyardı. Orta məktəbdə nəğmə dərsində səsim olduğunu bildilər. Məktəbin tədbirlərində çıxış edirdim. Bir dəfə də dedilər ki, respublika mahnı müsabiqəsi olacaq, iştirak üçün sənin də adını yazdırmışıq. Bölgələr­də başlayıb, Bakıda yekun vurulan yarışmada mən Naxçıvandan qatıldım və bölgənin qalibi oldum. Elə həmin gün bizi Bakıya aparmalı oldular. Məktəbi­mizin direktoru dedi ki, sən burada qal, mən gedib evinizdən pal-paltarını gətirəcəm. Onda beşinci sinifdə oxuyurdum, çaşıb qalmışdım, bilmirdim nə baş verir. Sıxılırdım, mənimçün çox çətin idi. 

Münsiflər heyətinin zəngin tərkibi vardı: Sara Qədimova, Şövkət Ələkbərova, İslam Rzayev, Vasif Adıgözəlov, Arif Babayev. Heyətə Niyazi rəhbərlik edirdi. Onların qarşısında çıxış etdik. Maestro dedi ki, biz yalnız müsabiqə üçün deyil, operanın gələcəyi üçün boy-buxunlu, gözəl, milli simalı Leyli tapmışıq. Mən o vaxt həmin fikirlərin mahiyyətini belə anlamırdım. Qaliblərin yekun konsertində ulu öndər Heydər Əliyev də iştirak edirdi. Onun qərarı idi ki, bölgələrdən istedad­lı gənclər seçilib gətirilsin Bakıda təhsil almağa. Növbə mənə çatanda elan olundu ki, çıxış edir Naxçıvan MR Ordubad rayonu Dırnız kənd orta məktəbinin beşinci sinif şagirdi Nuriyyə Məmmə­dova. Gördüm ki, Heydər Əliyev diqqətlə üzümə baxdı və gülümsədi. Konsertdən sonra mənə bö­yük bir çələng verdilər ki, bunu ulu öndərə sən təq­dim et. Sevncimdən uçurdum, hardan hara gəlib ölkə rəhbəri ilə görüşürdüm. Heydər Əliyev çələn­gi aldı və alnımdan öpdü. 

Hökumətin qərarı ilə müsabiqənin qalibləri Bül­bül adına orta ixtisas musiqi məktəbində oxumalı idilər. Orada bizim üçün ilk dəfə xanəndəlik sinfi açıldı. İslam müəllim, Şövkət xanım qaliblərə dərs deməyə başladılar. Valideynlərim mənim oxuma­ğıma razılıq vermədilər. Həmkarlar İttifaqı təşkilatı ölkə rəhbərinin iradəsini valideynlərimə məktubla çatdırdı. Sonra Həsən Həsənov Naxçıvana işgü­zar səfərə gələndə evimizdə oldu. Valideynlərimlə danışdı ki, onlar öz evlərindən daha etibarlı yerdə olacaq, xüsusi nəzarət altında təhsil alıb, yaşaya­caq və dövlət təminatında qalacaqlar. Beləliklə, gəldim Bakıya, amma dayımgildə qaldım. Təhsil illərində Səmərqənddə keçirilən musiqi simpoziu­muna qatıldım, Moskvada Azərbaycan Mədəniy­yəti Günlərində iştirak etdim. Valideynlərim əksər tədbirlərə qatılmağıma etiraz edirdilər. Bakıda keçirilən dövlət tədbirlərində çıxış edirdim. Bizi o tədbirlərə Niyazi, İslam Rzayev, Şövkət xanım ha­zırlayırdılar. Məktəbi bitirəndən sonra Konservato­riyada bizim üçün muğam sinfi açıldı. 

Birinci kursda oxuyanda ailə qurdum. Res­publika Həmkarlar İttifaqının sədri Lidiya Rəsulova məni yanına çağırdı. Bir az incik və acıqlı danışdı. Dedi ki, biz səni oxutdurduq ki, ailə qurub sənəti ikinci plana atasan? Amma ailə qurmasaydım vali­deynlərim sənətdə qalmağıma icazə verməzdilər. Bakıda tək qalmağımdan ehtiyat edirdilər. Təbii ki, mənim üçün ağır idi, valideynlərimin sözündən çıxa bilməzdim. Beş il konservatoriyada çox əziy­yət çəkdim. İki körpə uşaqla əyani təhsil alırdım. Ölkədə müharibə gedirdi, SSRİ dağıldı, yeni sis­tem yarandı. 

– Bakı Musiqi Akademiyasını bitirəndən sonra həm də pedaqoji fəaliyyətlə məşğulsu­nuz. Asəf Zeynallı adına Musiqi və Bakı Huma­nitar kolleclərində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Mədə­niyyət və İncəsənət Universitetində və hazırda Milli Konservatoriyada dərs deyirsiniz. Çətin ifaçılıq sənətini gərgin pedaqoji fəaliyyətlə necə uzlaşdıra bilirsiniz? 

– Məhz muğam sənətindən pedaqoji fəaliyyətə həmyaşıdlarım arasında ilk mən başlamışam. Dərs deyənlər var idi, amma muğam sənətindən yox. Öyrətdikcə özüm də öyrənirdim. Nəzəriyyə ilə təcrübə birləşəndə nəticə gözəl olur. Sənəti­min incəliklərini təhsil illərimdə əxz etmişdim, dərs demək məni püxtələşdirdi. Hər tələbəyə fərd kimi yanaşıb, yalnız sənəti deyil, ona həyatı da öyrət­mək müəllimin vəzifəsidir. Yaxşı tələbə yetişdirmək dünyanın gözəlləşməsinə xidmət etməkdir. Yalnız milli-mənəvi dəyərləri deyil, onlara həm də bəşəri dəyərləri aşılamalısan. Tələbələrim indi mənimlə bir səhnəni bölüşürlər. Bu yaxınlarda yaradıcılıq gecəm oldu, ərsəyə gətirdiyim, kitab şəklində çap olunan iyirmi beş əsəri tələbələrim tamaşaçılara təqdim etdilər. 

– Böyük Niyazi simanızda səhnəmizə yeni Leyli gəlir demişdi, amma siz Leyli olmadınız...

– Olmadım, bilmirəm niyə, bəlkə, vaxt tapma­dım, bəlkə də abır-həya mane oldu. Potensialımın çatdığı işlərə utancaqlığım imkan vermədi. Zəh­mətimlə bu günə gəlmişəm. Əməkdar artistəm, böyük əmək sərf etmişəm. Cənab Prezident bu adı xidmətlərimə görə verib. Layiq olduğum mərtəbəyə çatmamağıma abır-həya mane olub. Gedib yaxınlaşmalı, deməli idim, amma heç kimə heç nə demədim... 

– AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” (“İrs”) ansamblının rəhbəri olmusu­nuz. Məhz bu ansamblla xarici ölkələrdə kon­sertlər vermisiniz. Xaricdə muğamımız, milli musiqimiz necə qarşılanır? 

– Çox gözəl qarşılanır. Özünü dərk edən, mu­siqini duyan tamaşaçı dili bilməsə də, nə oxudu­ğunu anlayır. Bizim muğamlara heç dil gərək deyil, musiqi özü danışır. “İrs” ansamblı isə xüsusi ma­raq yaradırdı, geyimlərimiz, qədim musiqi alətləri­miz həmişə tamaşaçıya maraqlı olub. 

– Sizi Türkmənistanla da yaradıcılıq əlaqə­si bağlayır. Hətta Prezident Qurbanqulu Ber­diməhəmmədovun xüsusi mükafatına layiq görülmüsünüz. 

– Əslində, bu, TÜRKSOY-un sayəsində olub, onun tədbirlərində çox iştirak etmişəm. Türkdilli ölkələrin çoxunda çıxışlarım olub. Türkmənistan türkdilli ölkələrin paytaxtı seçilən il çıxışımdan son­ra Qurbanqulu Berdiməhəmmədov mənə onların milli geyimlərini və qızıl medalyon hədiyyə etdi. Belə tədbirlərdə hər ölkənin öz hədiyyəsi olurdu. Türkiyədə Qarabağ, Xocalı soyqırımı ilə bağlı elmi konfranslarda çıxışlar etmişik. Haqlı ola-ola haqsız duruma düşdüyümüzdən musiqinin dili ilə danışmı­şıq. Daim dövlətimin yanındayam. Tanımadığım, bilmədiyim özəl dəvətlərə getməmişəm. 

– “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin rəhbəri kimi də fəaliyyətiniz diqqətçəkəndir. 

– Birliyimiz 3 ildir fəaliyyətdədir. Çox fayda­lı tədbirlər keçirmişik. Zatən, ona qədər də belə fəaliyyətimiz var idi. Allah rəhmət eləsin rəfiqəm Qənirə Paşayevaya. O dedi ki, yaxşısı budur, öz QHT-ni yarat və onun xətti ilə keçir bu tədbirləri. İlk tədbirimizi Qarabağın fatehlərinə həsr etmişik. Həm sənətkar, müəllim, həm də ictimai təşkilat rəhbəri kimi dövlətimizə, insanımıza dəstək olma­ğa çalışırıq. Nə qədər bacarırıqsa onu da edirik. 

– Həmin o dağ kəndindən başlayıb bu günə gəldiyiniz yola dönüb baxanda nəyi dəyişmək, yaxud olduğu kimi saxlamaq istərdiniz? 

– Ailədə təhsilli, müasir insanların əhatəsində yetişmişəm. Həmişə onlardan “dərsini oxu, təhsil al” məsləhətini eşitmişəm. O yolu necə gəlmişəm­sə, elə də qalmışam, heç saç formam da dəyiş­məyib. Amma düşüncəm, həyata baxışım dəyişib. Ən böyük inkişaf mənəvi dəyərlərə söykənib gələ­cəyə baxmaqdır. Dönüb gəldiyim yola nəzərə sa­landa “kaş ki” heyfsilənməyim yoxdur. 

Üstündən neçə illər keçəndən sonra Fransaya konsertə gedəndə hava limanında Lidiya Rəsulo­va ilə rastlaşdıq. Məni qucaqladı, ailəmi, uşaqları­mı soruşdu və dedi ki, o vaxt sənə acıqlanmışdım, amma indi deyirəm, sən çox düz elədın, bu gün həm ailən var, həm də sənətin. 

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161

1Mənbələr

Şərh ()
Bağla