AZ

Qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin

Dövlət başçısı İlham Əliyev Şuşa şəhərinə köçmüş sakinlərlə görüşündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və «Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024» ilinin açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülhün rəmzidir

Şuşa bu gün çal-çağırlı günlərini yaşayır. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə elə bir gün yoxdur ki,  Qarabağın tacı Şuşa hansısa hadisəyə şahidlik etməsin, qonaqlarını qarşılamasın. 28 illik həsrətdən sonra  tarixi sahibinə qovuşan torpaqlarımız, o cümlədən Şuşa bərpa-quruculuq dövrünü yaşayır. Müasir şəhərsalma qaydalarına uyğun olaraq qurulan Şuşada keçirilən hər bir tədbir tarixi Zəfərimizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Artıq sakinlərinə qovuşan məkanlarımızın sırasında Şuşa şəhərinin də adı var. Dövlətimizin başçısı İlham Əliyevin müasir müstəqil Azərbaycan dvölətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə  Şuşa şəhərinə qayıdan sakinlərlə görüşməsinin öz rəmzi mənası vardır. Ümummilli Lider Qarabağı, Şuşanı, Xankəndini daim azad görmək istəyirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Biz bu torpaqlardayıq və burada  əbədi olacağıq.

Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və «Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024» ilinin açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev vurğuladı ki,  28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı.  İlk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşdılar.  Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Bu mühüm məqamı da qeyd edək ki, tarixi Zəfərimiz «Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpasına yol açdı. Builki Xarıbülbül” festivalı  Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edildi. Bir çox müsəlman ölkələrinin kollektivləri Cıdır düzündə öz məharətlərini ifadə etdilər.  Bu, birlik,  həmrəylik bayramı oldu. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir. İslam ölkələrini bir araya gətirən  İslam Əməkdaşlıq Təşkilatı  həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın bu təşkilatda təşəbbüslərinin  qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı özündə hazırkı dövrün çağırışlarını və onlara yanaşmada  Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini ehtiva edir. Cənab İlham Əliyev çıxışında bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Bu torpaqları ermənilərə vəd vermişdilər: «Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.»

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu reallıqların fonunda gələcəklə bağlı müəyyənləşdirilən hədəflərin təqdimatıdır.  Mayın 10-da Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfər edən cənab İlham Əliyevin açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə görülən işlərin ölçüyəgəlməzliyini görür və bundan böyük qürur hissi keçiririk. Reallıq budur ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi, amma sonda  ədalət özü bərpa etməli oldu. Üçrəngli Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. Bu Zəfərə Vətən oğullarının canı, qanı bahasına nail olmuşuq. Cənab İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və  xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu  təsdiqlədi.  Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və çıxardı. Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki,  BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanında olduğumuz unudulmasın. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruğ»un yerində olmasıdır. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki,  Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında  bu reallıqları öyrənməyə məcbur oldular. Amma təəssüflər olsun ki, bu gün də ikili siyasətlərini davam etdirən dünya gücləri var və onlar ədaləti, beynəlxalq  hüququ maraqlarının arxasında gizlətməklə problemlərin yaranmasının fərqindədirlər.

İstər 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə, istərsə də postmünaqişə mərhələsində  ATƏT-in keçmiş  Minsk qrupunun həmsədr dövlətləri ölkəmizə qarşı qərəzli mövqelərini  açıq-aşkar büruzə verirlər. Cənab İlham Əliyev çıxışlarında bu məsələyə daim diqqət yönəldir.  Dövlət başçısının  Şuşa sakinləri ilə görüşü də bu baxımdan diqqətdə oldu. Bu reallıq hər zaman önə çəkilir ki, vaxtilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlər heç zaman bu sənədin icrasına səy göstərməyib. Ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən dünya gücləri görəsən  artıq tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanması prosesində missiyalarına uyğun olaraq «fəaliyyətlərini» təhlil edərkən  ölkələr arasında münasibətlərin formalaşmasında əsas amil olan etimad mühitini sıfra endirdiklərini düşünürlərmi? Bu ölkələrə inam necə yarana bilər? BMT Təhlükəsizlik Şurasının qətnamələrinin zamana və məkana görə tətbiqi  dünyanın hüquq problemini yaşadığını və bundan xilas olmaq barədə düşünülmədiyini təsdiqləmirmi? Təbii ki, bu kimi  sualları xeyli sayda sadalamaq olar.

Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə diplomatik korpusların nümayəndələrinin səfərlərini yada salaq. Daim bu səfərlərdən imtina edən keçmiş Minsk qrupunun həmsədr  ölkələrinin Azərbaycandakı səfirlikləridir. Təbii ki, belə səfərlərdə məqsəd onları yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış etməkdir. Beynəlxalq təşkilatların, bəzi aparıcı dövlətlərin Azərbaycana ikili standartlarla yanaşmaları həmişə özünü göstərir.  ATƏT-in keçmiş  Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinin  belə səfərlərdən imtinası dövlətimiz tərəfindən  ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edilir.  Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. 30 ildə işğalçını adı ilə çağırmağın münaqişənin həllinə  mane olacağını bildirib diqqəti erməni sevgilərindən yayındırmağa çalışan bu ölkələrdən sahibinə qovuşan torpaqlarımıza səfər edib gördüklərini ədalət baxımından qiymətləndirəcəklərini  düşünmək sadəlövhlük olardı. Azərbaycan tarixi Zəfərə imza atdığı halda Fransanın ilk gündən münaqişənin hələ həll edilmədiyi barədə rəy formalaşdırmaq  üçün dərindən-qabıqdan çıxıdığını unutmuruq. Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifindən və qarşı tərəfin bu müqavilənin imzalanmasında maraqlı olmasından narahatlıq keçirən Fransadır. Bu məsələ ilə bağlı müxtəlif məkanlarda və formatlarda keçirilən görüşlərə qatılıb sülh təklifini dəstəkləyən, amma görüş qurtaran kimi Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirən Fransadır. Eyni fikirləri ABŞ haqqında da söyləyə bilərik. Ötən ayın 5-də ABŞ, Avropa İttifaqı və Ermənistanın müştərək konfrasının  keçirilməsi Qərbin niyyətinə işıq saldı. Baxmayaraq ki, tərəflər bu görüşü Ermənistana iqtisadi yardım adı altında ört-basdır etməyə çalışdılar. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Bu məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan 30 illik işğal dövründə məsələnin həlli üçün bütün  beynəlxalq təşkilatların malik olduğu potensialdan yararlanmaqda maraqlı olduğunu bəyan etdi. Ölkəmizin BMT  Baş Assambleyasına Faktaraşdırıcı Missiyanın yaradılaraq işğaldan azad edilmiş ərazilərimizdə süni məskunlaşma  faktının araşdırılması ilə məşğul olması təklifi Ermənistanda və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərində böyük narazılığa səbəb oldu. Azərbaycanın bu addımı Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirildi. Lakin rəsmi Bakı bunun vasitəçiliyə heç bir aidiyyəti olmadığını bildirdi. ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və iki dəfə işğaldan azad edilmiş ərazilərimizdə oldu. Hesabatların hazırlanması məqamı yetişdikdə yenə də Missiya işğalçının adını çəkməkdən imtina etdi. Qurum açıq-aydın nümayiş etdirdi ki, Ermənistanın müdafiəsi onlar üçün əsasdır. Bunların fonunda  bu günlərdə ABŞ-ın ölkəmizdəki  səfirinin Şuşaya və Füzuliyə hansı səbəbdən səfər etməsi artıq heç bir mahiyyət kəsb etmir.  Dövlət başçısı İlham Əliyevin Şuşa sakinləri ilə görüşündə qeyd etdiyi kimi,  hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir: «Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.» Cənab İlham Əliyev, eyni zamanda, diqqəti  İkinci Qarabağ müharibəsindən sonra  Ermənistana  sərhədin ədalətli müəyyən edilməsi ilə bağlı  edilən təklifə də diqqəti yönəldərək  bildirdi ki, yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq: «Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm.»

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan istədiyinə kimin hansı mövqedə olmasından asılı olmayaraq nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir. Cənab  İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri  Ermənistana mühüm mesajlarla yadda qalır.  Nəzərə alaq ki, Azərbaycan dünya hərb tarixində  bəlkə də birinci olar ki, belə bir addımı atdı. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki,  mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı,  məscidlərimizdə donuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Dövlət başçısı İlham Əliyev Şuşa şəhərinə qayıdan sakinlərlə görüşündəki çıxışında da bu məqamı xüsusi qeyd etdi: «Biz sülhsevər, biz qurub-yaradan xalqıq. Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar. Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Yaxşı, məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. Biz buraya qayıdan kimi, dərhal guya orada aparılmış təmiri ləğv etdik, onu yenidən qurduq. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq.»

Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin Ermənistan silahlı qüvvələri sərhəddə təxribatlarını yenə də davam etdirdi. «Dəmir yumruğ»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi.  Lakin bu əməliyyatlar da tez unuduldu. Təbii ki, Ermənistana bu dərsləri unutduran himayədarlarının dəstəkləri idi.  Fransa Ermənistanı silahlandırmaqla vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu təsdiqləyir. Ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri bütün bu məqamlara işıq saldı. Ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Azərbaycan hər zaman  haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu atdığı addımları ilə sübut edir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan  tarixi ədaləti özü bərpa etdi. Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı ki, ədalət və beynəlxalq hüquq məfhumları var və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Məkana və zamana görə bu prinsiplərin tətbiqi etimad mühitini heçə endirməklə yanaşı, dünya güclərinə inamsızlıq yaradır. 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrü bu mənzərənin  təqdimatında öz sözünü deyir.

Dövlət başçısı İlham Əliyev Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və «Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024”» ilinin açılış mərasimindəki çıxışında da bu torpaqların sahibinin biz olduğumuzu əsaslı şəkildə qeyd edərək çağırışlarını səsləndirdi.  «Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük» söyləyən cənab İlham Əliyev bildirdi ki,  Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik: «Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.»

Dünyaya səs salan Şuşa əməliyyatı dastana çevrilib. Qəhrəman əsgər-zabitlərimiz sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etdilər. Məhz bu baxımdan dövlətimizin başçısının  vurğuladı kimi,  Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq, zəfər  və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək. Müzəffər Ali Baş Komandan böyük əminliklə qeyd etdi ki,  bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq: «Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.»

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu mühüm addım  İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq.  İl çərçivəsində ölkə daxilində və onun hüdularından kənarda keçirilən tədbirlər 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının geniş təbliğinə öz töhfələrini verəcək. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti islam dünyasının birilyinin, həmrəyliyinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışında bildirdi ki,  Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı.

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121

1Mənbələr

Şərh ()
Bağla