AZ

Ozan Tufan AÇ-yə yollanacağına inanır

2022-nin yayında 7 illik “Fənərbaxça” macərasına son qoyaraq İngiltərəyə yollanan və türkiyəli şoumen Acun Ilıcalının sahibi olduğu “Hall Siti” ilə müqavilə imzalayan Ozan Tufan İngiltərə mətbuatına açıqlamalar verib.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi “Hall Siti”də ikinci mövsümünü tamamladı və komandanın liderlərindən biri sayılır. O, 2023/24-də 40 rəsmi oyunda forma geyərək ümumilikdə 2187 dəqiqə meydanda oldu və komandasına 10 qol, 2 məhsuldar ötürməlik fayda verdi. 29 yaşlı futbolçu 2,5 ildi yığmaya dəvət almır. O, sonuncu dəfə 2021-in oktyabrında yığmanın heyətində meydana çıxıb və indiyə qədər “ay-ulduzlular”da 65 qarşılaşmada 9 qol vurub.

Buna baxmayaraq, Ozan AÇ-2024-ə yollanacağına ümidini itirmir:

“3 il öncə keçirilən sonuncu Avropa çempionatında mən də iştirak etmişdim. Yetərincə təcrübəm var. Belə turnirlərdəki atmosferə gözəl bələdəm. Geridə qoyduğumuz mövsümdə yaxşı statistika yaxaladığımı düşünürəm. Həmin statistik göstəricilərin mənə AÇ-2024-ə yollanmağa yardım edəcəyinə inanıram. Yığmanın baş məşqçisi Vinçentso Montella ötən ay bura gəlmişdi. “Uotford”la səfər qarşılaşmasında (0:0) tribunada yer almışdı. Məni və Abdulkadir Ömürü üzləmək üçün gəlmişdi. Açığı, hər ikimiz də həmin oyunu yüksək səviyyədə keçirə bilmədik. Amma ümid edirəm ki, bizimlə bağlı qərar bir oyuna əsasən verilməyəcək. Montella qərar vermək üçün bütün mövsüm ərzindəki performansıma nəzər salmalıdı. Mövsüm ərzində yaxşı və uğurlu oyunlarımın sayı kifayət qədərdi. Ona görə də AÇ-yə yollanacaq heyətdə yer almaq üçün alışıb-yanıram”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70

1Mənbələr

Şərh ()
Bağla