AZ

Papaq nə üçün şərəf rəm­zi hesab olunur? - FİRUZ HAŞIMOV YAZIR

Və yaxud sələflərimiz XX əsrdə bağışlanılmaz səhvlər etdilərsə də, hər halda çoxu gəzdirdikləri papaqlara layiq olublar...

Papağa tez-tez əl vur­maq, natəmiz yerə qoymaq, hirslənib yerə vurmaq, ona vaxt-bivaxt and iç­mək böyük qəbahət sayılırdı…

Hacı Zeynalabdin Tağıyevin or­denli, medallı böyük portretini hamı görüb. Onun mülki rütbə­si ordunun general-leytenantına bəra­bər idi. Əcəldən aman olsa “millət ata­sı” kimi şöhrət qazanmış hacının or­denlərindən, boynundan sallanmış "Müqəddəs Anna” xaçından da danışa­cağıq. Hələlik isə o rəhmətliyin rəsmi vis-mundirindən, başına qoyduğu ”əmiri” adlanan papağından söhbət açaq.

Ancaq "Həqiqi məxfi dövlət müşaviri” rütbəsini daşıyanlar belə vis-mundir geyə bilərdilər. Şpaqa və lələkli üç künc şlyapa da öz yerində. Portretdə biz ordenləri, medalalları, hətta şpaqanı görürük. Amma lələkli üç künc şlyapa əvəzinə, Hacı başına adi adamların gəzdirdiyi "əmiri” adlanan papağı qoyub. Bəli, Hacı Zeynalabdin ömrünün sonuna qədər əsl-nəcabətini, kim­liyini unutmadı, nə bütün hacıların gəzdirdikləri "daqqa” papağı qoydu, nə də rəsmi görüşlərdə üç künc şlyapa geydi.

Məşhur milyonçu Musa Nağıyevin də papağı kasıbların geydiyi papaqlardandır. O da ömrünün sonuna qədər sabunçulu sa­man satan kişinin oğlu olmasını gizlətmədi.

Quzey Azərbaycanda isə təxminən 30 papaq forması mövcud idi. İftixar hissi ilə deyə bilərəm ki, xalqımıza xas olan misilsiz rəhmdillik, insaniyyətlik özünü sənətkarlıq­da da biruzə vermişdi. Bizim dabbağlar heç vaxt xalq içində "buxara” kimi tanınmış də­ri tamamlamayıblar(Dabbağların leksikonunda "tamamlamaq” göndən nəyinsə dü­zəldilməsi deməkdir). Hamı bilir ki, "buxa­ra” papaq adlanan baş örtüyü üçün neçə tə­zə doğulmuş quzu tələf edilir. Azərbaycan­da heç kim, heç vaxt, heç bir pulun müqa­bilində belə işə əl qoymayıb. Bu cür dəriləri bizim tacirlər uzun qərinələr boyu Buxara əmirliyindən gətirdikləri üçün onlara "buxara” de­yilirdi. Qalan papaqlar üçün isə dəriləri bizim dabbağlar hazırlayardılar.

Şərəf rəm­zi hesab olunan papaq da bizim vətənimizdə or­ta əsrlərin əmmaməsi ki­mi vəsiqə rolunu oynayıb. Məsələn, çodarın (at alverçisinin) ağzı nə idi ki, şəcərəli xanzadənin papağını qoyaydı…

Kişi başından papağı bir dəstəmaz alanda, bir də evində olanda, əndərunda istirahət zamanı çıxa­rardı. Papağa tez-tez əl vur­maq, natəmiz yerə qoymaq, hirslənib Allah eləməsin, yerə vurmaq, ona vaxt-bivaxt and iç­mək böyük qəbahət sayılırdı.

İndi də bu papaq adlanna fikir verin: ”Əmiri”, "Qazamatı”, "Qələmi”, "İkiüzlü əmi­ri”, "Dallayi”, "Daqqa”, "Pəhləvi”, "Motal”, “Şikari”.

Bunlardan başqa, el içində seyid, misgər, xəlfə, həmşəri papaqları da tanınırdı. Həmşəri papağı adətən dəridən yox, keçədən düzəldilirdi. Vaxtilə Bakıda hamballıq edən, ən ağır işləri görən cənublu qardaşlarımız həmşərilər məhz belə papaqları ilə yerli ca­maatdan seçilirdilər.

Telekanallardan nümayiş etdirilən kliplərə, ya da klassik əsərlərin səhnələşdirilmiş variantlarına tamaşa edəndə adamın ürəyi ağrıyır. İlahi, bunlar adi çərkəzi çuxanın nə cür geyildiyini, vəznənin miqdarını, adi xəncərin necə bağlandığını da bilmirlər. Artistlər başlarına nə gəldi qoyurlar, bəziləri utanıb-qızarmadan rus ”mujik”lərinin çəp yaxalı köynəklərini də geyirlər.

Tariximiz, ir­simiz bir ovuc nadanın əli ilə tanınmaz hala salınır. İllər uzunu kinostudiyanı inhisara götürərək pul dağarcığına döndərmiş üç-dörd lotunun sayəsində bütün tarixi şəx­siyyətlər gorbagor edildilər. "Nəsimi”, "Ni­zami”, "Dədə Qorqud”, "Babək” filmlərində istifadə olunmuş əlbisələrə, rekvizit və butaforiyaya ani nəzər kifayətdir ki, xalturaçı rəssamların tariximizin başına hansı oyun­lar gətirdiklərini deyəsən.

Sələflərimiz XX əsrdə bağışlanılmaz səhvlər etdilərsə də, hər halda çoxu gəzdirdikləri papaqlara layiq olublar. Bu, həmin millətidir ki, onun neçə il ərzində fasilə­siz getmiş ara müharibələri­nə baxmayaraq, Səfəvi qvar­diyası - qorçu alayları qüd­rətli Süleymani Qanuninin say-seçmə ordularının gözlərinin odunu almışdılar. Avropanı diz üstə çökdü­rə bilmiş sultan Süleyman bir ovuc Azərbaycan azəri cəngavəri (Azərbaycan türkü – red.) ilə bacarmadı. Reklamlaşdırılmış, barələrində onlarla kino çəkilmiş, romanlar yazılmış ninziyalar, samuraylar bizim əsl milli xassə alaylarının cəngavərləri ilə müqayisədə çox cılızdılar. Səfəvi ordeni­nin ölümün gözlərinə dik ba­xan müridləri, əfsanəvi qorçuları barədə indiki gənclik heç nə bilmir. Axı onlar za­man-zaman döyüş meydan­larında elə xarüqələr göstə­riblər ki, indi məxəzlərə mü­raciət edəndə adamın ayaqları altından yer qaçır. Bizim şanlı cəngavərlərimizin ta­rixləri üzərinə bir tərəfdən bolşevik "alimlər", şovinist fars təəsübkeşləri daş qoydularsa, digər tə­rəfdən isə öz doğma tədqiqatçılarımız özlə­rini elə apardılar ki, guya tarixdə ümumiy­yətlə belə şeylər olmayıb.

Bu həmin millət­dir ki, onun Laçın bəy kimi oğlu kiçik dəstə ilə Əlincə qalasının xarabalığında düz 6 ay Paskeviçin ordusuna qarşı kişi kimi vuruşmuş­du. Millətin "Qələmi" pa­paq geymiş say-seçmə kü­barları Gəncə üsyanı zamanı XI Orduya qarşı son nəfəslərinə qədər vuruşdular, tikə-tikə doğran­dılarsa da, geriyə ayaq qoymadılar. "Dallayi", "Motal” papaq geyən qaçaqları­mız, hətta yol kəsən quldurlarımız belə qa­dın olan qafiləyə, karvana toxunmurdular, bunu şərəflərinə sığışdırmazdılar.

O gün hansısa heyvərə qəzetdə oxuyuram ki, heç demə, neçə il davam etmiş atəşkəs türkü (??) çökdürüb və bu, bizə heç nə verməyib. Atəşkəs məhz niyə türkü çökdürüb, bax, mən bu əsrarı qana bilmədim. Türk deyən­də yazı yiyəsi kimi nəzərdə tutur, qırğızları, yoxsa Anadolu türklərini?

İkincisi, bu hən­gamənin bizə heç nə vermədiyini demək ədalətsizlikdir. Atəşkəsin bərəkətindəndir ki, siyasi boşboğazlığı özlərinə sənət seçmiş heyvərələrin ikinci nəsli ərsəyə çatıb. Birinci eşalonda olanların hamısı şəhərin müxtəlif yerlərində obyekt, mənzil, mağaza yiyəsi olub. İndi bunlar ikinci parazit sürü­sünü yemləyib camaatın üstünə qışqırdırlar. Dəstəmaz alıb Qurana əl basmağa hazıram ki, müharibə başlasa bu parazitlərin heç bi­ri də cəbhəyə getməyəcək(Necə ki, müharibə başladı, özü də istədiyimiz kimi Şəhadətə çatanların, yaralananların arasında bir vəzifə sahibinin, bir biznesmenin, bir siyasi boşboğazın balası yoxdur. Bütün səlib dünyasının total hücumuna qarşı xalqı ayağa qaldırıb zəfərə çatdırmış müzəffər Prezidentin yaxın ətrafında nuvoriş güruhunu görəndə ürəyim ağrıyır, çünki bunlara etibar yoxdur. Analar saç yolub, “Toy görməyən balam vay” deyəndə bu binamus bandanın törəmələri restoranlarda kefə baxırlar).

Atəşkə­sin türkü “çökdürməsindən” danışaq. Heç bir tarixçi inkar edə bilməz ki, türk qövmü qlobal miqyasda XVII əsrin əvvəllərindən çökməyə başlayıb. Orta Asiya və Sibir türk­lərinin əsrlər boyu necə güzəran keçirdiklə­rini və indinin özündə də nə etdiklərini yax­şı bilirik. Müasir Türkiyəni də mason-sionist qüvvələri elə hala salıb ki, bir mərsiyəxanları çatışmır. Türkü atəşkəs yox, əllərindən iki qəpiklik iş gəlməyən boşboğazlar, ABŞ-dan, mason agenturasından tula payı al­mağı ar bilməyənlər, bütün müqəddəs, ülvi məfhumları çirkaba batırmış zinakarlar, ax­maq təbliğatla milləti çaş-baş etmiş provo­katorlar çökdürüb.

Atəşkəs pisdir, mən də razı, deyirsiniz ki, nəinki mərkəzdə, hətta yerlərdə də bütün iqtidar məmurları rüşvətxordurlar, etiraz etmirəm. Onda nə olardı, döşlərinə fəxrlə döyüb "mən türkəm, qalan millətlər bizim yanımızda heç nədir” deyən avara sürüsünün liderləri əcnəbilərdən al­dıqları qrantlardan, cangüdənlərə, katibələ­rə, cici-bacılarına, ziyafətlərinə xərc etdiklə­ri pullardan bir az qənaət edib yataq dus­tağı olanlara, şəhid ailələrinə, yetim-yesirə verəydilər.

Bu torpağın dinini-imanını, el şərəfini göz bəbəyi kimi qoruyan "Əmiri" papaq ge­yən kişiləri olub. Belə comərdlər daşıdıqları papaqlara da layiq olublar, bundan böyük məsuliyyət hissi duyublar. Papağa "Əmiri” boş-boşuna deyilməyib, onu geyənlərin məclisində hər gədə-güdə hərcayılıq edə bilməzdi.

Vaxtilə ’’Qazamatı” papaq geymiş ziyalılarımız - millətin qaymağı baş əymədən ölüm ka­meralarına üz tutdular. ’’İkiüzlü əmiri" papaq qoyanlar ya cəlayi- vətən oldular, ya da qeyri-bəra­bər döyüşlərdə məhv edildilər.

"Motal” papaq gəzdirənlər məm­ləkəti gülzarə, bağlı-bağatlı cən­nətə döndərdlər (onların əkdik­lərini biz naxələflər hələ indiyə qədər doğrayıb qurtarmamışıq), yeri gələndə dəhrə, çomaq, qə­mə götürərək kəndin, yurdun na­musunu layiqincə qorudular. Biz isə nəinki sələflərimizin zəhmətini yerə vur­duq, o qeyrət mücəssəmələrinin gəzdirdik­ləri papaqlarını geymək o yana (bu hüququ biz çoxdan itirmişik), hətta adlarını da unut­muşuq.

(Ardı var)

Firuz HAŞIMOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
hurriyyet.az

1Mənbələr