AZ

Azərbaycanda saatlıq minimum əmək haqqına keçid nələrə səbəb olacaq...

Image

Azərbaycanda aylıq minimum əmək haqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əmək haqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid mümkündürmü?

Xalid Kərimli: “Minimum əməkhaqqı az olduğu üçün bu qərar da əhaliyə ciddi təsir etməyəcək, gələcəkdə …” 

İqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, minimum saatlıq əməkhaqqıya keçidin mənfi cəhəti yoxdur: "İş yeri əsas iş yerləri olan (09.00-18.00 iş saatları olan) şəxslər üçün bunun heç bir fərqi yoxdur. Bəzi işçilər aylıq deyil, saat üzrə çalışır. Bu halda minimum saatlıq əməkhaqqının müəyyənləşdirilməsi həmin şəxslərin hüquqlarının qorunması baxımından müsbətdir. Bu həm işəgötürən, həm də işçi üçün rahatlıq yaradır. Bəllidir ki, Azərbaycanda minimum aylıq əməkhaqqı çox kiçik olduğundan, bu kimi tədbirlərin ciddi təsirinin olacağını düşünmürəm. Gələcəkdə minimum əməkhaqqı artırılarsa, bu, işçi bazarında münasibətlərin təkmilləşdirilməsinə kömək edəcək. Saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir etməyəcək.Yəni işçi həftədə 40 saat işləyib minimum əməkhaqqı məbləği olan 345 manat qazanır. Amma elə işçilər də var ki, həftədə 8-10 saat işləyir. Həmin işçilərin əməkhaqqının hesablanması zamanı saatlıq minimum standartların olmaması əlavə problem yarada bilər. Çox güman ki, minimum saatlıq əməkhaqqına keçilməsi bunu daha rahat tənzimləmək üçündür. Ümumiyyətlə, minimum aylıq əməkhaqqı artmasa, onun saatlıq və ya həftəlik bölünməsinin təsiri yoxdur. Minimum əməkhaqqı az olduğu üçün bu qərar da əhaliyə ciddi təsir etməyəcək, gələcəkdə minimum əməkhaqqı artarsa, bunun hesablanma qaydasının dəyişməsi əhalinin hüquqlarının qorunması baxımından uğurlu addım olacaq. Güman edirəm ki, bu il minimum əməkhaqqının artırılması gözlənilmir. Ola bilsin ki, bu, gələn il müzakirə olunsun”.

Əkrəm Həsənov: “Saatlıq minimum əməkhaqqına keçid fonunda bu, işçinin xeyrinə dəyişə bilər, lakin burada düzgün mexanizmin qurulması şərtdir” 

Iqtisadçı Əkrəm Həsənov isə hesab edir ki, Azərbaycanda saatlıq minimum əməkhaqqına keçidin  ehtiyac meyarına və maaşlara təsiri olmayacaq. Əksinə bir hal baş verə bilər. Azərbaycanda minimum ehtiyac meyarı 270 manatdır. Minimum əməkhaqqı isə 345 manat məbləğindədir: “Göründüyü kimi, minimum əməkhaqqı ehtiyac meyarından yüksəkdir. Saatlıq minimum əməkhaqqına keçid fonunda bu, işçinin xeyrinə dəyişə bilər. Burada düzgün mexanizmin qurulması şərtdir. Həftədə 40 iş saatı var və bunlar bölünəcək. Düzgün iş qurulacağı təqdirdə işçinin xeyrinə ola bilər. Çünki elə aylar var ki, orada bayram günləri var. Bu baxımdan hər hansı bir problem görmürəm. Ehtiyac meyarının buna görə artırılması isə gözlənilən deyil. Bu gün Azərbaycanda ehtiyac meyarı və minimum əməkhaqqı arıtırılmalıdır. Amma bu tətbiqin ehtiyac meyarına təsiri olmayacaq. Bu baxımdan heç bir narahatlığa əsas yoxdur".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29

1Mənbələr

Şərh ()
Bağla