AZ

Neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi dövlətin əsas prioritetlərindəndir

2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. Bu dövrdə ixracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollar təşkil edib. Hesabat dövründə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. Qeyd edək ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455 milyon dollar təşkil edib.

Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmayıb. Belə ki, brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82,5, fevral ayında 82,8, bu ilin ilk aylarında isə uyğun olaraq 80,12 və 83,48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82,65, bu ilki dövr üçün isə 81,8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi, neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb. Bununla belə, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb. Neft hasilatı bu müddətdə 6,7 faiz azalıb. Ölkə ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi üçün bu, ümumi ticarət dövriyyəsində azalmalarla müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır. Elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiyası baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır.

Neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi dövlətin əsas prioritetlərindən biridir. Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb. Belə ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da, faktiki 1 milyard 84 milyon xərclənib. Sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb.

Məlum olduğu kimi, 2024-cü il üçün Azərbaycanın dövlət büdcəsinin xərclərinin 40 faizi, cari xərclərin 70 faizi sosial yönümlüdür. Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir. Son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əmək haqqı 2,8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər.

Xatırladaq ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Sosial təminata 2024-cü ilin geridə qalan aylarında daha çox vəsaitin xərclənməsi isə ilin növbəti aylarında da sosial ayırmaların prioritet olacağından xəbər verir.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
ikisahil.az

1Mənbələr