1970-ci illərdə elm adamları qaranquşların fasilə vermədən kifayət qədər uzun müddət havada uça biləcəyini irəli sürdülər.

İndex.az xəbər verir ki, bu nəzəriyyə 2016-cı ilə qədər təsdiqlənməsə də, İsveçin Lund Universitetinin bir qrup araşdırmaçısı 13 yetkin qaranquşu araşdırmaq qərarına gəlib.

Tədqiqatçılar uçuş fəaliyyətini qeyd etmək üçün akselerometrləri olan məlumat yaddaşından və məkanın aşkarlanması üçün işıq səviyyəsi sensorlarından istifadə ediblər.

Bir neçə il izlənilən bu quşlar qış aylarında İsveçdən Saharanın cənubuna köç edib. Əldə edilən nəticələr, demək olar ki, nəzəriyyələri təsdiqlədi.

13 qaranquşdan 3-ü ilin cəmi 2 ayı çoxalmaq üçün quruda olub. Qalan 10 ay ərzində səmada uçmağa davam edib.

Bu quşların orta hesabla 40 qram ağırlığında olduğunu nəzərə alsaq, 10 aylıq havada qalmaq onlar üçün böyük bir uğur idi.

Tədqiqatçılar bu 3 quşla digər 10 quş arasındakı fərqə baxmaq istədikdə təəccüblü bir nəticə ilə qarşılaşdılar. Qısamüddətli uçuşlar həyata keçirən, havada olduğu kimi quruda da vaxt keçirən qaranquşların qanad tüklərində heç bir dəyişiklik olmayıb.

Ancaq 10 ay uçmağa davam edənlər tüklərini itirib və yeniləri ilə əvəz olunub. Alimlərin fikrincə, canlıların lələk dəyişikliyinə məruz qalıb-qalmaması onların uçuş vaxtı ilə düz mütənasib olub.

Bəs bu qaranquşlar bu qədər uzun müddət havada qalmağı necə bacarır?

Fiziki fəaliyyətlər müəyyən miqdarda enerji tələb edir, lakin qaranquşların uzun uçuşlar zamanı daha az enerji sərf etmək üçün uyğunlaşması var. Bundan əlavə, onların uzun və dar qanadları aerodinamik bədən forması ilə birlikdə bu performansı təmin edir.

“Bu canlılar heç vaxt yatmırlar?” deyirsinizsə, bu sualın cavabı hələ də bəlli deyil. Alimlər təxmin edirlər ki, qaranquşlar hazırda freqat quşları kimi havada üzərkən yata bilirlər.