AZ

Azərbaycanda neft və palçıq vulkanizmi

Azərbaycanda

Bakı, 13 may, Vahid Şükürov, AZƏRTAC

Lökbatan Bakının ətrafındakı çoxlu maraqlı faktların olduğu və Azərbaycanın neft sənayesinin tarixini əks etdirən nümunələrlə zəngin olan qəsəbədir.

Qəsəbənin ərazisində hələ qədim vaxtlarda karvanlar dayanıb, belə ki, bu məkan dəvələrin tez-tez batdığı ərazi olub. Məhz Lökbatan adı da (Lökbatan tərcümədə “dəvə batan” deməkdir) bununla bağlıdır. 1931-1932-ci illərdə neft quyularında fontanlar və hasilatla əlaqədar qəsəbə böyüməyə başlayıb. Hər şeyi ardıcıllıqla nəql edək.

Qəsəbənin yaxınlığında eyniadlı palçıq vulkanı var. Bu, Azərbaycanın ən böyük və dünyanın ən aktiv palçıq vulkanlarından biridir. Burada 1810-cu ildən bəri 25 püskürmə baş verib, o cümlədən onların ən güclüsü 1977-ci ildə olub. Elə bu yaxınlarda vulkan yenidən oyanmağa başlayıb. Güclü palçıq və qaz püskürməsi müşahidə olunub. Bəzi yerlərdə vulkanın krater sahəsi qaynayan qazanı xatırladırdı. Sübh vaxtı isə vulkan püskürməsinin başladığını xəbər verən gurultulu səslər eşidilirdi. Tezliklə burada güclü partlayış oldu. Vulkanın zirvəsində səs-küylü palçıq kütləsi 350 metr yüksəkliyə qalxdı. Bu kütlə yerin təkindən çıxan qazla birlikdə alovlanmağa başladı. Ətrafı çəhrayı-qırmızı işıq bürüdü. Yaxınlıqdakı qəsəbələrdə - bir neçə on kilometr uzaqlıqda da günorta olduğu kimi işıqlı idi. Vulkan böyük miqdarda palçıq püskürdü və o, ətraf əraziləri örtdü. Sonuncu püskürmə 2017-ci ildə qeydə alınıb. Bu palçıq püskürməsi o qədər güclü idi ki, həmin sahədə 3,0 maqnitudalı zəlzələ qeydə alındı. Həmin vulkan özünün həcminə və aktivliyinə görə 1998-ci ildən bəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməyə namizəd idi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur. Amma məhz Lökbatan palçıq vulkanı neft sənayesi ilə sıx bağlıdır.

2017-ci ildə Lökbatan palçıq vulkanının püskürməsi

Lökbatan vulkanı (2021-ci ilin fotosu)

Bu maraqlı təbiət hadisəsini araşdıran alimlər neft və qaz yataqlarının palçıq vulkanları ilə əlaqəsini hələ onilliklər öncə tədqiq ediblər. 1832-ci ildə N.Voskoboynikov və A.Quryev palçıq vulkanizminin bir sıra məsələlərini araşdırıblar. Onlar yazırdılar ki, vulkanların püskürməsinin səbəbi neft yataqlarından ayrılan karbon qazlarıdır. N.Palibinin 1875-ci ilə aid yolüstü qeydlərində belə bir maraqlı abzası oxumaq olar: “Boğ-Böğa palçıq vulkanı (Abşeron yarımadasında yerləşir – müəllif.) neft hasil edən yeraltı laboratoriyanı xatırladır”.

Burada xüsusi qeyd etmək lazımdır ki, hətta görkəmli kimyaçı alim D.Mendeleyev neft-qazın yaranması prosesinin vulkanizmlə əlaqəsini göstərirdi. Onun zənnincə, palçıq vulkanları hazırda neftin davam edən əmələ gəlməsi prosesinin sübutudur.

Palçıq vulkanları ilə neft yataqlarının genetik əlaqəsini ilk dəfə görkəmli alim, akademik İ.Qubkin əsaslandırıb. O hesab edirdi ki, palçıq vulkanları bir “mayak” kimidir və neft və təbii qazın sənaye ehtiyatlarını göstərir. Bu nəzəri ehtimallar ötən əsrin 30-cu illərində təcrübədə də öz təsdiqini tapıb.

Bundan əvvəl, uzun müddət ərzində palçıq vulkanlarının olduğu ərazilər yerin dərinliklərində karbohidrogen ehtiyatlarının kəşf edilməsi baxımından perspektivli sayılmırdı. Palçıq vulkanizmi neft və qaz yataqlarının məhv olmasına gətirib çıxaran amil kimi qiymətləndirilirdi. Bununla yanaşı, bəzi geoloqlar tamamilə əks nöqteyi-nəzərdən çıxış edirdilər. Elələri vardı ki, hətta neft quyularını vulkanlara istiqamətlənərək qazmağı təklif edirdilər. Bu məsələdə davam edən diskussiya 1933-cü ildə yekunlaşdı. Geoloq Baxış Sultanov məsələni elmi cəhətdən əsaslandırıb və Lökbatan palçıq vulkanının yaxınlığında - gil süxurlarının olduğu ərazidə kəşfiyyat quyusu qazmağı təklif edib. Onun bədxahları bu barədə dərhal respublika rəhbərliyinə - Mircəfər Bağırova məlumat verdilər. Quyuların bilavasitə palçıq vulkanlarının yaxınlığında qazılması nəzəriyyəsi həmin vaxt məqsədəuyğun sayılmırdı və Sultanovun karyerası məhz bu quyunun nəticələrindən asılı idi. Amma tale onun üzünə güldü. Lökbatanda palçıq vulkanının yaxınlığında yerləşən 45 nömrəli quyuda gündəlik 20 min ton neft debiti ilə böyük fontan başladı. Bu hadisənin şahidləri deyirlər ki, dənizə tərəf geniş neft çayı axırdı, fontan isə 100 metr yüksəkliyə qalxırdı. Müqayisə üçün deyək ki, adi quyu orta hesabla 4-6 ton neft verə bilir.

Sultanovun elmi proqnozu doğru çıxdı və bu quyu məhsuldarlığına görə rekord vurdu. Beləliklə, sübut olundu ki, vulkanla əhatə olunmuş zona neft yataqlarını məhv etmir. Lökbatan vulkanının timsalında dünyada ilk dəfə palçıq vulkanizminin neft yataqları ilə genetik əlaqəsi sübut olundu və vulkanların yaxınlığında yeni yataqların axtarılmasının zəruriliyi meydana çıxdı.

Bu kontekstdə oxucular üçün onu da bilmək maraqlı olardı ki, sonradan Mircəfər Bağırovun göstərişi ilə B.Sultanovun portreti “Görkəmli geoloq Baxış Sultanov Azərbaycanda yeni böyük neft yatağı kəşf edib” yazısı ilə vağzalyanı meydanda asıldı.

Məşhur quyu bu yaxınlara qədər fəaliyyət göstərirdi, amma 2015-ci il avqustun 28-də texniki səbəblərdən konservasiya edildi. Bu quyu quruda ən məhsuldar neft mənbəyi idi. Hesablamalara görə, onun istismarı dövründə 273 min ton neft və 800 milyon kubmetr qaz hasil edilib. Dünyada çox az sayda quyu belə rəqəmlərlə fərqlənə bilər. Onu da qeyd etmək maraqlı olardı ki, quyunun texniki parametrləri də yüksək olub: onun dərinliyi 647 metr idi, məşhur neft fontanı isə 564 metr dərinlikdən vurub. Bu gün tarixi quyuda görkəmli geoloq Baxış Sultanova, həmçinin qazıntıda iştirak etmiş usta Ağaverdi Şahverdi oğluna həsr olunmuş xatirə lövhələrini görmək olar. Lökbatan sahəsində 94 illik istismar müddətində 1766 quyunun qazılmasına baxmayaraq, 45 nömrəli quyu onların arasında xüsusi yer tutur.

Məşhur 45 nömrəli quyu

Oxucu üçün onu da öyrənmək maraqlı olacaq ki, Azərbaycanda palçıq vulkanları ilə bağlı çoxlu sayda istismar edilən neft və qaz quyusu var. Onların arasında Abşeron yarımadasının köhnə quyuları, Kürətrafı, Abşeron və Bakı arxipelaqlarının buxtaları var. Palçıq vulkanlarını çox vaxt təbii axtarış-kəşfiyyat quyuları adlandırırlar. Onlar torpağın təkindən geoloqlar üçün qiymətli materiallar təqdim edir.

Yer kürəsində Azərbaycanın yeraltı sərvətlərinin unikallığı ilə müqayisə olunacaq ərazi tapmaq mümkün deyil, Lökbatan vulkanı və məşhur 45 nömrəli quyu isə bu faktın daha bir sübutudur. Həmin quyu Azərbaycanın neft sənayesində parlaq iz qoyub, milli neft hasilatının yeni səhifəsi də məhz onunla başlayıb. Ölkəmizin ən məhsuldar quyusu olan 45 nömrəli quyu tarixdə əbədi qalacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
1

1Mənbələr

Şərh ()
Bağla