AZ

“Benfika”ya milyonlar qazandıran futbolçular... - Yeni klublarında ümidləri heç cür doğrulda bilmirlər

Portuqaliya klubları Avropada oyunçularını nisbətən ucuz alıb baha qiymətə satması ilə çoxdan “ixtisaslaşıblar”.

“Football-plus.az” xəbər verir ki, bu planda “Benfika” xüsusi seçilir. Amma son illər lissabonlulara böyük pullar qazandıran bir çox futbolçular yeni klublarında ümidləri doğrulda bilmirlər. İndi onlardan bəzilərinin çıxışına nəzər salacağıq.

Joao Feliş
Ölkəsi: Portuqaliya
Klubu: “Atletiko”
Ampluası: hücumçu
Qiyməti: 127 milyon avro
Futbol bazarında qiymətlər çoxdan şahə qalxıb. Əlbəttə, bəzi futbolçuların çox yüksək dəyərə layiq bilinməsi təbii qarşılanmalıdı. Amma Joao Felişin yeniyetmə yaşında olarkən Kriştiano Ronaldodan daha artıq qiymət almasını əsaslandırmaq çətindi. Buna görə yalnız “Benfika” və futbolçunun agentini qınamaqla kifayətlənmək olmaz. Bu məsələyə görə FİFA və UEFA da tənqidlərə layiqdi. Çünki ali futbol təşkilatları hələ də transfer qiymətlərinin tənzimlənməsi işi ilə məşğul olmağı lazım bilməyiblər. Keçid zamanı qiymətlə bağlı məhdudiyyətlər nəzərdə tutulmur. Nəticədə oyunçu satılarkən ilk növbədə əvvəlki klubunun tələbi əsas götürülür. İstedadlı və gənc olduğunu nəzərə alan yeni klubu isə tələbi yerinə yetirməyə məcbur olur.

Felişə görə 2019-cu ildə 127 milyon avro xərcə düşən “Atletiko” bu oyunçunun transfer qiymətinin heç yarısı qədər belə xeyir görməyib. Təsadüfi deyil ki, İspaniya klubu onu 2023-cü ildə əvvəlcə “Çelsi”yə, sonra “Barselona”ya icarəyə verib. Portuqaliyalının bu komandalar ciddi şəkildə faydasının dəydiyini də iddia etmək olmaz. Joao Madrid klubuna qayıtmaq istəmir. Amma son xəbərlərə görə, “Barselona” artıq onun xidmətində maraqlı deyil. Xavi Ernandes əvvəlcə mövsümün sonunda gedəcəyini bəyan etsə də, sonradan futbolçularla rəhbərliyin istəyi ilə fikrini dəyişdi. Deyilənə görə, baş məşqçi artıq Felişi növbəti mövsümdə planlarına daxil etməyib və indi komandaya yeni hücumçu transfer etməyi düşünür. Fakt budur ki, Joao hələ də kamil futbolçu və yüksək məhsuldarlığı ilə seçilən hücumçu səviyyəsinə yüksələ bilməyib. “Göy-qırmızı”ların heyətində La Liqada 27 oyunda meydana çıxan futbolçu 7 qol vurub. O, “ikinci Qrizmann”a da çevrilə bilməyib. Sözün doğrusu, Antuan da kataloniyalılara Lionel Messini unutdurmağı bacarmamışdı. Nə isə, 24 yaşlı Feliş yayda “Atletiko”ya dönməyə məcburdu.
Bəzi bossları fırıldaqçılıqda ittiham olunan “Benfika” rəhbərliyi onu, belə desək, yüksək qiymətə madridlilərə sırımaqla qarşı tərəfi gülünc vəziyyətə salıb. Hər halda 127 milyon avroya iki əla futbolçu almaq olardı...

Entso Fernandes
Ölkəsi: Argentina
Klubu: “Çelsi”
Ampluası: yarımmüdafiəçi
Qiyməti: 121 milyon avro
DÇ-2022-nin qalibi futbol oynamağı yaxşı bacarır. Amma ortada çox maraqlı bir əqam var: mövsümün yarıdan çoxunu boşa verən “Çelsi” xal ehtiyatını məhz Entso Fernandes zədə alandan sonra artırmağa başladı. Yerli və xarici mənbələrdə onun mövsümün sonunda klubunu dəyişmək istəməsi barədə şayiələr dolaşmağa başladı. Səbəb kimi Entsonun gələn mövsüm Çempionlar Liqasında (ÇL) oynamaq istədiyi göstərilirdi. “Zadəganlar” isə heç vaxt bu turnirə qatılmağa real şəkildə iddia edə bilməyiblər. Amma argentinalı yarımmüdafiəçi matçlar zamanı fanatlara klubun embleminə böyük hörmətini göstərən jest və davranışları ilə diqqət çəkirdi.

Bu da var ki, Fernandesin komandaya verməyə çalışdığı faydanın göstəricisi kluba olan sevgisini tam şəkildə əks etdirmir. Maurisio Poçettino həmyerlisi zədələnəndən sonra müdafiəçi Mark Kukurelyanı meydanın mərkəzinə çəkdi. Mikel Artetanın “Arsenal”da Aleksandr Zinçenko ilə bağlı verdiyi qərara bənzəyən bu gediş qısa zamanda müsbət effekt verdi: “Çelsi” azarkeşlərini müsbət nəticələrlə sevindirməyə başladı.

Fernandes qeyri-sabitlik planında böyük ehtimalla Feliş qədər pis oyunçu deyil. Dünya çempionu meydanda əsl döyüşçü xarakteri ilə də seçilir. Ancaq London klubu ona görə 121 milyon avro ödəyib və Entso “zadəganlar”a ciddi faydası dəymədən Böyük Britaniyanın paytaxtını tezliklə tərk edə bilər. Londonluların Felipe Kaysedo ilə bağlı oxşar problemi olduğundan vəziyyət daha da qəlizləşib. İstənilən məşqçi yaxşı formada olmaları şərti ilə Entso – Felipe tandeminə üstünlük verər. Hər halda gənc və istedadlıdılar.

Digər tərəfdən Konor Qallaher narahatdı. Ona görə ki, argentinalı sağlam olarkən bu futbolçuya start heyətində yer tapılmır. Digər problem də var: axı Poçettinonun baş məşqçi vəzifəsində qalıb-qalmayacağı bəlli deyil. Son xəbərlərdə onun aqibətini komandanın avrokuboklara vəsiqə qazanıb-qazanmayacağının müəyyən edəcəyi vurğulanır. İstənilən halda klubun yeni sahibi Todd Boeli sona çatmaqda olan mövsümün bu dərəcədə boşa verilə biləcəyini düşünmürdü. Amma bu da var ki, “Çelsi” mövsümün əvvəlindən oyun planında problemlər yaşayıb. Bunun səbəbləri isə heyətə çox sayda yeni oyunçunun cəlb olunması və zədəlilərin sayının aşıb-daşması ilə bağlıdı. Fernandesə gəlincə, argentinalı hər halda potensialını daha yaxşı şəkildə nümayiş etdirməlidi. Amma sıraya dönəndən sonra optimal formaya düşsə belə, hazırkı klubuna həddən artıq baha qiymətə başa gəlməsi ilə bağlı fikir qüvvədə qalacaq. Maraq üçün qeyd edək ki, “Benfika” onu 2022-ci ildə “River Pleyt”dən 44 milyon avroya almışdı, satışından isə təxminən üç dəfə çox irəli düşüb!

Darvin Nunyes
Ölkəsi: Uruqvay
Klubu: “Liverpul”
Ampluası: hücumçu
Qiyməti: 85 milyon avro
Darvin Nunyesin klubu ilə ciddi münaqişəsi ortaya çıxıb. O, bir neçə gün əvvəl sosial şəbəkə hesabında “Liverpul”la bağlı hər şeyi silib. Bu isə rəhbərliyin ciddi narazılığına səbəb olub. Uruqvaylı hücumçunun hərəkəti sponsor müqavilələrinin şərtlərinin pozulması anlamına da gəlir. Bu, böyük kluba qarşı demarşdı. Darvin yayda İspaniyaya yollanmaq istəyinə işarə vurur. Onun övladının anası olan sevgilisi bu ölkədəndi.
Nunyesin premyer-liqada oyunu ilə bağlı formalaşdırdığı fikirlər isə ziddiyyətlidi: “Benfika”da “qol kralı” kimi tanınan futbolçu İngiltərədə çətin vəziyyətlərdə qapıya yol tapan, amma asan epizodda, məsələn, bir metrdən qapının boş qalan küncünə dəqiq zərbə endirməyi bacarmayan forvard imicinə malikdi. Komanda hər mənada onu dəstəkləyir. Yürgen Klopp ötən yay Darvinin “Çelsi”yə göndərilməsinə qarşı çıxmışdı. Amma indi alman mütəxəssis cənubi amerikalının oyuna köklənmə qabiliyyət(sizliy)inə görə çox məyusdu.

Bəli, o, qırmızı formada 85 milyon avroya dəyəcək qədər oyun sərgiləyə bilmir. Böyük klubdakı çıxışı 24 yaşlı Nunyesə görə “Benfika”ya ödənilən pulun əvəzinin əsla verilmədiyini göstərir. Başqa sözlə, mersisaydlıların 2022-ci ildə onunla bağlı doğru seçim etmədikləri gün kimi aydın olur. “Liverpul”un bossları Darvinin simasında onun daha məşhur həmyerlisini - “ikinci Luis Suaresi” tapdıqlarına ümid edirdilər. Ancaq premyer-liqada 63 oyuna 20 qol vuran Nunyes İngiltərədəki çıxışı ilə qiymətini əsla artıra bilməyib. Hətta azaldıb! Mövsüm üçün nəzərdə tutulan titullar isə bir-bir əldən gedir. Doğrudu, Kloppun komandası Liqa kubokunu qazanıb. Amma gəlin razılaşaq ki, bu kubok böyük klubun əsas hədəfləri arasında heç də ilk sıralarda deyildi. Darvin Avropa Liqasının 1/4 finalında “Atalanta”nın qapısına bir dəfə də yol tapa bilmədi. Komandasına İngiltərə kubokunun finalına çıxmaqda kömək edə bilmədi. Onun premyer-liqa matçlarında çox sayda əlverişli vəziyyətləri boşa verməsinin nəticəsidi ki, “Liverpul” artıq çempionluq yarışında “Arsenal” və “Mançester Siti” ilə rəqabətdə autsayder sayılır. Uruqvaylı Kloppun komanda ilə bir neçə kubokla vidalaşmasını təmin edə bilərdi. Lakin təcrübəsizliyi və hücumları məntiqi sonluğa çatdırmaqda çətinlik çəkməsi onu fanatların da gözündən salıb.

Qonsalo Ramuş
Ölkəsi: Portuqaliya
Klubu: PSJ
Ampluası: hücumçu
Qiyməti: 65 milyon avro
O, ÇL-in “Borussiya” ilə cavab oyununda start heyətində şans qazanmışdı. Amma Luis Enrikenin ümidlərini əsla doğrulda bilmədi. Dortmundluların müdafiəçisi Mats Hummels və onun oyundaşları ilə mübarizədə məğlub oldu. Kilian Mbappe qapıya üç dəqiq zərbə endirdisə, mərkəz hücumçusu sayılan Ramuş Usman Dembele üslubunda oynadı: həlledici matçı topa dəqiq zərbə endirə bilmədən başa vurdu.

“Benfika” parisliləri Qonsalonun PSJ-yə uyğun gələn forvard olduğuna inandıra bilmişdi. Amma nəticə başqa cür oldu. Təsadüfi deyil ki, Fransa mediasında mövsümboyu Luis Enrikenin portuqaliyalının səviyyəsindən narazı olduğu haqda iddialar səngimədi.
Bəlkə də, əsas səbəb onun daha yüksək ambisiyalara malik xarici ölkə klubunda özünü narahat hiss etməsi ilə bağlıdı. Nəticə budu ki, Ramuş PSJ-nin ÇL-in finalına çıxması üçün faydalı ola bilmədi. Onsuz da komandanın Fransa daxilində istənilən titulu qazanması çoxdan adi uğur kimi qələmə verilir. Son illər Neymar və Lionel Messini itirən hücum xəttinə gənc Qonsalonu gətirən rəhbərliyin əsas planı baş tutmadı. Ramuş yalnız Fransa çempionatında qol vura bildi.

Rendal Kolo Muaniyə görə “Ayntraxt”a (Frankfurt) 95 milyon avro ödənildiyini də nəzərə alsaq, parislilərin ikiqat geri düşdüklərini söyləmək olar. Luis Enrike yayda rəhbərlikdən mütləq yeni hücumçu almağı istəyəcək. Qonsalonun aqibəti isə mövsümün sonunda debit və kreditlərlə bağlı dəyərləndirmələrdən sonra müəyyənləşəcək. PSJ isə artıq milyonları sağa-sola xərcləyən klub imicindən qurtulmaq yolunu tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
15
football-plus.az

10Mənbələr