AZ

Şuşadan dünyaya yayılan daha bir mesaj TƏHLIL

Prezident İlham Əliyev: "Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var"

Milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı kimliyini tarixi hadisələrin gedişində təsdiqləyib. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması Azərbaycanın mübarizələrlə dolu həyatında mücadilə apararaq azadlıq eşqini reallaşdıran xalq olduğunu dünyaya mesaj olaraq çatdırdı. Bütün aparıcı beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanımasına, dəstəkləməsinə, beynəlxalq tədbirlərdə və platformalarda həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmasına baxmayaraq, heç bir səmərəsi olmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatını sürətlə və az itki ilə reallaşdırmağa imkan verdi. Döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin Zəfəri kimi tariximizə yazıldı.

28 il həsrət qaldığımız qədim Şuşamıza geniş yollar açılıb. Şuşa əzəli sakinlərinə qucuaq açıb. Sınmayan, əyilməyən məğrur Şuşa qapısından qovduğu düşmənə kimliyini sübut edərək, Şuşa dağlarından, Cıdır düzündən sezilən intizara son qoydu və buzlaşmış, donmuş nəfəsinə təbiətin rəngarəngliyi istilik gətirib. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər bu günün gerçəkliyində öz ifadəsini bir daha tapıb. Biz Şuşaya qayıtmışıq.

Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasında əsas faktorlardandır. Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiq olan şəhərdir. Türk dünyasının mədəniyyət paytaxtından estafet islam dünyasına ötürüldü. Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsnadır. Məlumdur ki, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Şuşa bu şərəfli ada layiq görülüb. Təbii ki, üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bura Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, Cabbar Qaryağdıoğlunu, Mirzə Sadıqı, Nəcəf bəy Vəzirovu, Üzeyir Hacıbəylini, Əbdürrəhim bəy Haqverdiyevi və onlarla belə dünyada tanınmış böyük ustadları yetişdirmiş torpaqdır.

"HƏM ŞUŞALILAR, HƏM BÜTÜN AZƏRBAYCAN XALQI BU İLLƏRİ MƏNƏVİ ƏZAB İLLƏRİ KİMİ ÖZ YADDAŞLARINDA SAXLAYIRLAR VƏ SAXLAYACAQLAR"

Mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasiminin keçirilməsi Şuşanın daş yaddaşına hopan bir tarix kimi ədbədiləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbir Alınmaz Qaladan dünyaya bir mesaj oldu.

Otuz iki ildən sonra doğma Şuşaya qayıdan əzəli sakinlər ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır.

"Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirmişdir.

Bildiyimiz kimi, ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini yerlə-yeksan etmiş, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini və s. dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Bəli, işğaldan azad olunan Şuşada qısa zamanda həyata keçirilən yenidənqurma işləri nəticəsində şəhər dünyanın ən gözəl məkanları siyahısında öz layiqli yerini tutacağına şübhə yoxdur. Cənab Prezidentin qeyd etdiyi kimi, "Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir".

İSLAM DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI

Bu gün tarixi dövrünü yaşayan Şuşa yenidən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı ilə dünyaya səsini çatdırdı. 35 yaşını qeyd edən və Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə "Xarıbülbül" festivalı beynəlxalq status alıb. Festivalın bir sıra konsertləri Ağcabədi və Bərdədə təşkil olunub.

Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanı genişlənərək Laçını da əhatə edir. 12 may 2021-ci il tarixində doğma Şuşanın səmasında illər əvvəl olduğu kimi Qarabağ şikəstəsi eşidildi və "Xarıbülbül" festivalına start verildi. Mayın 11-13-də yenidən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı baş tutdu.

Öz növbəsində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfədir. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. "Builki "Xarıbülbül" festivalı bu hadisəyə - Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər", - deyən Prezident onu da bildirib ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.

DİALOQUN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ TÖHFƏ

Yenidən Şuşa "Xarıbülbül" ə sahiblik etdi. 27 Qarabağ atından ibarət süvari dəstənin ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil olması rəmzi məna daşıyırdı. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunurdu. Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən "Səsin gəlsin, Xarıbülbül" mahnısı ilə yekunlaşıb.

Xatırladaq ki, festival mayın 12-də Şuşada, 13-də isə Laçında davam etdirildi. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir. Həm də buraya gələnlər Şuşada aparılan abadlıq quruculuq işləri ilə də tanış oldular.

AZƏRBAYCANLILARIN ƏN SIX YAŞADIQLARI İKİNCİ YAŞAYIŞ MƏNTƏQƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfəri çərçivəsində Turşsu qəsəbəsinin təməlini qoyub. İşğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra Turşsu qəsəbəsi azərbaycanlıların ən sıx yaşadıqları ikinci yaşayış məntəqəsi olub. Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşən qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılmış siyahıyaalmaya əsasən qəsəbədə 755 nəfər yaşayıb. Qəsəbədə fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziya ötürücü qurğusu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və s. binaları olub. İşğal nəticəsində bütün infrastruktur tam dağıdılıb. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.

"HƏR ŞEY ÇOX MÜFƏSSƏL VƏ DƏQİQ, ƏN MÜASİR ŞƏHƏRSALMA QAYDALARINA UYĞUN PLANLAR ƏSASINDA QURULUR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Heydər Əliyev Fondunun "PAŞA Holdinq"in dəstəyi ilə məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. İşğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.

Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.

Bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.

Görülən və görüləcək işlərin məntiqi nəticəsi olaraq Şuşa həyatının işıqlı bir yolundadır. Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya ilk köç edən ailələrlə görüşü zamanı çıxışında bildirdiyi kimi,

"Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217

1Mənbələr

Şərh ()
Bağla