AZ

Azərbaycan Prezidenti Şuşaya nəfəs verdi - Deputat

Müstəqilliyin bərpasından sonra ölkədə yaranan siyasi xaos, hakimiyyət davasının nəticəsində torpaqlarımızı itirdik və böyük bəlalarla üz-üzə qaldıq. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müstəqilliyin itirilməsi ilə bağlı təhlükə sovuşdu. Lakin, baş verən proseslərin ağır nəticəsini aradan qaldırmaq üçün zaman lazım idi. Ulu Öndər Heydər Əliyevin başladığı siyasi kursun davamında Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qalib dövlətə çevirməyi bacardı. Qələbəyə qədər işğal günlərini və xalqımızın başına gətirilən oyunlarla bağlı tarixləri ürək ağrısı ilə yad edib bir gün ədalətin bərpa olunacağına ümid bəsləyirdik. Azərbaycanın qüdrətli Prezidenti və qəhrəman ordusu buna müvəffəq oldu. Artıq qələbələrə və uğurlara öyrəşmiş xalqıq. Hər dəfə yeni bir nailiyyət əldə edildikdə xalqımız qürurla izləyir. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümündə Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilən ərazilərə səfəri, sakinlərlə görüşlər bu bu qəbildən olan qürurlu hadisədir.


Bu səfəri bir neçə istiqamət üzrə xarakterizə edə bilərik. Birincisi, Ulu Öndərin arzusu, vəsiyyəti olan Şuşada Şuşaya yeni köçmüş Şuşalılarla görüşdür. Bu, ata vəsiyyətini reallaşdıran Ali Baş Komandanın mənəvi dəyərlərə bağlılığını, Azərbaycançılıq ideologiyasını simvolizə edir. Həmin gün bütün Azərbaycan xalqı qəlbən Şuşaya köçdü. İşğalın başa çatması və məcburi köçkünlərin öz obasına qayıtması üçün böyük işlər görmüş Ulu Öndərin ruhu şaddır.


Şuşa səfərində diqqət çəkən ikinci məqam isə cənab Prezidentin verdiyi ciddi siyasi mesajdır. Azərbaycanın gücü və regional liderliyindən bəhs edən Ali Baş Komandan əlavə etdi ki, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. ATƏT-in Minsk qrupunun 28 ildəki fəaliyyətinin Azərbaycan xalqına qarşı yönəldildiyini və onların yalançı vədləri və fəaliyyətsizliyinin təsadüfi olmadığını qeyd edən Prezident İlham Əliyev onları bir daha ifşa etdi. Fransa və Amerikaya bilməli olduqları əsas məsələni bir daha və aydın şəkildə bəyan etdi - bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Azərbaycan Prezidenti ədalətə və beynəlxalq hüquqa əsaslanaraq hər bir qüvvənin aydın şəkildə başa düşəcəyi şəkildi bildirir ki, bizə məxsus torpaqlarda söz sahibi bizik. Prezident onu da vurğuladı ki, revanşistlərin öz havadarlarına güvənib baş qaldırdığını görsək, heç kim bizim qabağımızda dura bilməz.


Son günlərin ən yadda qalan hadisələrindən biri də “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalıdır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Bu gün Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır və Azərbaycan mədəniyyəti bura qayıdıb. Dünyada baş verən ədalətsizliyin nəticəsində Şuşa 30 ilə yaxın işğal altında qaldı. Azərbaycan ordusu şücaət göstərib bu əziz torpağı azad etdikdən sonra mədəniyyətimizin gözü olan Şuşa cənab Prezidentin də dediyi kimi, əyilməz ruhumuzun rəmzinə çevrildi. “Əziz Şuşa, biz səni dirçəldəcəyik” deyən Azərbaycan Prezidenti Şuşaya nəfəs verdi. Bundan sonra bizə aid torpaqlarda mədəniyyətimizlə, tariximizlə, mənəvi dəyərlərimizlə yaşayacağıq.


Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
2

1Mənbələr

Şərh ()
Bağla