AZ

Azərbaycan-Bolqarıstan: etibarlı və sınanmış tərəfdaşlıq - ŞƏRH

Dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi məqsədi ilə həyata keçirilən tədbirlər, görüşlər dostluq və qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Və bu gün regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. O cümlədən Azərbaycan-Bolqarıstan əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Bolqarıstan ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Xüsuilə də dövlət başçılarının qarşılıqlı səfərləri 1992-ci ildə iki ölkə arasında qurulmuş diplomatik əlaqələrin dərinləşməsində əhəmiyyətli rol oynayır. 2015-ci ildən strateji tərəfdaş olan Azərbaycan və Bolqarıstan bu illər ərzində ölkələr arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. Belə ki, 2024-cü ilin birinci rübündə iki ölkə arasında qarşılıqlı ticarət təxminən 4 dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, Azərbaycanın Bolqarıstana ixracı isə 4 dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil edib. Ölkələr arasında olan əməkdaşlıq ənənəvi ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır. Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak edib və bu, bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir. Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir.

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir. Səfər çərçivəsində hər iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra ölkə prezidentləri mətbuata bəyanatla çıxış ediblər.

Dövlət başçısı İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata birgə bəyanatında bir daha bildirdi ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək: «Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik».

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bu fikirləri iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin nə qədər böyük rol oynadığını təsdiqləyir. Prezidentlərin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Cənab İlham Əliyev qeyd etdi ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bolqarıstana qaz təchizatımız artır: «Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək.»

Əlbəttə ki, səfər çərçivəsində təkcə enerji məsələləri müzakirə olunmayıb. İnformasiya texnologiyaları və süni intellekt kimi məsələlərə də diqqət ayrılıb. Elm, təhsil və mədəniyyət kimi sahələr üzrə dövlətlərarası mübadilənin gücləndirilməsi də nəzərə alınıb. Bütün bu və ya digər məsələlər yeni perspektivlər açacaqdır.Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Bolqarıstan ilə Azərbaycan arasında bütün sahələr üzrə səmərəli münasibətlər daha da inkişaf edəcəkdir.

Bütövlükdə, hər iki ölkə prezidentlərinin səfər çərçivəsində keçirilən görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər və mətbuata bəyanatlarında məqsəd ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir. Prezident İlham Əliyev mətbuata bəyanatında da bildirmişdir ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır: «Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir».

Dövlət başçısı İlham Əliyev Bolqarıstan Prezidenti ilə birgə mətbuata bəyanatında da bildirdi ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq: “Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq”. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

Bir sözlə, qeyd etdiklərimizin fonunda bu fikri böyük əminliklə vurğulayırıq ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcək. Çünki Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
1

1Mənbələr

Şərh ()
Bağla