AZ

Putinin hökumət islahatları: Qarşıda çoxlu sürprizlər var

Rusiya prezidenti Vladimir Putin andiçmədən sonra hökumətdə kadr islahatlarına başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Putinin fərmanı ilə Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev vəzifəsindən azad edilib, onun yerinə Rusiya müdafiə naziri Sergey Şoyqu təyinat alıb. General Sergey Şoyqunu isə müdafiə naziri postunda mülki şəxs, iqtisad elmləri doktoru, Baş nazirin birinci müavini olan Andrey Belousov əvəzləyib.

Kremldən verilən açıqlamada bildirilib ki, N.Patruşevin bundan sonra hansı vəzifəni daşıyacağı haqda yaxın günlərdə açıqlama veriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskov Müdafiə naziri postuna mülki məmur təyin edilməsini yeniliklərin tətbiqi zərurəti ilə izah edib. O bildirib ki, bu gün döyüş meydanında yeniliyə, ən sürətli tətbiqə daha açıq olan qalib gəlir. Peskov vurğulayıb ki, Belousov təkcə mülki məmur deyil, həm də Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə çox uğurla rəhbərlik etmiş, uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, eyni zamanda Baş nazirin birinci müavini olmuş şəxsdir. Kreml nümayəndəsi qeyd edib ki, Müdafiə Nazirliyi innovasiyalara, bütün qabaqcıl ideyaların tətbiqinə tamamilə açıq olmalıdır, iqtisadi rəqabət üçün şərait yaratmalıdır. Prezident buna görə Andrey Removiç Belousovun namizədliyini seçdi".

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Bakıvaxtı.az-a deyib ki, Vladimir Putin mövcud prosesləri nəzərə alaraq zəruri kadr islahatları həyata keçirir.

Ekspert diqqətə çatdırıb ki, keçmiş müdafiə naziri Sergey Şoyqudan ciddi narazılıq var idi:

"Şoyqu əhalini də narazıl salmışdı. Priqojin hadisələrindən də Şoyqu ciddi müzakirələrə səbəb oldu. Ona görə də əvəzlənəcəyi ehtimalı yüksək idi və gözləntilər özünü doğrultdu”.

Onun sözlərinə görə, yeni müdafiə nazirinin hərbçi yox, mülki şəxs olması da təəccüblü deyil. Andrey Belousov uzun müddət Putinin hakim komandasında çalışıb, ciddi təcrübəyə yiyələnib. Həmçinin, iqtisadi məsələlərlə yanaşı, baş nazirin birinci müavini kimi hərbi sənaye kompleksinin işinə də nəzarət edib. Onu rus elitası peşəkar iqtisadçı, ağıllı və intellektual şəxs kimi dəyərləndirirlər.

“Putin Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşevi vəzifəsindən azad etməklə onun öz varisi kimi təqdim edilməsi ilə bağlı söz-söhbətə də son qoydu. Amma Rusiya iqtisadiyyatındakı köklü neqativləri qeyd olunan dəyişiklə aradan qaldırmaq qeyri-mümkündür", - deyə Q.Hüseynli qeyd edib.

Qabil Hüseynli: Yeni komanda dərin böhranı aradan qaldıra bilməyəcək

Həmsöhbətimiz bildirib ki, Rusiya iqtisadiyyatı çökmə mərhələsindədir:

"Yeni komanda bu dərin böhranı aradan qaldıra bilməyəcək. Qərblə əlaqələr, dünya ölkələri ilə alqı-satqı əməliyyatları, irimiqyaslı layihələrin, anlaşmların çoxu dondurulub. Vəzifəyə yeni təyinat almış şəxslər mövcud iqtisadi çətinliyi aradan qaldırmağa çalışacaqlar, amma buna nail olacaqları heç də inandırıcı deyil. Ümumiyyətlə, müharibə dayanmadan Rusiya iqtisadiyyatının dirçəlməsini gözləmək absurddur. Böyük ehtimal Putinin hökumət islahatları davam edəcək. Hakimiyyət komanda halında tam formalaşmayıb, tərkibi müəyyənləşməyib. Qarşıda çoxlu sürprizlər ola bilər.

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110

1Mənbələr

Şərh ()
Bağla