AZ

Monteneqroda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə şahmat turniri keçirilib

Monteneqroda

Podqoritsa, 13 may, AZƏRTAC

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Herseq Novi şəhərində “Heydər Əliyev kuboku” uğrunda beşinci ənənəvi şahmat turniri keçirilib. Monteneqro Şahmat Federasiyası və “Prosvjeta” (“Təhsil”) şahmat klubu da turnirin həmtəşkilatçıları olub.

AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən “Portonovi Resort”un əməliyyatlar üzrə direktoru Seyran Mirzəzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz tarixi xidmətləri haqqında iştirakçıları məlumatlandırıb. Ümummilli Liderin 90-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında olarkən və böyük faciələrlə qarşılaşdığı, Azərbaycan xalqının ən çətin imtahanla üzləşdiyi məqamda, torpaqlarını itirərkən və daxili çəkişmələrin qurbanı olanda xalqın istəyi ilə hakimiyyətə gəldiyini, ölkəni dərin böhrandan xilas etdiyini deyib. İndiki suveren və güclü Azərbaycanın dahi şəxsiyyətin strateji uzaqgörənliyinin əsəri olduğu vurğulanıb.

O, Azərbaycanda şahmatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edib. Turnirin görkəmli dövlət xadiminin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini bildirib.

Herseq Novi bələdiyyəsi sədrinin müavini Mirko Mustur Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş turnirin məhz Herseq Novida keçirilməsindən şərəf duyduqlarını deyib. O, Azərbaycanın dünya miqyasında tanınmasında Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Bu gün Azərbaycanın nüfuzlu ölkə kimi tanındığını söyləyərək, ölkəmizin uğurlarına sevindiklərini diqqətə çatdırıb. Herseq Novi bələdiyyəsində həyata keçirilən Azərbaycanın mühüm investisiya layihəsinin təkcə təmsil etdiyi bələdiyyənin deyil, eyni zamanda, Monteneqronun və regionun elit turizm bölgəsi kimi tanınmasında müstəsna rolunun olduğunu deyib. Mirko Mustur Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Turnirə Monteneqro, Serbiya, Bosniya və Herseqovina, Rusiya və Ukraynadan qrossmeysterlər, beynəlxalq ustalar və FIDE ustaları qatılıb. “Heydər Əliyev Kuboku” üzrə birinci yeri qrossmeyster Nikola Dukiç qazanıb.

İştirakçılar davamlı dəstəyə görə “Azmont Investments” şirkətinə, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinə, Herseq Novi bələdiyyəsinə, “Prosvjeta” şahmat klubuna və Monteneqro Şahmat Federasiyasına təşəkkürlərini bildiriblər.

Ənənəvi turnirə ildən-ilə maraq artığından növbəti illərdə də keçirilməsi və daha da genişləndirilməsi qərara alınıb. Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
4

1Mənbələr

Şərh ()
Bağla