AZ

İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz

Sosial Tədqiqatlar Mərkəzində “İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz” adlı elmi konfrans keçirilib.

Bildirildi ki, Azərbaycan dilinin statusu heç vaxt bu qədər yüksək olmayıb. Bu­nunla belə, ölkəmizdə və Güney Azər­baycanda dil sahəsində həssas problem­lər qalmaqdadır. Bu problemlər dilimizin rəsmi adında, onun istifadə sahəsinin məhdud olmasında, yazı qaydaları və əlifbada, terminlər məsələsində, yad söz­lərin dilimizi doldurmasında, ad və soyad­larımızda, təhsil sistemində, medianın, internetin, reklamların, eləcə də qanunlar və digər rəsmi sənədlərin dilində özünü göstərir. 

Milli Məclisin deputatı Zahid Oruc dedi ki, milli kimliyimiz və onun ayrılmaz atributu olan milli dilimizin quruculuğu, inkişafı XIX əsrin sonu – XX əsrin əvvəl­lərində yeni elitanın – Azərbaycan maa­rifçiliyinin meydana çıxması ilə birbaşa bağlıdır. Milli kimliyin “türk” adlandırıldığı 1918–1935-ci illər istisna olmaqla, so­vetlərin sonunadək “azərbaycanlı” kimliyi üstün mövqe tutub. 1991-ci ildə müstəqil­liyin bərpasından sonra milli kimlik ətra­fında müzakirələr yenidən başlanıb. De­putatın sözlərinə görə, “vahid sovet xalqı, beynəlmiləl millət” yaratmaq planlarına baxmayaraq, Heydər Əliyev Azərbaycan adını, mədəni və mənəvi kimliyini, dilini, ənənələrini, tarixini və milli ruhunu heç vaxt imperiyanın “millətsizləşdirmə” ide­ologiyasına qurban verməyib.

Tədbirin aparıcısı, Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, bizim gəncliyimiz sovet dövrünə təsadüf edirdi, heç nəyə gücümüz çatmırdı, amma dilimiz, milli kimliyimiz uğrunda mübarizə aparırdıq. Davamız hər zaman ana dili olub.

Professor Nəsib Nəsibli qeyd etdi ki, ana dilimiz heç vaxt indiki səviyyədə yük­sək statusa malik olmayıb. Millətimiz hər zaman dilinə sahib çıxmalıdır.

AMEA-nın həqiqi üzvü Nizami Cəfərov bildirdi ki, dil məsələsində çox ciddi peşə­karlıq tələb olunur. Yetər ki, türk mənşə­li olmağımızdan imtina etməyək. Biz bu müzakirələri davam etdirməliyik. 

ADPU-nun prorektoru, professor Ma­hirə Hüseynova, “Şərq” qəzetinin baş re­daktoru Akif Aşırlı maraqlı təkliflərlə çıxış etdilər və bu cür konfransların önəmini vurğuladılar.

Tədbirin ikinci hissəsinin moderato­ru – STM-nin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli sözü Türk Dünyası Araşdır­maları İnstitutunun doktorantı Odər Qut­luərə verdi. “Dildə türkçülük gərəyi” möv­zunda çıxış edən məruzəçi türk dilinin önəminə geniş yer ayırdı. 

Güney Azərbaycanın Xoy şəhərindən olan yazıçı, tərcüməçi Araz Əhmədoğlu “Güneydə dil sorunu” məruzəsini təqdim etdi. Jurnalist Aygün Muradxanlı medi­anın dili haqqında fikirlərini səsləndirdi. STM-nin baş məsləhətçisi Əfqan Vəliyev və Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı da dilimizin inkişaf perspektivləri barədə fikirlərini bildirdilər.

Rizvan FİKRƏTOĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
xalqqazeti.az

1Mənbələr