AZ

Azərbaycanın həmrəylik, əməkdaşlıq çağırışları beynəlxalq səviyyədə təqdir edilir

Qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı üçün geniş imkanlar yaranır. Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə iki strateji, eyni zamanda, dost ölkənin münasibətlərinin dünəninə, bu gününə nəzər yetirilərək qarşıdakı dövrün hədəfləri açıqlandı.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında 60-dan çox sənəd imzalanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Cənab İlham Əliyev bolqarıstanlı həmkarı ilə mətbuata birgə bəyanatında bildirdi ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Bu məqam da xüsusi qeyd edildi ki, son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.
Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq.
Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir. Nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətidir. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
Azərbaycanın ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğu qarşılıqlı səfərlərin dinamikasında özünü aydın şəkildə nümayiş etdirir. Son günlər bu istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir. Mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitson da ölkəmizdə səfərdə oldu. Baş nazir mətbuata bəyanatında “Cənab Prezident, Siz beşinci dəfə prezident seçilmisiniz. Bu, həqiqətən onun göstəricisidir ki, Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiniz və Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz” fikirləri ilə Azərbaycanın, onun Prezidentinin böyük nüfuza malik olduğunu önə çəkərək əməkdaşlığın inkişafı üçün səylə çalışdıqlarını bildirdi. Onu da qeyd etdi ki, Azərbaycan suveren ölkədir və suverenliyə gəldikdə nümunəvi ölkədir: “Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər.”
Hər iki səfər Azərbaycanın inkişaf modelinin beynəlxalq aləmdə dəstəklənməsinə işıq saldı. Ölkəmiz dayanıqlı inkişafı, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti ilə dünyanın diqqətindədir. Ən əsası Azərbaycanın birlik, həmrəylik, əməkdaşlıq çağırışları beynəlxalq səviyyədə təqdir edilir.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
sesqazeti.az

1Mənbələr