AZ

"Artıq Şuşanın yeni bir tarixi başlayır"

Bu gün qürur və fəxrlə qeyd edirik ki, otuz iki ildən sonra vətəndaşlarımız doğma Şuşaya qayıdaraq öz ata-baba ocaqlarına dönə biliblər. Əlbəttə ki, bu qayıdış böyük bir qayıdış olaraq Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, əziyyəti hesabına əldə olunan böyük bir qayıdışdır. Biz artıq bütöv bir Azərbaycanda yaşayırıq. 

May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın məhz Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.  Ölkə başçı sakinlərlə görüşdə qeyd edib ki, \"Bu gün bizim qürur mənbəyimiz olan  Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”.
Bu gün qürur və şərəflə qeyd edirik ki, doğma Azərbaycanımız iqtisadi cəhətdən eləcə də güclü ordu potensialını yaradaraq dünya ölkələri sırasında öndə olan bir dövlətə çevrilə bilib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı olan cənab prezidentimiz bu gün hər bir azərbaycanlının sözün həqiqi mənasında böyük qarantıdır.    

Sözsüz ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində əldə olunan qələbə sevinci ilə əbədi olan Zəfər tarixi ilə fəxr edir və edəcəkdir. O tarixi günlərin sevincini bölüşən ölkə başçısı şuşalılar qarşısında çıxışı zamanı deyib: \"Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər”. 

Ali Baş Komandanın qürurlu nitqini dinləyərkən qəlbim fərəhlə dolur. Çünki  mənim övladım İlqar Burcəliyev də torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən bir Vətən oğludur. 

Bir şəhid atası olaraq övladımın canı və qanı bahasına əldə olunan qələbənin sevinci qəlbimi hər zaman qürurlandırır. Hər bir azərbaycanlının doğma yurdlarımızda azad və firavan yaşamasını görmək qədər sevincli hisslərin xoşbəxtliyi izah olunmazdır. 
Bəli 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Məhz bu tarixin əsas qələbəsi isə Şuşanın azad olunması idi. Ali Baş Komandanın da dediyi kimi: \"Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”. 

Artıq Şuşanın yeni bir tarixi başlayır. Buraya köçən hər bir ailə öz doğma yurdunda qurub-yaradacaq, Vətənin fövqündə qürurla addımlayacaq. 
Yaşasın müstəqil Azərbaycan !!!

Vüqar Burcəliyev
Abşeron rayonu, Şəfəq qəsəbəsi üzrə Mənzil İstismar Sahəsinin rəisi, şəhid İlqar Burcəliyevin atası
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
5
azxeber.com

6Mənbələr