AZ

Bizdən ayaq kəsən gözəl - Tərlanə Yaqubqızı yazır

Dünən analar günü imiş. Həmişə  sovetdənqalma adam kimi elə hesab etmişəm ki,  analar günü elə 8 mart Beynəlxalq qadınlar  günü  deməkdir. Tərs kimi işdə də başım bərk qarışıq olduğundan telefona baxmağa macal tapmamışam.  Axşam gördüm ki, mənə bu münasibətlə  ilk təbriki yazan bizim sevimli Natella xanım olub.  Eyni anda həm sevindim, həm də utandım. Axı Natella xanımı  əslində mən təbrik etməliydim. Çünki Natella Musayeva uzun illər çalışdığı Milli Kitabxanada hamımızın anası olub.

Kitabxanada işlədiyim ilk gün mənimlə elə səmimi  söhbət etmişdi ki, elə bildim illərdir bu mehriban, gözəl xanımı tanıyıram. Mədəni- kütləvi tədbirlər şöbəsinin müdiri idi. Bu vəzifəyə gələnə qədər o,  müxtəlif şöbələrdə işləyib və həmişə də işinin, ona verilən tapşırıqların öhdəsindən layiqincə gəlib. Bu səbəbdən əməkdar mədəniyyət xadimi  adına da layiq görülüb. 

Natella  Musayeva 1945- ci il fevralın 15- də ziyalı ailəsində dünyaya gəlib. Əvvəl Bakı Mədəni- maarif məktəbində, sonra  Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb.  Aramızda yaş fərqi olsa da mən də həmin təhsil ocaqlarının məzunu olduğumdan həmişə söhbətimiz tutur, ötüb- keçən tələbəlik illərini, sevimli müəllimlərimizi xatırlayardıq.  Natella xanım zarafatla deyirdi ki, mən bu kitabxanaya gələndə hörükləri olan balaca bir qız idim,  amma indi burada məndən yaşlı adam yoxdur. Mən də cavabında deyirdim ki, siz hamımızdan cavansınız. Bu sözümdə nə pafos, nə də mübaliğə vardı. Çünki onda olan gənclik enerjisi heç vaxt tükənməmişdi. Bir dəfə Milli Kitabxanada məhz onun təşəbbüsü və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Mən o tədbirdə əslində başqa şeirlə çıxış edəcəkdim. Amma Natella xanımın elə bu tədbirə hazırlaşarkən gözlərimiz qarşısındakı fədakar işi, çalışqanlığı, canfəçanlığı, qayğısı məni necə duyğulandırdısa, bir də gördüm ki,  ona şeir yazmışam.
    
     ...Yıxılmayaq bu həyatda, yollarımız daş- kəsəksiz,  hamar olsun!
       Deyirəm ki, qəlbimizdə elə Natella xanım tək
       kaş həmişə sevgi olsun, bahar olsun.
       Yansın bayram şamlarımız  yenə Novruz  süfrəsində,
     Yaşayaq biz,  yaradaq biz elə gənclik həvəsində!

   

Şeiri bitirər- bitirməz Natella xanım auditoriyanın gözü qarşısında məni ana kimi qucaqlayıb  öpdü və təşəkkürünü  bildirdi. Başda hörmətli direktorumuz professor  Kərim Tahirov olmaqla hamı şeiri bəyənib alqışladı. Əslində bu alqışlar Natella xanımın ünvanına idi. Mən o dəqiqələrdə həmişə şən, gülərüz olan Natella xanımın necə kövrəldiyini hiss etdim. 

Natella xanımın növbəti dəfə kövrəldiyini onun 70 illiyinə həsr etdiyim yazını oxuyanda gördüm. Amma nə qədər israr etsəm də yazını mətbuatda dərc etməyə razılıq vermədi. Çünki  o,  təvazökar, sadə insandır. Onun peşəkarlığı, zəhmətsevərliyi o  qədərdir ki, sanırdım hələ uzun illər bizimlə çiyin- çiyinə işləyəcək . Amma necə deyərlər, sən saydığını say... 

Bəşəriyyətə qəfil bəla kimi gələn pandemiya hamını pərən- pərən saldı. Mənim üçün əsl bəla xəstəliyin özü yox,  sevimli işimdən və iş yoldaşlarlmızdan ayrılmağım idi. O günlərdə evdə işsiz qalmaqdan dolayı darıxdığımdan  həkimlərə qibtə edir, vaxtında tibb universitetində oxumadığıma təəssüf edirdim. Öncədən də yazdığım kimi halbuki  öz işimi sevir,  Natella xanım kimi  gözəl əməkdaşlarımızla bir müəssisədə  çalışmaqdan qürur duyurdum.

Deyirlər, qara günün ömrü az olar. Şükür olsun ki, yenə də öz düzənimizə qayıdıb iş həyatımıza geri döndük. Amma pandemiyadan sonrakı ilk iş günündə sevincim kədərlə əvəz olundu:  Natella Musayeva artıq işdən çıxmışdı. Bu, mənim üçün çox gözlənilməz oldu. Neçə ay  onun işlədiyi şöbənin qarşısından keçəndə elə bilirdim qəfildən qarşıma çıxıb mənimlə görüşəcək, yenə hal- əhvalımı soruşub özünəməxsus şirin təbəssümü ilə könlümü sevindirəcək. Amma təəssüf...

Natella xanımın basısı professor Bella Musayeva oxucu kimi kitabxanamıza gələndə elə bilirəm yenə  Natella xanımı görürəm, özümü elə xoşbəxt hiss edirəm ki... 

Az qala yadımdan çıxmışdı, Natella xanımın qəşəng rəqs etməyi də var. Heç kəsin xeyir işindən də qalmaz. Toyda- nişanda rəqqasələr kimi süzür. Əsl Azərbaycan xanımı kimi mədəniyyəti, kübarlığı, ədəb-ərkanı öz yerində.

Bir neçə dəfə telefonla danışmışıq, xahiş etmişəm ki, vaxt tapanda kitabxanaya gəlsin. Amma  gəlmir. 

Sizin üçün çox darıxmışam, Natella xanım!

Şeytanın qıçını sındırıb heç olmasa bircə dəfə kitabxanaya gəlin!

Gəlişinizlə işığımız artsın, üzümüz gülsün, könlümüz isinsin.

Heç olmasa, bircə dəfə...

Hamımızın anası!

Bizdən ayaq kəsən  gözəl...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
adalet.az

10Mənbələr