AZ

Türkiyə qənaət rejiminə keçir: Bu xərclər üç il DAYANDIRILACAQ

Türkiyə hökuməti dövlətin xərclər üzrə yeni qənaət paketini açıqlayıb. 


Sfera.az xəbər verir ki, vitse-prezident Cevdet Yılmaz və maliyyə naziri Mehmet Şimşek tərəfindən açıqlanan paketdə yaxın 3 il ərzində dövlətin bəzi xərclərini dayandırması nəzərdə tutulur. 


Yeni qənaət paketinə əsasən, pensiyaya çıxanların əvəzinə işə götürülənlər istisna olmaqla 3 il müddətində dövlət sektoruna yeni işçi qəbul olunmayacaq. Bundan əlavə, 3 il müddətində yeni nəqliyyat vasitələri alınmayacaq və ya icarəyə götürməyəcək. Yeni xidmət binalarının alınması və tikintisi də 3 il müddətinə dayandırılacaq, yeni mənzillərin və sosial obyektlərin alınması, yaxud tikintisi qadağan ediləcək. 


Müdafiə və təhlükəsizlik orqanlarının işçiləri istisna olmaqla, digər dövlət qurumlarının ictimai personalına avtobus xidmətləri ləğv ediləcək. Büdcədənkənar mənbələrdən nəqliyyat vasitələrinin istifadəsi də ciddi qaydalara tabe olacaq. Qanunla icazə verilən hallar istisna olmaqla, xaricdə istehsal olunan avtomobillərdən istifadə qadağan ediləcək. 


Yardımçı heyətin sayı azaldılacaq. Çevik və uzaqdan işləmə modelləri hazırlanacaq. 


Xaricdə müvəqqəti təyinatlar məhdudlaşdırılacaq. Küçələrin işıqlandırmasında LED lampalardan istifadə sürətləndiriləcək, dövlət binalarında enerji səmərəliliyi artırılacaq. 


Elektron yazışma sisteminə keçid başa çatacaq, bildirişlər elektron sistemə köçürüləcək. Korporativ arxivlər elektron mühitə keçəcək. Nəşrlər, hesabatlar və s. tanıtım məqsədi ilə sənədlər çap olunmayacaq. 


Nümayəndəlik və yüksəliş müavinətlərində 25 faiz azalma olacaq. Beynəlxalq görüşlər və milli bayramlar istisna olmaqla ekskursiyalar, kokteyllər, yeməklər və s. kimi fəaliyyətlər təşkil olunmayacaq. 


Əmtəə və xidmətlərin satın alınması üçün ayırmalara 10 faiz, investisiya ayırmalarına isə 15 faiz endirim tətbiq olunacaq. Paketə əsasən, tədbirlərə əməl etməyən dövlət məmurlarına qarşı inzibati tənbeh və cərimələr tətbiq olunacaq. 


Türkiyə hökumətinin belə bir addım atmasına səbəb dövlət büdcəsində kəsirin böyüməsidir. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üçün xərcləri artırdığından, eləcə də yüksək inflyasiya səbəbindən maaş və pensiyalar artırıldığından dövlət büdcəsində kəsir bir qədər də böyüyüb. 


Qənaət paketində məqsəd zəruri olmayan xərcləri dayandırmaqla büdcə kəsirini kiçiltməkdir. Rəsmi məlumata əsasən, Türkiyəyə yalnız zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 104 milyard dollar vəsait lazımdır. 


Vasif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
sfera.az

3Mənbələr