AZ

Qarşılıqlı hörmət və etimad üzərində qurulan əməkdaşlıq

Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

Qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əsas amildir. Mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə növbəti oldu. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə qalxıb. Bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib.
Göründüyü kimi tərəflər əlaqələrin inkişafında maraqlıdır, bunun üçün səylər göstərirlər. İmzalanan hər bir sənəd əməkdaşlıqda yeni bir istiqamət üçün hüquqi baza olaraq gələcək inkişafa öz müsbət təsirini göstərir. Bolqarıstan Prezidentinin budəfəki səfəri çərçivəsində mühüm sənədlər imzalandı ki, bunlardan biri də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”dir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu daim yüksək dəyərləndirilir. Ölkəmizin hər bir layihənin uğurlu sonluqla başa çatdırılmasına göstərdiyi səylər əməkdaşlığa verdiyi önəmin təsdiqidir. Birgə səylər hədəfə yüksək səviyyədə nail olmağa əsas verir. Cənab İlham Əliyev hər zaman çıxışlarında bu hədəfi açıqlayır ki, biz qaz təchizatımızın coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcəyik: “Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq.”
Bolqarıstan Prezidentinin səfəri çərçivəsində görüşlərdə, mətbuata bəyanatda Azərbaycanın artıq 8 ölkəyə təbii qaz ixrac etdiyi bildirildi. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq: “Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.”
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafını bu gün ölkəmizin Slovakiya Respublikası ilə əlaqələrinin inkişafında da aydın görürük. Mayın 7-də ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvarıq ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı. Beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Planda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanıb və buna nail olacağıq.
Azərbaycanda qaz hasilatı artır.Yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanıb.Eyni zamanda, ölkəmizin genişmiqyaslı yaşıl gündəliyi də icra edilir. Bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaq. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq.
Azərbaycanla Bolqarıstan və Slovakiya münasibətlərinin qısa təhlili bunu deməyə əsas verir ki, əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
3
sesqazeti.az

4Mənbələr