AZ

İCESCO-nun baş katibindən Şuşadan çağırış: Əsl mədəniyyət anlayışı...

VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa-İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi növbəti dəfə yaddaşlara həkk olunan tarixi hadisələrdən biri oldu. Musiqi Festivalında İCESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı bu xüsusda vacib əhəmiyyət kəsb edir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və İCESCO səviyyəsində Azərbaycana verilən dəstəyin bir nümunəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, İslam ölkələrinin məhz bu kontekstdə həmrəyliyi Azərbaycan üçün önəmlidir:

“Bu, həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının İCESCO və İslam Əməkdaşlıq təşkilatı tərəfindən nə dərəcədə mənfi qarşılandığını ifadə edən konkret mesaj idi. Məhz bu kontekstdə Azərbaycana verilən dəstək açıq şəkildə ifadə olundu. Bu, vacib amildir. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə də həmin qurumlardan ölkəmizə birmənalı dəstək verilib. İCESCO baş katibinin Şuşa festivalda çıxışı da olduqca diqqətçəkən idi. Baş katib sanki azərbaycanlı duyğusu ilə çıxış edirdi”.

Fazil Mustafa hesab edir ki, bu kimi yanaşmalar onların Azərbaycanla nə dərəcədə səmimi, həmrəy olduğunu göstərən faktorlardır:

“İCESCO-nun əslində bu yanaşması YUNESKO-dan nə qədər fərqli bir mövqe sərgilədiklərini göstərdi. Əsl mədəniyyət anlayışının necə olacağı bir daha onlara xatırladılmış oldu”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas da hesab edir ki, İCESCO-nun baş baş direktoru Salim bin Məhəmməd əl-Malikin Şuşada keçirilən “Xarıbülbül musiqi festivalında iştirakı əlamətdar hadisə idi:

"Bu yüksək qiymətə layiq addımdır. Şuşa İslam, Türk dünyasının mərkəzinə çevrilib”.

Aqil Abbas bildirib ki, bu dəfəki festivalda İslam ölkələrinin əksəriyyətindən mədəniyyət xadimləri iştirak edirdi:

"Onlar öz ifaları, səmimi davranışları ilə festivala rəng qatdılar. Qonaqlar həmçinin Şuşanın necə bir tarixi yer olduğunu gördülər. İCESCO-nun baş katibi də çıxışında Şuşada anadan olmuş məşhur mədəniyyət, incəsənət xadimlərinin adlarını bir-bir sadaladı. Bu, müasir tariximiz üçün sevindirici bir hal idi”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
teleqraf.com

1Mənbələr