AZ

Yenidən dirçələn Şuşa qəhrəmanlığın, zəfərin, sülhün rəmzinə çevrilir 

Azərbaycan Prezidenti İlham Əliyevin demək olar ki, ictimaiyyətlə hər bir görüşündə,  çıxış, bəyanat və müsahibələrdə səsləndirdiyi fikirlər tək Azərbaycanın deyil,  bütün Cənubi Qafqaz regionunun dünəni, bu günü və gələcəyinin dərin təhlili obyektinə çevrilir. Bu dəfə də dövlətimizin başçısı əsl tarixi hadisədə - Şuşaya qayıdan ilk  sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində şəxsən iştirak etmək üçün işğaldan azad edilmiş Şuşaya səfər edəndə baş verdi.

“Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim. Həqiqətən də,  dövlət başçısı İlham Əliyevin tarixi əhəmiyyətini qiymətləndirmək mümkün olmayan bir məqama ildən-ilə, addım-addım, məqsədyönlü şəkildə hazırlaşmasına bir daha heyran olmaq olar. Bu məqam Ermənistanın hazırkı rəhbərliyinin və dünyanın müxtəlif ölkələrində ona dəstək verən qüvvələrin təhrik etdiyi 44 günlük müharibə zamanı yarandı. Cənab İlham Əliyev  bununla bağlı bildirdi ki, “Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik.

Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil.

Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.” O, haqlı olaraq hələ də Ermənistanı, yəni işğalçı ölkəni dəstəkləmək mövqeyində olan ABŞ və Fransanı, xüsusi ilə Fransanın prezidenti  Makronun dağıdıcı rolunu  qeyd edərək rəsmi Parisə çox aydın mesaj göndərdi. “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”. Əminəm ki, Paris və İrəvan çoxdan başa düşürlər ki, dövlətimizin başçısı həmişə dediyi hər sözə görə məsuliyyət daşıyır.  

Fransa  regionda yeni müharibənin qızışdırılmasına yönəlmiş açıq-aşkar təxribat xarakterli addımlarını dayandırsa, daha yaxşı olar. Yeri gəlmişkən, rəsmi Parisin vəziyyəti yaxşılaşdırmaq və geri qaytarmaq üçün çoxlu imkanları var idi. Lakin hazırda Fransa və onun  prezidenti  Cənubi Qafqaz regionunda inkişafın mahiyyətini və perspektivlərini,  Azərbaycanın yaratdığı yeni reallığı  dərk edə bilmir. Əfsuslar olsun ki,   tək onlar deyil, 90-cı illərdə hakimiyyətə gəlməyə can atan AXC-Musavat cütlüyü, hazırda özünü radikal müxalif qüvvə adlandıran  kiçik bir dəstə də ölkəmizin  bu möhtəşəm Qələbəsinə sevinmirlər. Ölkə başçısının dediyi kimi: “ o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar”. Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıda Ümummilli Lider Heydər Əliyev  Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər.

Dahi Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki,xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. "Əsrin Müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Və qısa müddətdə, ərazisinin 20%-dən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünün vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bölgənin ən güclü ölkələrindən birinə çevrildi. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı. Əslində, ölkənin hərbi müdafiəsini sıfırdan yaratmaq, ordunun peşəkarlıq səviyyəsini gücləndirmək üçün yüksək keyfiyyətli  mütəxəssislər hazırlamaq lazım idi. Bütün bunlar praktiki olaraq sıfırdan başlanıldı, heç kimin dəstəyi olmadan həyat keçirilirdi. Əlbəttə ki, Prezident İlham Əliyevin də dediyi kimi: “1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi”.  Azərbaycan bundan  istifadə edərək, iqtisadi, hərbi imkanlarını artırdı, hüquqi baza yaratdı, Beynəlxalq səviyyədə bir çox dövlətlər və beynəlxalq təşkilatlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz də daxil olmaqla ərazi bütövlüyümüzü tanıdılar. Və nəhayət, zaman yetişdi, biz öz torpaqlarımızı işğaldan azad etdik. 

 Şuşanın azad edilməsi “Dəmir yumruq” adlı əməliyyatın ən mühüm mərhələsi oldu.  Azərbaycan ordusunun peşəkarlığı, fədakarlığı, cəsurluğu nəticəsində  ədalət bərpa olundu. 2020-ci il noyabrın 8-də isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın  azad edilməsi ilə bağlı xalqa müjdə verdi: “Əziz Şuşa, sən azadsan, əziz Şuşa, biz səni dirildəcəyik!” Bu gün isə bu möhtəşəm şəhərin ilk sakinləri artıq işğaldan azad edilmiş, dirçəldilmiş Şuşaya qayıdırlar. Onlar əbədi olaraq qayıdırlar. Onlar əsgərlərimizin qəhrəmanlığı, dövlətimizin başçısının parlaq zəfər strategiyası sayəsində qayıdırlar.

28 il yarım qədim tarixi Azərbaycan şəhəri  işğala baxmayaraq, öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Şəhər öz əyilməzliyi, sədaqəti ilə  mübarizə apardı. Erməni işğalçıları  hər yanı dağıtsa da, tarixi abidələri məhv etməyə, saxtalaşdırmağa çalışsa da Şuşa mətanətlə dayandı. İndi Şuşa təkcə, Azərbaycanın deyil, bütün Qafqazın incisi, Türk və İslam dünyasının mədəniyyət paytaxtıdır. Bu isə bütün işğal altında olan ərazilərimizin  azad ediləcəyinə hər zaman inanan və buna nail olan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq düşünülmüş və həyata keçirilən strategiyası, rəşadətli ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhid və qazilərimizin igidliyi sayəsində baş verdi. Bu gün dünyanın hansı  yerində yaşamasından asılı olmayaraq hər bir  azərbaycanlının baş dik, alnı açıqdır, Azərbaycanlı olması ilə fəxr edir. 
 

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
2
sabahinfo.az

3Mənbələr