AZ

Delimitasiya prinsipləri ilə bağlı pozuculuq davam edir- İrəvanın "Almatı iflası"...

Image

Abutalıb Səmədov: “Görünən budur ki, Ermənistan prosesi dalana dirəməkdə davam edir”

Xarici işlər nazirlərinin Almatı görüşündə Ermənistanın gözləntiləri özünü doğrultmadı. Qazaxın 4 kəndinin qaytarılmasından sonra İrəvan Almatıda Almatı Bəyannaməsinin yenilənməsi ilə nəticələnəcək razılaşmaya ümid edirdi.

Görüşün də məhz 1991-ci ildə bəyannamənin imzalandığı “Dostluq Evi”ndə keçirilməsi simvolik xarakter daşıyırdı. Lakin tərəflər şifahi olaraq sülh sazişi üzrə danışıqların davam etdirilməsinə razılaşdı. Həm Bakının, həm İrəvanın rəsmi açıqlamasında fikir ayrılıqlarının olduğu vurğulanır: gözlənildiyi kimi, sərhədin delimitasiyasında və kommunikasiyanın açılmasında hansı prinsiplərin əsas götürülməsi açıq qalır.

Bunu Ermənistanın sülh prosesləri ilə bağlı pozuçuluğu davam etdirməsi kimi dəyərləndirmək olarmı?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xarici işlər nazirlərinin Almatıda  keçirilən görüşünün nəticələri barədə ətraflı danışılmadı: “Məmnuniyyət ifadə edildi, ancaq hansı irəliləyişlərə nail olunduğu barədə heç nə deyilmədi. Baxmayaraq ki, ciddi gözləntilər var idi. Güman olunurdu ki, iki günlük danışıqlar ortadakı fikir ayrılıqlarını aradan qaldıracaq. Digər tərəfdən, görüşün başlandığı gün Ermənisran XİN rəhbərinin səsləndirdiyi bəyanat göstərdi ki, razılığa gəlmək asan olmayacaq. Mirzoyan təkcə sülh sazişini müzakirə etməmək, eyni zamanda kommunikasiyaların açılması barədə təkliflər verdi. Digər tərəfdən, Qranadada Ermənistanın ortaya qoyduğu və Avropa ölkələrinin dəstək verdiyi prinsipləri bir daha təkrarladı. Problem də bu prinsiplərlə bağlıdır. Mirzoyan bəyan etdi ki, Almatı bəyannaməsinə əsasən delimitasiya prosesi keçirilməlidir. Prezident ADA universitetində keçirilən tədbirdə dedi ki, proses çətindir. İnzibati sərhədlərin dövlət sərhədləri kimi qəbul edildiyi göstərilsə də, iki ölkə arasında hər yerdə inzibati sərhədlər müəyyənləşməyib. Xüsusilə də dağlıq ərazilərdə vəziyyət daha çətindir. Ancaq Ermənistan yenə də öz mövqeyində təkid elədi. Mirzoyan bəyan etdi ki, Ermənistan delimitasiyanı Almatı bəyannaməsi əsasında həyata keçirməyə hazırdır. Kommunikasiyaların açılması ilə bağlı da verilən bəyanat danışıqların çətin keçəcəyini ortaya qoydu. Mirzoyan bəyan etdi ki, kommunikasiyaıar dövlətlərin suverenliyi, bərabərlik və qarşılıqlığı əsasında açılmalıdır. Azərbaycan bununla razılaşmır. Hesab edir ki, belə mövqe danışıqları dalana dirəyir. 10 noyabr bəyanatında göstərilir ki, hərəkət maneəsiz olmalıdır. Ermənistanda keçirilən etirazlarla görüş eyni vaxta təsadüf etdi. Görünür, bəzi irəliləyişlərə də nail olunub. Onlar barədə danışmamaq qərarına gəlinib. Bundan sonra da  görüşlər Almatıda  keçiriləcək. Azərbaycan Ermənistandan imzasına sadiq qalmağı tələb edir. Belə olmasa, imzalanacaq sülh sazişinin də heç bir əhəmiyyəti olmayacaq. Təəssüf ki, Ermənistan üzərinə götürdüyü iki mühüm məsələdən imtina edir. Biri Zəngəzur dəhlizi vasitəsilə maneəsiz hərəkətin təmin olunmasını istəyir. İkincisi isə həmin yola rus sərhədçilərinin nəzarət etməsidir. Görünən budur ki, Ermənistan  prosesi dalana dirəməkdə davam edir”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
baki-xeber.com

1Mənbələr