AZ

Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid - Araşdırma

Qərbi

Bakı, 13 may, AZƏRTAC

Qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə mali Azərbaycan xalqı dünya sivilizasiyasına önəmli töhfələr verib. Qədim Azərbaycan dilinin formalaşması onun tarixi köklərinin dünya sivilizasiyasının ilkin çağlarına gedib çıxdığını əyani şəkildə sübut edir. Dünya mədəniyyətinin beşiyi olan şumerlərin dil elementlərinin dilimizdə də mövcudluğu, onların tarixi, milli və mənəvi dəyərlərimizdə əks olunması, keşməkeşli dolaylardan keçib bu günümüzədək gəlib çatması buna aydın nümunədir. Amma bütün bunlara baxmayaraq, dünya tarixində türklər qədər əlifbası dəyişdirilən, müxtəlif tarixi dövrlərdə fərqli mənşəli yazı sistemindən istifadə edən ikinci xalq demək olar yoxdur. Məlum olduğu kimi, Ərəb xilafəti Yaxın Şərq ölkələrinə hücuma keçərək türkləri özünə tabe etdirdikdən sonra ərəb əlifbasını qəbul etdirdi. Dilimizin zənginliyini, fonetik sistemini, özünəməxsusluğunu ifadə etmək imkanından çox uzaq olan ərəb əlifbasına qarşı mübarizənin önündə gedən, yeni əlifba ideyasını böyük ictimai hərəkata çevirən ilk azərbaycanlı, xalqımızın böyük mütəfəkkir oğlu, XIX əsr Azərbaycan elmi, mədəniyyəti və ədəbiyyatı tarixinə dahi şəxsiyyət kimi daxil olmuş, dilimizin varlığı və saflığı uğrunda qətiyyətlə, ardıcıl mübarizə aparmış insan Mirzə Fətəli Axundov olub. Onun başlatdığı bu yolla bir sıra xələfləri işıqlı ideyanın həyata keçirilməsi uğrunda böyük fədakarlıq göstəriblər. 1918-ci ildə Azərbaycan ziyalıları latın əlifbasının qəbul edilməsi üçün təşəbbüs göstərsələr də, buna nail ola bilməmişdilər. Məlumdur ki, bəzi mühafizəkarlar latın əlifbasının qəbul olunmasını istəmirdilər.

Bu fikirlər filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid (1922-1929)” adlı məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “1921-ci ilin yanvarında Azərbaycan Xalq Maarif Komissarlığı yanında əlifba islahatı üzrə Komissiya təşkil edildi. 1922-ci ilin aprelinədək fəaliyyət göstərən komissiya çox mühüm işlər gördü və latın əlifbasına keçid ideyası getdikcə daha real olmağa başladı. 1922-ci ilin mayında Yeni Türk Əlifbası Komitəsi yaradıldı.

Bakıda yaradılmış Yeni Türk Əlifbası Komitəsinin İrəvanda, Tiflisdə və Azərbaycanın başqa şəhərlərində də şöbələri fəaliyyət göstərməyə başladı. 1922-ci ildə yaradılmış bu şöbələr dövri olaraq Bakı Yeni Türk Əlifbası Komitəsinə məlumat və hesabat verirdilər. 1922-ci ilin dekabrında bir qrup İrəvan ziyalısının təşəbbüsü ilə yeni əlifbaya keçmək üçün Mərkəzi Büro yaradılsa da, qurumun fəaliyyəti bir o qədər nəzərə çarpmamışdı. Yalnız İrəvan Rabfakı nəzdindəki Türk şöbəsinin müəllim və tələbələri tərəfindən yeni əlifba dərnəyi qısa müddət ərzində fəaliyyət göstərmişdi. Bir müddət sonra bu dərnək də tənəzzülə uğramış, İrəvanda yaranmış yeni əlifba hərəkatı fəaliyyətsizliyə düçar olmuşdu. Bunun da ən başlıca səbəblərindən biri hazırlıqlı kadrların az olması, heç bir dəstəyin göstərilməməsi və vəsaitin çatışmaması idi.

1924-cü ilin aprelin 28-də Gümrüdə keçirilən azərbaycanlı müəllimlərin qurultayında komitə ziyalılar tərəfindən İrəvan Yeni Türk Əlifbası Komitəsi (YTƏK) adı altında yenidən təşkil olundu. Doqquz azərbaycanlı - Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Əşrəf Yusifzadə, Əziz İlyasov, Mirhüseyn Mirbağırov, Zərri Axundova, Ruqiyyə Mirbağırova, Səcidə Qayıbova və bir erməni Karapet Manukyan komitəyə üzv seçildi. Səməd Qulubəyov, Mirsadıq Mirheydərzadə, Cəfər Əliyev isə komitə üzvlüyünə namizəd oldular. Komitənin iclasında Bala Əfəndiyev sədr, Əziz İlyasov isə katib qismində fəaliyyət göstərmişdilər. Bundan sonra İrəvan YTƏK-in işində ciddi şəkildə dönüş yaranır və bölgələrdə də yeni əlifba şöbələri yaradılaraq fəaliyyətə başlayır.

İrəvan bürosu üzrə Bala Əfəndiyev sədr, Əziz İlyasov katib, Dilican bürosu üzrə Umud Süleymanov sədr, Abbas Əhmədov katib, Ağbaba üzrə Hacı Adurov sədr, Riza İsmayılov katib, Basarkeçər üzrə Teymur Muxtarov sədr, Mehdi Quliyev katib, Zəngəzur üzrə Yusif Abbasov sədr, Yaqub Əjdərov katib, Vedibasar üzrə Həsən Əmirov sədr, İsfəndiyar Babayev katib, Üçmüədzin üzrə Hüseyn Sadıqov sədr, Cəfərəli Əkbərov katib təyin edilirlər. Yerlərdə fəaliyyət göstərən bu büroların sədrləri və katibləri İrəvan YTƏK-in işçiləri hesab olunur və hər biri çox cüzi miqdarda əmək haqqı alırdı. Bu bürolar İrəvan YTƏK-nin direktivlərini və göstərişlərini yerlərdə icra edirdilər.

Bu böyük işlərin başlanğıcında isə 15 yaşından 50 yaşınadək insanların savadsızlığını ləğv etmək lazım gəlirdi. Amma İrəvan YTƏK-in Qərbi Azərbaycan miqyasında yeni əlifbaya keçid prosesini sürətləndirməsinə əngəl törədən əsas amillərdən biri maddi imkansızlıq idi. Bu vəziyyət isə yeni kursların açılmasına imkan vermirdi. Bütün bu çətinliklərə baxmayaraq, İrəvan YTƏK və azərbaycanlı ziyalılar yeni əlifbaya keçidin Türk xalqları arasında böyük ictimai-siyasi, mədəni əhəmiyyət daşıdığını aydın dərk edir, bu islahatın həyata keçirilməsi istiqamətində bütün mümkün vasitələrdən yararlanmağa çalışırdılar. Bakı YTƏK-in və şəxsən Səməd Ağamalıoğlunun maddi dəstəyi, həmçinin qayğısı sayəsində İrəvan ziyalılarının “savadsızlığı ləğvetmə” hərəkatı daha geniş vüsət almışdı. İrəvanda və bölgələrdə yeni əlifbaya keçid kampaniyasını daha da genişləndirmək üçün 1924-cü ilin mayında Bakı YTƏK-in sədri Səməd Ağamalıoğlu tərəfindən ilkin kömək üçün İrəvan YTƏK-ə 1000 manat pul vəsaiti göndərilmişdi.

1924-cü ilin oktyabrında İrəvan YTƏK azərbaycanlı məktəblərində dərslərin yeni əlifba ilə keçirilməsi haqqında dekret imzalamışdı.1925-1926-cı tədris ilində Qərbi Azərbaycanda birinci dərəcəli 115 azərbaycanlı məktəbində dərslər tamamilə yeni əlifba ilə keçirilməyə başladı. Bakıda başlanan və bütün türk respublikalarını, o cümlədən Türkiyəni hərəkətə gətirən yeni əlifba ideyasını İrəvanda və bölgələrdə getdikcə daha geniş və qətiyyətlə tətbiq edirdilər. Zaqafqaziya, o cümlədən sovet respublikaları yeni əlifbaya keçmək üçün Bakıda qurultay çağrılmasına hazırlaşırdı. Bu prosesə İrəvanda Ermənistan KPMK-nın nəzdində fəaliyyət göstərən Azsaylı xalqlar şöbəsinin müdiri, İrəvan YTƏK-in sədri Bala Əfəndiyev rəhbərlik edirdi. 1926-cı il fevralın 22-də İrəvan YTƏK tərəfindən çağırılan fövqəladə konfrans açılmışdı. Səməd Ağamalıoğlu, Lunaçarski, Kalinin və başqaları konfransın fəxri sədrləri seçilmişdilər. Konfransı İrəvan YTƏK-in sədri Bala Əfəndiyev açmışdı. Konfransda, həmçinin 1926-cı il fevralın 26-da Bakıda keçiriləcək Birinci Türkoloji Qurultaya nümayəndələr seçilmişdi. Sonra isə konfrans belə bir şüarla işini yekunlaşdırmışdı: “Yaşasın türk-tatar zəhmətkeşlərini birləşdirəcək asan və ümumi ədəbiyyat təməlini quracaq yeni türk-tatar əlifbasına əsas olacaq Türkoloji Qurultay”. Qurultayın nümayəndələri arasında Bala Əfəndiyev, Mustafa Hüseynov və Dilicandan olan Əziz İlyasov da var idi. Amma “Zəngi” qəzeti 1926-cı il fevralın 29-da professor H.Acaryanın da qurultayda iştirak etdiyini bildirir. Bala Əfəndiyev və Hraciya Acaryan qurultay nümayəndələri kimi siyahıya alınmışdılar. Ancaq Mustafa Hüseynov və Əziz İlyasov qurultayın rəsmi nümayəndələri siyahısına daxil edilməmişdilər. H.Acaryan qurultayda “Türk dilinin erməni dilinə təsiri” haqqında məruzə etmiş, erməni dilində 4000 türk sözünün olduğunu göstərmişdi.

Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (MİK) və Xalq Komissarları Soveti (XKS) 1928-ci ilin iyulun 28-də qərar qəbul etdi ki, 1929-cu ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda və başqa respublikalarda yeni əlifbaya keçilsin. Amma bir məsələni də qeyd etmək yerinə düşər ki, Azərbaycanın özündə də heç Azərbaycan MİK və XKS-in yeni əlifbanı qəbul etmək, 1929-cu il yanvarın 1-dən tamamilə yeni əlifbaya keçmək qərarı verilməmişdi. Çünki buna mərkəzi hökumət mane olurdu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1

1Mənbələr

Şərh ()
Bağla