AZ

“Azarkeşlər həmişə qələbə istəyir, bu aydın məsələdi” - Vidadi Əhmədov “Turan Tovuz”un mövqeyindən razıdı

“Turan Tovuz”un son üç oyundakı məğlubiyyəti avrokubok şansını “dəfn etdi”, həmçinin tovuzlu azarkeşləri qıcıqlandırdı.

“Zirə” məğlubiyyət bardağı daşıran sonuncu damla oldu. Oyundan sonra hisslərini cilovlaya bilməyən azarkeşlər baş məşqçi Ayxan Abbasovu istefaya səslədi. Bütün bunların fonunda kapitan Kamal Bayramov da məsələyə qarışdı. Tovuz təmsilçisi srağagün Ayxan Abbasovun arxasında olduğunu, azarkeşləri isə bu yolda komandaya dəstək olmağa çağıran paylaşım etdi:
“Dəyərli “Turan Tovuz” azarkeşləri! 9 illik həsrətdən sonra komandamızın premyer-liqaya yüksəlməsi hər birimizə sevinc bəxş etdi.Məsuliyyətli yolda geniş və əhatəli inkişaf planı hazırlayaraq elitada qalıcı və bütün sahələr üzrə peşəkar klub formalaşdırmağı hədəfləmişik.Bütün işlərin həyata keçməsi üçün öz gücümüz, maliyyə imkanlarımız daxilində əlimizdən gələni əsirgəməyəcəyik. Strategiyamızı, missiyamızı dəfələrlə ictimaiyyətə açıqlamışıq. Məqsəd pillə-pillə bütün çatışmazlıqları aradan qaldırıb, gələcəkdə həm akademiyamızın bəhrəsindən yararlanmaq, həm dəmedallar uğrunda mübarizə aparan komanda formalaşdırmaqdı. Bunun üçün zaman və səbr lazımdı. Cari mövsümün əvvəlində də qarşımıza qoyduğumuz məqsəd premyer-liqada möhkəmlənmək, təcrübə toplamaq, mərhələli şəkildə bütün sahələrdəki çatışmazlıqları aradan qaldırmaq olub. Buna baxmayaraq, komandamız avrokuboklara vəsiqə qazanmaq şansını sona 5 tur qalmışa kimi davam etdirdi.“Turan Tovuz” azarkeşləri komandalarına bağlılığı ilə seçilib və diqqət mərkəzində olub. Klubumuz həmişə bütün çətinliklərə azarkeşləri ilə birlikdə sinə gərib, məqsədlər uğrunda bir ailə kimi birlikdə addımlayıb.Həmişə azarkeşlərimizin irad və tənqidlərini anlayışla qarşılayıb nəticə çıxarmağa çalışmışıq. Bildirmək istəyirik ki, klub rəhbərliyiseçdiyi yolun və baş məşqçinin arxasında olacaq. Gəlin bu çətin və şərəfli yolda birlikdə addımlayaq. Səbrlə, anlayışla komandamızın yanında olaq. Bu yolda mane olanlara imkan və fürsət verməyək. Biz bir ailəyik - birlikdə bütün çətinliklərin öhdəsindən gəlib, daha böyük zirvələri fəth edəcək bir ailə!”.


Bütün bu məsələlərlə bağlı “Turan”ın sabiq prezidenti Vidadi Əhmədovla danışdıq:
“Düşünürəm ki, azarkeşlərin klub rəhbərliyi ilə bağlı heç bir problem yoxdu. Sadəcə, baş məşqçiylə bağlı narazılıqları var. Azarkeşlər həmişə qələbə istəyir, bu aydın məsələdi. Ancaq burda bir məqamı da unutmaq lazım deyil: hər mövsümün əvvəlində rəhbərliyin klubun qarşısına qoyduğu hədəf olur. Doğrusu, inanmıram ki, rəhbərlik klubun qarşısına yuxarı pillələrdə qərarlaşmaq, avrokuboklara vəsiqə qazanmaq şansı qoysun. Fikrimcə, ilkin hədəf elitada yerini qorumaqdı. Hazırkı xal durumuna baxanda görünür ki, klub istəyinə nail olub. Lakin azarkeşləri də başa düşmək olar. Bəziləri tələb edir ki, komanda baxımlı futbol oynasın. Hər məşqçinin isə öz taktikası var. Elə çalışdırıcı var ki, baxımlı futbol oynatmaq üçün çalışır, eləsi də var ki, nəticəyə yönümlü oyun sərgiləyir. Ola bilsin, Ayxan Abbasov da baxımlı futbol əvəzinə nəticəyə yönəlik futbol oynatmağa üstünlük verir. Bu da öz növbəsində məşqçi ilə klub rəhbərliyi arasında baş tutan söhbətdən asılıdı. Məsələnin içində olmadığım üçün daha ətraflı məlumatım yoxdu. Ancaq hesab edirəm ki, baş məşqçi klub rəhbərliyini qane edirsə, postunda qalır. Çünki əsas ağırlıq klub rəhbərliyinin üzərinə düşür. Komandanın baxımsız oyun nümayiş etdirdiyini deyən azrkeşlər mənəvi zərbə alırsa, klub rəhbərliyi də nəticəyə yönümlü futbol oynatmayacağı təqdirdə maddi zərbə alır. Ümid edirəm ki, bu məsələlər yavaş-yavaş yoluna qoyular və rəhbərliklə azarkeşlər arasında heç bir problem olmaz. Eyni zamanda onu da qeyd edim ki, “Turan Tovuz” azarkeşləri ölkədə öndə gedən azarkeşlərdəndi. Doğrudu, maddi dəstək verə bilmirlər, amma mənəvi dəstək onlarda yüksəkdi”.


Vidadi bəyin azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsiylə bağlı fikrini də öyrəndik:
“Bunu azarkeşlərlə görüşdə aydınlaşdırmaq lazımdı. Bəlkə onlar da öz fikrini daha dəqiq izah etdi? Yaxud da onlara izah edilməlidi ki, biz belə istəyirik. Onda azarkeşlər də başa düşər”.


Sabiq prezidentöz dönəmindəki “Turan”la indiki komandanı da müqayisə etdi:
“Ayxan Abbasovun qalması və ya getməsi ilə bağlı bir söz deyə bilmərəm. Klubda 11-12 il rəhbər olmuşam. İlk illərdə birincilik üçün çalışırdıq və buna da nail olduq. Ancaq sonrakı illərdə müxtəlif səbəblərə görə 1-ci yeri tutmağın bizim üçün çətin olduğunu görürdük. Bunun nəticəsində də bəzi yaxşı futbolçularımızı itirirdik. Onlarla aramız çox yaxşı idi. Sadəcə, reallıqla barışmalıydıq. Həmin futbolçular arasında rəhmətlik Sakit Alıyev, Nizami Sadıqov, Hüseyn Məhəmmədiv var idi. Biz də futbolçularla qarşılıqlı razılıq əsasında yollarımızı ayırırdıq. Lakin o dönəmdə sistem elə qurulmuşdu ki, “Turan”ın güclü, gənc nəsli yetişirdi. Həmin gənc nəslin yanına kənardan iki təcrübəli legioner dəvət etmişdik. Həmin legionerləri də gənclərə bir növ məşqçi kimi gətirmişdik ki, nəyi, necə etmək lazım olduğunu öyrətsinlər. Yaxşı yadımdadı ki, Gülhüseynov qardaşları var idi. Onları Gürcüstandan gətirmişdik. Həmin qardaşların gənc futbolçularımızın yetişməsində böyük rolu oldu. Həmin dövrdə də “Turan”dan bir sıra gənc futbolçular çıxdı. İndi isə məsələ nə yerdədi - tam bilmirəm. Bu barədə Ehtiram Quliyevlə danışmamışam. Azarkeşlər elə bilir ki, legioner futbolçulara çox maliyyə sərf olunur. Bu nöqteyi-nəzərdən düşünürlər ki, daha az maliyyə ilə yerli oyunçuların hesabına güclülər dəstəsində möhkəmlənmək olar. Dediyim kimi, klubdaxili məsələlərdən tam məlumatsızam. Ehtiram müəllim savadlı adamdı, lazımi qərarlar qəbul etməyi bacarır”.

Vidadi bəy “Turan Tovuz”un turnir cədvəlindəki indiki yerindən razıdı:
“Əldə olan maliyyə ilə güclülər dəstəsində qalmaq, möhləmlənmək lazımdı. Ondan sonra isə müəyyən addımlar atılmalıdı”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80

1Mənbələr

Şərh ()
Bağla