AZ

"23 gündə 800 manatı keçməlidir" — Saatlıq maaş sistemi tətbiq olunacaq?

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu, bir çox ölkələrdə tətbiq olunan sosial normadır:



“Xüsusən Avropa ölkələrində, ABŞ-da və  başqa ölkələrdə saatlıq ödəniş sistemi tətbiq olunur. Hər ölkədə bu, fərqlidir. Məsələn, elə ölkə var ki, orada bir saatı 10 avro, eləsi də var ki, 45 avrodur. Bəzi ölkələrdə bu məbləğ bir qədər aşağıdır. Azərbaycan da bu barədə uzun illərdir fikirləşir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu kimi  təkliflərin hazırlanması ilə bağlı işlərin getməsindən xəbərim var. Amma nə vaxtsa tətbiq olunacaq, olunmayacaq, deyə bilmərəm. Əgər bu gün bir şəxsə saata 5 manat təyin olunsa, bu, 8 saata 40 manat edir. Deməli, 13 gündə 400 manat, 23 gündə 800 manatı keçməlidir. Biz hələ ki buna hazır deyilik. Məsələn, bunu 2 manat eləmək olar ki, bu da kifayət qədər kiçik rəqəmdir. Hər halda bu barədə fikirləşilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biz də İctimai Şura üzvü olaraq ilkin qeyri-rəsmi müzakirələrdə iştirak etmişik. Əvvəl-axır Azərbaycan bu saatlıq tarif sisteminə keçəcək. Amma nə vaxt olacağını demək mümkün deyil”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
1
demokrat.az

1Mənbələr